Məhkəmə qərarları › İş №3(056)-289/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-289/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-289/2024 14.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X5 Azər oğlunun katibliyi, Şikayət verən şəxs X1, Qərarından şikayət verilən şəxs Sabirabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis Baş serjantı X2 iştirakı ilə, X1 Sabirabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis Baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis Baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 80 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. X3 şikayətlə müraciət edərək, Sabirabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis Baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, barəsində tətbiq edilən tənbeh növü qanunsuz və əsassızdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “Mercedes Benz V230” markalı, **-BL- *** dövlət nömrə nişanlı avtomobili ilə Sabirabad şəhəri Muğan prospektində üfüqi nişanlanma xətlərini tapdalamamış, nişanlanma xətlərinin tələbinə əməl etmiş, sola və ya geriyə dönmə qaydalarını pozmamışdır. Əgər başqa hal baş veribsə YPX əməkdaşları bunu məhkəmə baxışı zamanı sübut etməlidirlər. Qanunla bu hal onların üzərinə qoyulmuşdur. Hesab edir ki, əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri görülmüşdür və qərəzlidir. Onun mövqeyinə görə tərəfindən qeyd edilənlərə əsasən ümumiyyətlə inzibati xəta hadisəsi törədilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Sabirabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis Baş serjantı X4 bildirdi ki, X1 şikayəti tamamilə əsassızdır. Belə ki, xx.xx.2024-cü il tarixində, saat 16-17 radələri arasında Sabirabad şəhəri Muğan prospektində xidmətdə olarkən xidməti avtomobili ilə Sabirabad şəhəri istiqamətində hərəkətdə olan qarşı hərəkət zolağında hərəkətdə olan “Mercedes Benz V230” markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobilin üfüqi nişanlanma xətt tələbini pozaraq onun hərəkətdə olduğu hərəkət zolağına (sola) dönüb həmin hissədə yerləşən evin qarşısında dayanmışdır. O, həmin avtomobilin yanına yaxınlaşıb avtomobili idarə edən sürücüyə özünü təqdim edərək yol verdiyi qayda pozuntusunu izah etmiş, bu zaman sürücü onunla razılaşmadığını qərzəli olduğunu bildirmişdir. Buna baxmayaraq o, aşkarladığı qayda pozuntusu ilə əlaqədar inzibati xəta haqqında protokol və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Hazırda o, məhkəməyə xidməti avtomobili ilə çəkilmiş və sorğu əsasında şikayətçinin avtomobilini saxladığı evinin əks tərəfində olan mağazadan əldə etdiyi kamera görüntülərini məhkəməyə təqdim edir və məhkəmədən şikayət təmin edilməməsini xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, X1 şikayəti təmin edilməməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş videogörüntülər X1 iştirakı ilə tədqiq edilmiş, YPX avtomobilinin görüntülərində avtomobil artıq dayanmış vəziyyətdə olduğundan R.Məmmədov bu görüntü ilə pozuntunun müəyyən edilmədiyini, mağaza kamera görüntüləri tədqiq edilərkən R.Məmmədov eynəyi olmadığından mağaza qarşısından hərəkətdə olan avtobomobili görə bilmədiyini bildirsə də, görüntülər qarşılıqlı tədqiq edildikdə aydın olur ki, Sabirabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis Baş serjantı X2 bildirdiyi kimi X3 üfüqi nişanlanma xətt tələbini pozaraq qarşı hərəkət zolağına (sola) dönüb avtomobilini saxlamışdır. Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinə əsasən vetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsində qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin normaları baxımından hüquqi qiymət verilməlidir. Şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta qərarı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübutetməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 394.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxsişin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan özdaxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən, sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şikayətçi barəsində şikayət etdiyi norma üzrə qanun pozuntusuna yol vermədiyini göstərmiş olsa da, təqdim edilmiş sübutlarla onun qanun pozuntusuna yol verdiyi öztəsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 386.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 386.3-cü maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yolverilmir. Beləliklə, məhkəmə hesab edir ki, protokolun tərtib edilməsində və qərarın qəbul edilməsində hər hansı bir pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 411.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edilərsə, dərhal inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, Sabirabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis Baş serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan, X1 həmin qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar