Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-384/2025 11.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi X1 iştirakları ilə, xx xxxxxx 1964-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad şəhəri, H.Əliyev prospekti, 2B saylı evin 62 saylı mənzilində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində Zərərçəkmiş şəxs ilə mübahisə edərək onu döymüş və nəticədə onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Məhruzə onun tanışıdır. O, Məhruzədən faizlə 20 manat pul almış, imkanı olmadığı üçün pulu qaytara bilməmişdir. İşdə olarkən Məhruzə onun iş yerinə gəlmiş, orada onu təhqir etmişdir. Həmçinin onun yaxasından tutub çəkişdirmişdir. Lakin o, Məhruzəni vurmamışdır. Ona görə də o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, o, Qabilə faizlə deyil, borc pul vermiş, pulunu geri almaq üçün Qabilin iş yerinə getmiş, lakin orada Qabil onu döymüşdür. Buna görə o, şikayət etmiş, onu ekspertizadan keçirmişlər və döyülməyi təsdiq olunmuşdur. Keçən ilin noyabr ayında da Qabil onu döymüş, məhkəmənin qərarı ilə həbs edilmişdir. Hazırda da o, şikayətçidir və Qabilin həbs edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi X3 izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Ramil Bədəlov tərəfindən qəbul edilmiş 05 fevral 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarı əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmış, işin icrası ona həvalə edilmiş və o, müvafiq protokolu tərtib etmişdir. Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Ramil Bədəlov tərəfindən qəbul edilmiş 05 fevral 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. 05 fevral 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarda əksini tapmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ yanaq proyeksiyasında sıyrıq küt əşyanın o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə izahatları dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyüb sağlamlığına zərər vurmayan xəsarət yetirərək Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması 05 fevral 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarı, bunu tamamlayan ekspert rəyi, inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən maddə ilə müəyyən olunmuş əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs Zərərçəkmiş şəxs döyməməsi barədə izahatına gəldikdə isə məhkəmə hesab edir ki, iş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməli iş materialları ilə tam təsdiqini tapdığından özünü müdafiə xarakterli izahat olaraq qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs il ərzində eyni əməli təkrar törətməsini həmin Məcəllənin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını və məsuliyyəti ağırlaşdıran halı nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır. Ona görə də məhkəmə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə inzibati həbs tənbeh tədbirinin həddini müəyyən edərkən Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinin tələblərini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 30 (otuz) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmə müddətinin əvvəli 11 fevral 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-384/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-384/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver