Məhkəmə qərarları › İş №3(056)-343/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-343/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-343/2025 27.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (Məsləhətçi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1971-ci ildə Ermənistan Respublikasının Vedi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İİ qrup əlil, Bərdə rayonunun Kətəlparaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2025-ci il tarixdə sürücülük vəsiqəsi olmadan sərxoş halda «VAZ-21083 minik» markalı **-BN-*** dövlət nömrə nişanlı avtomobili idarə etmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında göstərdi ki, o, bir gün əvvəl spirtli içki qəbul etmiş, özünə məxsus olan «VAZ- 21083 minik» markalı **-BN-*** dövlət nömrə nişanlı avtomaşını Sabirabad rayonu ərazisində idarə edərkən YPX əməkdaşları ona “saxla” işarəsi vermiş, nəfəsindən spirtli içkinin qoxusu gəldiyi üçün onu alkotesterlə müayinə edib sərxoş vəziyyətdə olmasını müəyyən etmişlər. O, Qarabağ müharibəsi iştirakçısıdır və müharibə vaxtı yaralanaraq İİ qrup əlillik dərəcəsi verilmişdir. Hazırda xeyli sayda dərmanlarla yaşayır. Bəzən o qədər gərgin olur ki, rahatlaşmaq üçün məcbur bir qədər spirtli içki qəbul edir. Hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Protokola əlavə edilmiş: xx.xx.2025-ci il tarixli alkotester müayinəsinin nəticəsindən görünür ki, Şəxs 4,177% alkoqol sərxoşluğu müəyyən edilmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Şəxs idarə etdiyi «VAZ- 21083 minik» markalı **-BN-*** dövlət nömrə nişanlı avtomaşın Sabirabad RPŞ-nin DYPB-də saxlanılmışdır. Məhkəmə inzibati icraatda iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 334.2-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 334.2-ci maddəsinə görə Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə - on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə Şəxs əməlindən peşman olmasını və əlillik dərəcəsini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, sağlamlıq vəziyyətini, əlillik dərəcəsini və İXM-nin 30.2 və 34-1-ci maddəsinin tələblərini nəzərə alaraq, ona minimum həddə cərimə tənbehinin təyin edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar