Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-397/2023 01.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayonu Ulacalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, xx.xx.2023-cü il tarixdə YPX inspektoru X1 Məmiyevin idarə etdiyi ** DF *** dövlət qeydiyyat nömrəli avtomobilini saxlatdırmış, RPŞ-yə gətirilən zaman üzərinə baxış keçirilmiş və 0,97 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, hazırda əməlindən peşmandır. Ailəsinə yeganə qazanc gətirən şəxs odur. İnzibati qaydada həbs olunacağı təqdirdə ailəsi pərişan vəziyyətə düşəcək və maddi tələbatlarını qarşılamaqda köməklik edəcək kimsə olmayacaqdır. Ona görə də o, məhkəmədən barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edir və söz verir ki, bir daha narkotik vasitə qəbul etməyəcəkdir. Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Fikrət Bağırov tərəfindən qəbul edilmiş «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞnin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə izahatı dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN1642152 nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin pozuntusuna yol verilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsi, ailəsinə yeganə qazanc gətirən şəxs olması səbəbi ilə tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Bu əsasla onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, cərimə tənbehinin həddi isə şəxsin məsuliyyətini daha dərindən dərk edə bilməsi üçün onun bir qədər maddi sıxıntıya məruz qalması məqsədilə maksimum həddə müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə təqsirli bilinib barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Sabirabad RPŞ-də saxlanılan Şəxs məxsus 0.97 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə və Sabirabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-397/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-397/2023
01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver