Məhkəmə qərarları › İş №3(056)-2209/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2209/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2209/2025 16.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Sabirabad rayonu, Nizami kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Nizami kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu, Nizami kəndində ucadan nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X4 inzibati xəta haqqında tərtib etdiyi protokolun səbəbləri və əsası haqqında bildirdi ki, vətəndaş Şəxs sosial şəbəkədə yayılmış videonun rəylər bölməsində polisin gördüyü işlərin pula qarşılıq olması barədə rəy yazması barədə daxil olmuş məlumat əsasında polis nəfərləri Zahid Rəcəbli və Ruslan Vəliyev xidmət etdikləri onun yaşadığı kənddə Şəxs aşkar edib ona yaxınlaşmış, yazdığı rəylə bağlı onunla profilaktik söhbət aparılması üçün onu şöbəyə dəvət etmişlər. Şəxs müstəqil şəxs olduğunu, rəy yazmaqda azadlığı olduğunu bildirib özünə haqq qazandırmış, polislərə bu barədə məlumat verən şəxslərin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları onu intizama dəvət etsələr də, o, hərəkətlərini davam etdirmiş, bundan sonra şöbəyə gətirilməsi təmin edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, qeyd edilən rəyi yazmasına görə özünü təqsirli bilir. Həmin əməlinə görə peşmandır. Lakin o, işlədiyi Bakı şəhərindən zəng əsasında əvvəl yaşadığı kəndə, daha sonra isə şöbəyə gəlmişdir. Qeyd edilən polis əməkdaşları ilə arasında hər hansı söhbət, münasibət olmamışdır. Hazırda barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 bildirdi ki, o, digər polis nəfəri Ruslan Vəliyevlə birə Nizami kəndində xidmətdə olarkən onlara həmin kənd sakini Şəxs sosial şəbəkədə yayılmış videonun rəylər bölməsində polisin gördüyü işlərin pula qarşılıq olması, polis haqqında mənfi rəy yazması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında şəxsi aşkar edib ona yaxınlaşaraq özlərini təqdim edib yazdığı rəylə bağlı profilaktik söhbət aparılması üçün onu şöbəyə dəvət etmişlər. Lakin həmin şəxs düzgün edib rəy yazdığını, rəy yazmaqda müstəqil olduğunu bildirib onlara məlumat verən şəxsin ünvanına nalayiq ifadələr işlətməyə başlamış, onu intizama dəvət etsələr də, o, hərəkətlərini davam etdirmiş, bundan sonra şöbəyə gətirilməsi təmin edilmişdir. Məhkəmə iclası zamanı digər şahid qismində dindirilmiş X3 oğlu şahid X5 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə izahatı dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki iş üzrə barəsində inzibati icraat aparılan şəxsin əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi faktı öz təsdiqini tapsa da, onun əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmişdir. Məhkəmə, şahid ifadələrinə münasibətdə Şəxs ifadəsini özünü müdafiə, məsuliyyətdən yayınma xarakterli ifadə olaraq qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Nizami kəndində polis əməkdaşları ilə mübahisə etməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə hörmətsizlik etdiyini başa düşmüş və bunu arzu etmişdir. Bu hal şahid ifadələri ilə öz təsdiqini tapmaqdadır. Bununla da o, İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin, məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması faktı sübuta yetirilməmişdir. Göründüyü kimi Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamasının nədən ibarət olması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektivdən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Lakin hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatlarından görünür ki, Şəxs polis işçilərinin hər hansı bir qanuni tələbinə qəsdən tabe olmaması faktı müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən «onu intizama dəvət edən polis əməkdaşının qanuni tələblərinə tabeçilik etməmə» halı üzrə inzibati xəta tərkibi Şəxs hərəkətlərində mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, X1 barəsində olan hazırkı işin İXM-nin 535.1-ci maddəsi ilə olan hissəsinə xitam verilməlidir. Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı onun özünün izahatı ilə tam sübuta yetirilmişdir. Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini mövcud olan ictimai qaydanı heç saymaqla etdiyi davranışı nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (inzibati cərimə növündə tənbehlə) deyil, yalnız inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və İXM-nin 31.4-cü maddəsinin tələbini nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tutma haqqında protokola görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində tutulmuş, xx.xx.2025-ci il tarixdə, saat 16:30-da azad edilmişdir. Lakin göründüyü kimi, o, azad edildikdən sonra polislərin nəzarəti altında məhkəməyə təqdim edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbs etmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən, saat 20:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və o, 05 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbs etmə müddətinin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar