Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-350/2025 20.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, X3 oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası İXM-nın 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ25577235 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovniki-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ25577235 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X9 Azərbaycan Respublikası İXM-nın 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. X9 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ25577235 saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, barəsində Azərbaycan Respublikası İXM-nin 346.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Şirvan şəhəri H.Əliyev prospektində yerləşən təhlükəsiz şəhər kamerası vasitəsilə şəkil çəkilərək sonradan göndərilən cərimə qərarının ləğv edilməsi və ona əsassız yazılmış 80 manat inzibati cərimənin silinməsi, xx.xx.2025-ci il tarixli EQ25577235 nömrəli qərar əsasında açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X9 şikayətini onunla əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikası İXM-nın 346.4-cü maddəsi ilə tərtib edilmiş protokol Şirvan şəhəri H.Əliyev prospektində Şirvan şəhəri DYP tərəfindən nəzarət üçün quraşdırılmış təhlükəsiz şəhər kamerasının monitorlardan istifadə edilərək çəkilmiş fotoşəkillər əsasında tərtib edilmiş və ona qanunsuz olaraq cərimə yazılmışdır. Çünki, bu cərimənin yazılması foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəticəsində yazılmamışdır. Şikayətinə əlavə etdiyi Şirvan şəhəri H.Əliyev prospektində Şirvan şəhəri DYP tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ25577235 nömrəli protokolda göstərilir ki, o, idarə etdiyi “BMW 525İ minik” markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 13:36-da yol hərəkət nişanının tələblərinə riayət etmədən nəqliyyat vasitəsini idarə etmənin tələblərini pozmuşdur. Bu pozuntuya görə 80 manat cərimə tətbiq edilmiş və X2 yerləşdirilmişdir. Bildirir ki, maşının şəkilləri uzaqdan çəkildiyi üçün nömrə nişanı görünmədiyi üçün kamera vasitəsi ilə görüntünü geriyə çəkərək maşının öndən şəklini çəkmişlər ki, nömrə nişanı oxunsun. “Asan ödəniş” sisteminə daxil edilmiş cərimə barədə məlumatlarda inzibati xəta hadisəsinin elektron qərarı və video görüntüsü daxil edilməmişdir. Daxil olmuş foto görüntülərə nəzər yetirdikdə inzibati xətanın müəyyən edildiyi tarixin xx.xx.2025-ci il , saat 10:11 olması göstərilmiş, lakin elektron qərar xeyli vaxt sonra, yəni həmin gün saat 13:36-da təsdiqlənmişdir. Göstərilənlərə əsasən o, şikayətlə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən şikayətinin təmin edilməsini xahiş edir. DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmiş, səbəbi və mümkünsüzlüyü bildirilməmiş, şikayətə etiraz və ya mülahizə təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclası sübutların təqdim edilməsi baxımından təxirə salınmış olsa da, qərarında şikayət edilmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, qəbul edilmiş qərarın əsaslılığı barədə hər hansı sübutu məhkəməyə ünvanlamamışdır. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X7 dinləyib, onun şikayətinin dəlillərini və əlavə etdiyi sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməli, X4 İXM-nın 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli EQ25577235 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 122-ci maddəsinə sasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır (maddə 122.5), Barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. İnzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir (122.8). Məhkəmə qeyd edir ki, X4 idarə etdiyi **-RZ-*** dövlət qeydiyyat nişanlı, “BMW 525İ minik” markalı avtomobillə xx.xx.2025-ci il tarixdə saat 10:11-də İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilməmiş, İXM-nin 122-ci maddəsində nəzərdə tutulmuş qaydalara zidd olaraq təhlükəsiz şəhər kamerlarına video nəzarət üçün quraşdırılmış manitorlardan istifadə edilərək, məsafəni yaxınlaşdırmaqla çəkilmiş foto şəkillər əsasında saat 13:36-da tərtib edilmiş və qanunsuz olaraq cərimə yazılmışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyul 2010-cu il tarixli, 131 nömrəli “Əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması barədə” Qərarının 1-ci bəndində: Əhalinin təhlükəsizliyinin, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması, hüquq qaydasına riayət edilməsi vəziyyətinin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hərəkətlərə, fövqəladə hallara çevik reaksiya verilməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin videonəzarət sistemlərinin quraşdırılmasının konkret təyinatı göstərilir. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXM-nin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Şəxs protokolla razılaşmadıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki, şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi mötəbər sübutlarla öz təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İXM-nin 53.1.11-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, şikayət təmin edilməli, X4 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Məlumat Mərkəzi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ25577235 nömrəli qərar ləğv edilməli və X8 əsassız yazılmış 80 manat inzibati cərimə silinməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 122, 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Məlumat Mərkəzi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ25577235 nömrəli qərar ləğv edilsin və X8 əsassız yazılmış 80 manat inzibati cərimə silinsin. xx.xx.2025-ci il tarixli EQ25577235 nömrəli nömrəli protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-350/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-350/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver