Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-264/2024 21.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Sabirabad rayonunun Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi qaydada ticarətlə məşğul olan, ailəli, Sabirabad rayonunun Şəhriyar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2024-cü il tarixdə Sabirabad rayonunun Qaratəpə kəndi ərazisində DYPB-nin inspektorunun qanuni tələbinə tabe olmayıb ünvansız ifadələr işlətmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 10 radələrində yeznəsi Muradov Salman ona zəng edərək polis əməkdaşlarının ona məxsus heç bir sənədi olmayan “QAZ 24” markalı avtomobilini duracağa apardıqlarını bildirib ora gəlməsini xahiş etmiş, o, özünə məxsus “Qazel” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə oraya gəlib Salmanı avtomobilinə əyləşdirmiş və Salmana məxsus avtomobilin arxasınca hərəkət etmişdir. Qaratəpə kəndi ərazisində Salmanın avtomobilə çatmış, avtomobili tüstülədiyi üçün Salmanın avtomobilini ötüb həmin avtomobilin qarşısında saxlamışdır. Bundan sonra Salmanın avtomobilini idarə edən polis əməkdaşı avtomobili saxlamış, o, avtomobilinin tüstülədiyini görüb bir əsəb gərginliyi keçirdiyi üçün polis əməkdaşına yaxınlaşan kimi uca səslə hansı səlahiyyətlə avtomobili özünün sürüb aparmasını soruşmuş, əsəbi olduğundan hərəkətinin mahiyyətini dərk etməmişdir. Polis əməkdaşı ondan sakitləşməsini tələb etmiş, əsəbi vəziyyətdə olduğu üçün hərəkətlərini bir qədər davam etdirmiş, sonradan sakitləşmişdir. Bundan sonra onu Sabirabad RPŞ-yə dəvət etmişlər və o, şöbəyə gəlmişdir. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Məhkəmədən barəsində qərar qəbul edilərkən göstərdiyi xüsusatların və yaşının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, Sabirabad RPŞ-nin DYPB-nin polis nəfəri işləyir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Şəhriyar kəndi yolunda xidmətdə olan zaman “Qaz 24” markalı avtomobil heç bir sənədinin olmaması əsası ilə onun tərəfindən saxlanılmış, sürücü X1 avtomobilin heç bir sənədinin olmaması əsası ilə duracağa yerləşdirilməli olduğunu izah etmiş, sürücü qızını yola saldıqdan sonra şöbəyə gələcəyini bildirib avtomobilin onun tərəfindən aparılmasına etirazı olmadığını demişdir. Bundan sonra o, həmin avtomobili şöbə istiqamətində idarə etməyə başlamışdır. Qaratəpə kəndi ərazisində məxsus “Qazel” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi göstərilən avtomobilin qarşısına keçib əyləcdən istifadə etmiş, buna görə o, məcburi idarə etdiyi avtomobili saxlamışdır. Həmin avtomobili idarə edən sürücü avtomobilindən düşərək ona yaxınlaşıb ucadan nalayiq ifadələr işlədərək avtomobildən düşməsini tələb etmişdir. O, həmin şəxsi intizama dəvət etsə də, şəxs onun tələbinə tabe olmamışdır. Bundan sonra o, RPŞ-yə dəvət etmiş, o, öz avtomobili ilə şöbəyə gəlmiş, şöbədə şəxsin Şəxs olduğu məlum olmuşdur. Məhkəmə izahat və ifadəni dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənın əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş Şəxs daha ciddi xətaya görə İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını və yaşını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmədi. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələbini (Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır) və yaşını nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli sayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası həddində 200 (iki yüz) manat cərimə olunsun. Qərarın icrası Sabirabad rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-264/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-264/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver