Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-227/2024 10.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Sabirabad rayonunn Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Şıxlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, X3 xx.xx.2024-cü il tarixdə yaşadığı Sabirabad rayonun Şıxlar kəndində ucadan səs-küy salaraq ünvansız nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəməyə vermiş olduğu izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında sahə rəisi Fərd Salmanov onu avtomobilinə əyləşdirib şöbəyə gedib izahat verməli olduğunu bildirmiş, o, əvvəl avtomobilə əyləşsə də, sonradan avtomobildən düşərək aparılma səbəbini soruşmuş, qaneedici cavab almadığı üçün öz avtomobilinə əyləşib yaşadığı evə getmiş, sonradan onun arxasınca gələn polis əməkdaşları ilə Şöbəyə gəlmişdir. Həmin zaman əsəbiləşdiyi üçün bir qədər ucadan danışıb symazyana avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Hazırda əməlindən peşmandır. Ailəlidir vi himayəsində 3 uşağı vardır. Ailəsinə yeganə qazanc gətirən şəxs odur. İlk dəfədir ki, inzibati xəta törətdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə izahatı dinləyib, tədqiq edilmiş sübutları qiymətləndirməklə belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd edilən normanın tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş X3 daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş X2 inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır. Çünki şəxsin törətmiş olduğu inzibati xətalar ictimai qaydanın mühafizə qaydalarının pozulmasına yönəlmiş xətalardır ki, həmin xətaların törədilməsi birbaşa cəmiyyətin mənafeyi ilə bağlıdır. Ona görə də məhkəmə onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 09 fevral 2024-cü il tarixdə saat 20:00 radələrində tutulmuş, bu barədə həmin tarixdə tutma protokolu tərtib edilmiş və o, Sabirabad RPŞ-də saxlanılmış, xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində azad edilmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikasının İXM-nin 89.5-ci maddəsinin tələbinə istinad edərək (inzibati qaydada tutma müddəti inzibati xətanı törətmiş şəxsin protokol tərtib etmək üçün gətirdiyi vaxtdan, sərxoş halda olan şəxsin isə ayıldığı vaxtdan hesablanır.) hesab edir ki, ona həbs təyin edərkən həbsdə saxlanıldığı gün çıxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. X1 inzibati qaydada həbsdə saxlandığı 1 (bir) gün cəzasından çıxılaraq üzərində qəti olaraq 7 (yeddi) gün inzibati qaydada həbs tənbeh tədbiri saxlanılsın. İnzibati həbsetmə müddətinin əvvəli 10 fevral 2024-cü il tarixdən saat 11:30-dan hesablansın. Qərann icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-227/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-227/2024
10.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver