Məhkəmə qərarları › İş №3(056)-366/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-366/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-366/2024 19.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin X1 sahə rəisi, polis leytenantı X2, zərərçəkmiş Zərərçəkmiş şəxs və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Sabirabad rayonuda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, İİ qrup əlil, orta təhsilli, Sabirabad rayonu Yuxarı-Axtaçı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN2026366№-li Protokola və iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2026366№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə mübahisə edib, onu vuraraq, nəticədə onun sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair xx.xx.2024-cü il tarixli MN2026366№-li inzibati xəta haqqında Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində özünü təqsirli bilməyib, izahatında Zərərçəkmiş şəxs ilə onun arasında xx.xx.2024-cü il tarixdə məhz mübahisə etdiyini və onu vurmadığını bildirərək, onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Famil onunla mübahisə edmiş xx.xx.2024-cü il tarixdə mübahisə zamanı Famil onu vurmuşdur. Şəxs ilə barışmadığını və onun barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 60№-li tibbi rəyində qeyd olunur ki, müayinə olunan şəxs Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətlər sol təpə-alın nahiyəsində, sol əlin üst səthində 2-3-cü əldarağı sümüyü proyeksiyasında qançırlar küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə mübahisə edib, onu vuraraq, nəticədə onun sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. İXM-nın 157-ci maddəsinə görə - döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkimiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN2026366№-li protokolla, inzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2024-cü il tarixli Qərarda əks olunmuş xx.xx.2024-cü il tarixli 60№-li tibbi rəyi, həmçinin toplanmış inzibati xəta üzrə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. İş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxsi döyməməsi barədə göstərdiklərini əsassız hesab edirəm və onun bu cür izahatını inzibati məsuliyyətdən yayınmağa yönəldilmiş hərəkət kimi qiymətləndirirəm. Zərərçəkmiş şəxsin izahatını, ekspert rəyinə və inzibati işin digər hallarına uyğun gəldiyinə görə mötəbər hesab edirəm. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 157-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.4-cü madddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini və İXM-nın 31.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 157-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs barəsində təqsirli bilindiyi İXMnın 157-ci maddəsinin sanksiyası həddində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN2026366№-li inzibati xəta haqqında Protokol əsasında Zeyniyev X3 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç) yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar