Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-224/2024 09.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X3 iştirakları ilə, xx xxxx 1994-cü ildə Sabirabad rayonunun Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, tələbə, subay, Sabirabad rayonunun Nərimankənd kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs yaşadığı Sabirabad rayonunun Nərimankənd kəndində əmisi evinin həyətində xx.xx.2023-cü il tarixdə əmisi arvadı Zərərçəkmiş şəxs ilə mübahisə edərək onu döymüş və nəticədə onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, O, ADSU-da avtonəqliyyat ixtisası üzrə tələbədir. Çox vaxt Bakı şəhərində Bakı şəhərində Novxanı qəsəbəsində özlərinə məxsus 41 saylı evdə yaşayır və bəzi hallarda kəndə gəlir. Əmisigilin yaşadığı ev ona məxsusdur. Həmin evlə bağlı əmisi arvadı Mayisə onunla hər dəfə kəndə gələndə mübahisə yaradır və ona onu şərləyərək tutduracağını bildirir. xx.xx.2023-cü il tarixdə əmisinin yaşadığı evin küçə hissəsində söhbət edərkən Mayisə əlində daşla onun üzərinə cummuş, ona tüfəngi olduğunu, onu vuracağını bildirmişdir. O, qorxusundan oradan qaçaraq uzaqlaşmış, sonra da Bakı şəhərinə getmişdir. O, Mayisəgilin evinin həyətinə keçməmiş, nə də Mayisəni vurmamışdır. Ona görə də özünü təqsirli bilmir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, Sabirabad rayonunun Nərimankənd kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı evdə gəlin gəldiyi zamandan yaşamış, həmin evdə uşaqları doğulmuş, həmin evdən də uşaqlarını gəlin köçürmüşdür. Yunis onun bilmədiyi hər hansı formada evin qaz və işıqla bağlı müqavilələrini öz adına rəsmiləşdirmişdir. Bundan o, əri əilə Yunisin söhbətindən şübhələnmiş, dəqiqləşdirmək üçün işıq kartına pul yükləmiş, abonent adında Yunisin çıxmasını görmüşdür. xx.xx.2023-cü ildə qudası Solmazın həyətində yas mərasimində olarkən Yunis ona zəng edərək söyüşlər söymüş, o, qardaşları eşitməsin deyə telefonu söndürmüşdür. Bundan sonra yaşadığı evə qayıtmış, evin həyətinə daxil olan zaman Yunis onun qarşısın kəsib səbəbsiz yerə yenə onu söyüb başına yumruqla vurub itələyən zaman üz nahiyyəsi küçə qapısına dəymişdir. Onun səsinə qızı Gülsuma Cəbrayılova gəlmiş, Gülsuma gələndən sonra Yunis oranı tərk edərək getmişdir. Hazırda o, şikayətçidir və Yunis barəsində sərt tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır. xx.xx.2023-cü ildə eyvanda olduğu zaman görmüşdür ki, anası qışqırır. O, anasının qışqırıq səsinə anasıgilin həyətinə qaçmış, çatanda görmüşdür ki, Yunis anasının saçından tutub başını qolunun altına salmışdır. O, çatanda anası Yunisin əlindən çıxıb qaçmışdır. Anasının üzü cırıqcırıq idi, başı da şişmişdi. O, anasının yerə düşmüş yaylığını əyilib götürəndə Yunis ona “bir gün sənin də həyətinə belə gələcəm” demişdir. Bundan sonra Yunisi anası gəlib aparmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi ƏliyevMirzəli Əli oğlu izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 05 yanvar 2024-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarı əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmış, işin icrası ona həvalə edilmiş və o, müvafiq protokolu tərtib etmişdir. Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 05 yanvar 2024-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. 05 yanvar 2024-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarda əksini tapmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ təpəgicgah mahiyyəsində qançır, sol çənə bucağı proyeksiyasında sıyrıq KÜT əşyanın(ların) o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən əllə yetirilmə zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə izahatları dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs döyüb sağlamlığına zərər vurmayan xəsarət yetirərək Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli olması 05 yanvar 2024-cü il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarı, bunu tamamlayan ekspert rəyi, inzibati xəta haqqında protokol, şahid ifadəsi və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən maddə ilə müəyyən olunmuş əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində göstərilən ağırlaşdıran halları müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin maddi vəziyyətini (tələbə olmaqla işsiz olmasını) nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır. Ona görə də məhkəmə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə inzibati həbs tənbeh tədbirinin həddini müəyyən edərkən Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinin tələblərini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmə müddətinin əvvəli 09 fevral 2024-cü il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-224/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-224/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver