Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-393/2025 13.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1973-cü ildə Vartaşen rayonunun Vardanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, İİ qrup əlil, Oğuz rayonunun Kərimli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, xx.xx.2025-ci il tarixdə Şəxs Sabirabad rayonunun Məmişlər kəndində polisin qanuni tələbinə tabe olmamışdır. Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında vermiş olduğu izahatında özünü təqsirli bilməyib göstərdi ki, o, polisin hər hansı qanuni tələbinə tabesizlik etməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixində o, Sabirabad rayonuna idarə etdiyi “Ford Transit” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə kömür gətirərkən yolda YPX əməkdaşları ona saxla işarəsi vermiş, o, bir qədər irəlidə boş yer tapıb avtomobilini saxlamışdır. Polis əməkdaşı ona yaxınlaşıb avtomobilindən aşağı düşməsini tələb etmiş, səbəbini soruşmuş, ona avtomobilinin üzərində həbs olması bildirilmişdir. O, həbs qoymanın əsasını təşkil edən qərarın Oğuz rayon Məhkəməsinin qərarı ilə ləğv edildiyini, sadəcə olaraq onların sistemindən silinmədiyini, hətta buna görə BDYPİ-də olduğunu, ona narahat olmasına əsasın olmadığını, harada yol polisi əməkdaşları tərəfindən saxlanılarsa telefonunda olan qərarı göstərməsini və bundan sonra rahat hərəkətini davam etdirə biləcəyini bildirdiklərini desə də, polis əməkdaşı israrla avtomobildən düşməsini tələb etmiş, hətta onu telefonla çəkməyə başlamışdır. Bundan sonra o da çəkiliş aparmışdır. Lakin şöbəyə gətirildikdən sonra telefonu əlindən alınaraq çəkmiş olduğu videolar silinmişdir. Avtomobilindən düşürüldükdən sonra ondan yük yerini açması, baxış keçiriləcəyi bildirilmiş, o, hansı əsasla baxış keçiriləcəyini soruşmuş, lakin ona əsaslı bir cavab verilməmişdir. Bundan sonra oraya evakuator dəvət edilmiş, avtomobilini məcbur evakuatora mindirməyə çalışmışlar. Avtomobilini evakuatora mindirmək mümkün olmadıqda ondan açarlar tələb edilmiş, o, avtomobilin açarla deyil, knopka ilə işlədiyini bildirmişdir. Evakuator sürücüsü vəziyyətin nə yerdə olmasını görüb polis əməkdaşına nəsə bildirib çıxıb getmişdir. Bundan sonra oraya PPX əməkdaşları dəvət edilmiş, onu məcbur həmin avtomobilə mindirib şöbəyə gətirmişlər. Şöbədə məsələni izah etməyə çalışsa da, ona qulaq asan olmamış, barəsində protokol tərtib edilib məhkəməyə gətirilmişdir. Özü İİ qrup Qarabağ əlilidir. Hazırda o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 bildirdi ki, o, Sabirabad RPŞ-nin YPXBnin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixində Məmişlər kəndi ərazisində səhər saatlarında başqa bir avtomobili saxlayıb protokol tərtib edərkən hərəkətdə olan “Ford Transit” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsinin çirkli olduğu, şüşə silənin birinin olmadığını görüb saxla işarəsi vermişlər. Həmin avtomobilin sürücüsü avtomobili saxladıqldan sonra saxlanılmasının səbəbini soruşmuş, o, səbəbi izah etmişdir. Bundan sonra o, sürücüdən sənədlərini tələb etmiş, sürücü Bort kompyuterlə yoxlamasını bildirmişdir. Kompyuterlə yoxlama aparılarkən sürücünün 2 ədəd vaxtı keçmiş cəriməsinin olduğunu, avtomobilin dayanacağa yerləşdirilməli olduğunu görmüşdür. O, bu barədə sürücüyə bildirdikdə sürücü telefonunda nəsə göstərməyə çalışmış, lakin o, buna fikir verməmiş, sürücüyə şöbəyə gedib aydınlaşdırmalarını təklif etmişdir. Lakin sürücü şöbəyə getməkdən imtina etdi. Bundan başqa avtomobilin yük yeri qapalı olduğu üçün o, yük yerinə baxış keçirmək istəmiş, lakin sürücü buna da imkan verməmişdir. Bundan sonra oraya evakuator dəvət etmişlər. Evakuator gələndən sonra avtomobilin sükanı əyri saxlanıldığı üçün evakuatora mindirmək mümkün olmamış, sürücüdən açarlar tələb edilmiş, lakin sürücü açarları təqdim etməkdən imtina etmişdir. Özünə avtomobili sürüb şöbəyə getməsi təklif edilsə də, sürücü bundan da imtina etmişdir. Bundan sonra onlar oraya PPX əməkdaşlarını dəvət etmişlər və sürücünün şöbəyə gətirilməsini təmin etmişlər. Məhkəmə izahatı dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində qeyd edilən inzibati xəta tərkibinin olması müəyyən edilməməkdədir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquq ədəbiyyatında ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İXM-nin 510-cu maddəsinin nəzərdə tutduğu mənada ictimai qaydanı pozma qiymətləndirici anlayışdır və pozuntunun mühümlüyünü və əhəmiyyətli olmasını ifadə edir. Bu anlayış özlüyündə cəmiyyətə açıqca hörmətsizlik ifadə etmə əlamətini də ehtiva edir ki, məhz bu əlamət xuliqanlığın zəruri əlaməti hesab edilir. İctimai qaydanı pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasmda bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər başa düşülür.Məsələn, mədəni, dini və ya digər ictimai tədbiri, gecə vaxtı vətəndaşların dincliyini pozma və s. Azərbaycan Respubükası Konstitusiya Məhkəməsinin Plenumunun «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli Qərarı»-nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlanna uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki. ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Yuxarıda göstərilən anlayışlar kontekstində işin halları da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində göstərilən inzibati xəta tərkibinin olmadığını təsdiq edir. Belə ki, araşdırma nəticəsində müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən vaxtı keçmiş cərimələrə görə avtomobilin dayanacağa yerləşdirilməli olması tələb etmiş, sürücü bundan imtina etmiş, bunun səbəbini məhkəmə iclası zamanı da baxışa təqdim etdiyi və telefonunda şəkli olan Oğuz Rayon Məhkəməsinin istinad edilən cərimələrin əsasını təşkil edən qərarların ləğv edilib iş üzrə icraata xitam verilməsi haqqında qərarla əsaslandırmış, YPX əməkdaşı özü də məhkəmə iclasında bu halın ona bildirildiyini, lakin sürücünün dediklərinə fikir vermədiyini bildirmişdir. Belə olan halda avtomobilin dayanacağa yerləşdirilməsi ilə bağlı tələbin yerinə yetirilməməsi polis əməkdaşının qanuni tələbinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan hallar nəzərə alınmaqla Şəxs barəsində olan hazırki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-393/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-393/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver