Məhkəmə qərarları › İş №3(056)-317/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-317/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-317/2024 07.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakları ilə, xx.xx.1981-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Abuşov X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)- 1640/2022 saylı və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-1239/2023 saylı icra vərəqəsi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı müdafiə edərək bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-1640/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi və alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması müəyyən olunmuşdur. Borclunun bu günə ödənilməmiş 630 manat aliment borcu yaranmışdır. Bundan başqa, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-1239/2023 saylı icra vərəqəsinə əsasən, borcludan icra vərəqəsində adları sadalanmış əmlakların, əmlaklar olmadıqda dəyərinin alınıb tələbkar X4 ödənilməsi qət edilmişdir. İcra sənədləri üzrə icra tədbirlərinin həyata keçirilməsi zamanı borclu İcra və Probasiya şöbəsinə dəvət edilmiş, o, izahat verərək bildirmişdir ki, heç yerdə işləmir. Neçə müddətdir ki, xətə olmuşdur. Ona görə də aliment ödəyə bilməmişdir. Yaranmış borcdan gələn həftə 100 manat ödəyə bilər. Əmlaklarla bağlı tələbə münasibətdə isə bildirmişdir ki, həmin əmlaklardan yalnız velosipedi qaytara bilər. Qalan əmlaklar onda yoxdur. Əmlakların pulu tələb edildikdə isə o, pulu olmadığını, ümumiyyətlə həmin əmlaklarla bağlı tələbi qəbul etmədiyini bildirmişdir. Hazırda borclu icra məmurunun qanuni tələbini, yəni məhkəmə qərarlarının tam icrası ilə bağlı tələbini yerinə yetirmir. Beləliklə, Şəxs icra sənədlərinin icrasını vaxtında və tam təmin etmək barədə icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, o, yaranmış aliment borcundan gələn həftə 300 manat haradansa tapıb ödəyə bilər. Əmlaklara gəldikdə isə, həmin əşyaların ona heç bir aidiyyatı yoxdur. Ona görə həmin icra sənədini icra etməyəcəkdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, borclu həm yaranmış aliment borcunu ödəmir, həm də əşyalarını qaytarmır. Ona görə də o, borclunun həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, hazırki məhkəmə icraatı üzrə zərərçəkmiş şəxslə barışıq əldə edə bilməməsini, əmlaklarla bağlı icra sənədinin icrasından tamamilə imtina etməsini, alimentlə bağlı tələb üzrə yaranmış borc məbləğini nəzərə alaraq, həmçinin onun maddi vəziyyətini daha da ağırlaşdırmamaq, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tədbirini tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilərsə, o, ödəməli olduğu aliment məbləğindən də əlavə, dövlət nəfinə də vəsait ödəməli olacaqdır ki, bu da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Odur ki, məhkəmə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 16:25-dən hesablansın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar