Məhkəmə qərarları › İş №3(056)-464/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-464/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-464/2025 18.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, protokolu tərtib etmiş Sabirabad rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X2 və barəsində inzibati icraat başlanmış şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN1961964№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN1961964№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlləri törətməsində təqsirli bilinir ona görə ki, o, xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində yaşadığı ünvan 2 ünvanının həyətyanı sahəsində qansunsuz olaraq inşa etdirdiyi talvarın tikintisinin dayandırılması barədə Sabirabad rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-70/2-1327/2024 nömrəli və 5- 70/2-55/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubunun icrası ilə bağlı Şəxs dəfələrlə xəbərdarlıq edilib iltizam alınsa da, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozan qanunsuz əməllərini davam etdirmişdir. Bu əməllərinə görə onun barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 535.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlləri törətməsinə dair Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 535.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməllərində özünü təqsirli bilməyib izahatında göstərmişdir ki, yaşadığı ünvan 3 ünvanının həyətyanı sahəsində inşa etdirdiyi talvarın tikintisinin dayandırılması ilə bağlı polis əməkdaşları tərəfindən şifahi qaydada xəbərdarlıq edilsə də, mülkiyyət hüququ ilə ona məxsus həyətyanı sahəsində inşa etdirdiyi talvarın tikintisinin qanunsuz olmasının nədə ifadə olunması, tikinti işlərinin hansı müddətə dayandırılması və icazənin rəsmi qaydada hansı təşkilatdan almalı olması ona izah edilməmişdir. Qeyd edir ki, tikintisinin dayandırılması tələb olunan talvar mülkiyyətçisi olduğu Sabirabad şəhəri M.H.Şəhriyar küçəsində yaşadığı 30 saylı evin həyətyanı sahəsində inşa edilir, tikinti işləri qanunsuz aparılmır, heç bir aidiyyəti qurumdan rəsmi qaydada tikintinin dayandırılması ilə bağlı məktub gəlməmiş və tikintinin öz mülkiyyətində olan torpaq üzərində apardığı üçün işləri davam etirmişdir. Hesab edir ki, onun əməllərində inzibati xəta tərkibi olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdıraraq hesab edir ki, M.Şəxs mülkiyyətçisi olduğu Sabirabad şəhəri M.H.Şəhriyar küçəsində yaşadığı 30 saylı evin həyətyanı sahəsində talvarın tikintisi üzrə qanunsuz işlərin aparılmasını dayandırmamaqla polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması halları müəyyən edilməmişdir. Belə ki, İXM-nın 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. İşin araşdırılmış hallarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs İXM-nın 535.1-ci maddəsi ilə təqsirli bilinməsinin əsası kimi ilk növbədə onun tərəfindən mülkiyyətçisi olduğu evinin həyətyanı sahəsində talvarın qanunsuz inşasının qarşısını almaq olmuşdur.Yəni polis əməkdaşları Şəxs tərəfindən mülkiyyətçisi olduğu evinin həyətyanı sahəsində talvarın inşasını ilk növbədə qanunsuz hesab etmişlər və özlərinin hesab etdiyi bu kimi qanunsuzluğun qarşısını almaq üçün tikinti işlərinin dayandırılmasını tələb etmişlər, lakin Şəxs həmin işlərin qanuni olmasını hesab edərək işlərin aparılmasını davam etmiş, polis əməkdaşları isə Şəxs tikinti işlərinin dayandırmamasına dair hərəkətlərini, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması halları kimi qiymətləndirərək onun barəsində İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə hesab edir ki, əgər Şəxs hər hansı qanunsuz inşa-tikinti işləri apardığı halda o, ilk növbədə İXM-nın 395.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməli idi. Belə ki, İXM-nın 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Digər tərəfdən Şəxs mülkiyyətçisi olduğu evinin həyətyanı sahəsində talvarın inşası üçün müvafiq icra hakimiyyəti orqanının icazəsinin tələb olunub-olunmaması məsələsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri bilir ki, əvvəla şikayətçi Şəxs tərəfindən aparılmış tikinti obyekti qeyri-yaşayış sahəsi deyil, mülkiyyətçisi olduğu Sabirabad şəhəri M.H.Şəhriyar küçəsində yaşadığı 30 saylı evin həyətyanı torpaq sahəsində talvardır. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79- 80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1 və 80.2-ci maddələrinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda istinad olunan maddi hüquq normaları ilə tikintisinə icazə tələb olunan fərdi yaşayış evlərinin kateqoriyası (mərtəbələrin sayı, hündürlüyü və s.) dəqiq göstərilmişdir ki, hansı ki, Şəxs tərəfindən tikintisi aparılmış talvar icazəsi tələb olunan həmin tikililərin kateqoriyasına aid deyildir. Beləliklə yuxarıda istinad edilən maddi hüquq normalarına və işin araşdırılmış hallarına əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən mülkiyyətçisi olduğu evinin həyətyanı sahəsində inşa edilən talvar, tikintisinə icazə tələb olunan obyeklər sırasına aid edilmədiyi üçün, Şəxs tərəfindən həmin talvarın tikintisi üzrə hərəkətləri qanunsuz olmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs tərəfindən mülkiyyətçisi olduğu evinin həyətyanı sahəsində talvarın inşasını qanuni əsaslarla apardığı halda, polis əməkdaşlarının tikinti işlərinin dayandırmasına dair tələbləri özü özlüyündə əsassız və qanunsuz olmuşdur. İnzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektindən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elementlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti tördilən (törədilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Lakin işin araşdırılmış hallarından aydın olur ki, barəsində icraat aparılmış Şəxs ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması faktı müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməllərində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Hesab edirəm ki, Şəxs əməllərində 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddələrlə onun təqsirləndirilməsinə dair Sabirabad RPŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli MN1961964№-li inzibati xəta haqqında Protokol üzrə o, inzibati məsuliyyətdən azad olunmalı və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 53, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN1961964№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs əməllərində İXM-nın 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddələrlə o, inzibati məsuliyyətdən azad olunsun və qeyd olunan protokol üzrə onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar