Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-490/2025 25.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, "xxxx" MMC-də auditor işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli protokola və ona əlavə olunmuş sənədlərə əsasən, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-1815/2024 saylı və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1756/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqələri tələbi üzrlü səbəb olmadan icra etməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sabirabad rayon İcra şöbəsinin icra məmuru X3 izahat verərək bildirmişdir ki, Sabirabad Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinə əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-1815/2024 saylı qətnaməsinin alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Şəxs tutulacaq alimentin miqdarının hər ay qazancının 1/3 hissəsi məbləğində və əlavə olaraq hər ay hər uşaq üçün 70 manat olmaqla, ümumilikdə 140 manat sabit pul məbləğində müəyyən edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə onun tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü qaydada icra etmək üçün borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixində isə borclunun iş yeri olan "xxxx" MMC-yə icra sənədi üzrə tutulmalı olan məbləğin tutularaq tələbkarın bank hesabına köçürülməsi barədə sərəncam verilmişdir. Alimentin tutulmağa başlanma vaxtına görə borclunun hazırda ödənilməmiş 1545 manat aliment borcu yaranmışdır. Bu səbəbdən o, qeyd edilən inzibati xəta haqqında protokol tərtib etmişdir. Borcun ödənilməsi ilə bağlı izahatı alınarkən borclu yaranmış borcdan 20 gün olar ki, məlumatı olduğunu, buna qədər qeyri-rəsmi olaraq övladlarına pul və sair ödədiyini, yaranmış borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. İcra sənədi üzrə borc məbləği tam ödənilmədiyindən o, borclu barəsində müvafiq protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, icra sənədi üzrə ondan tutulmalı olan aliment məbləği icra məmurunun onun iş yerinə göndərdiyi sərəncam əsasında ondan tutulmaqdadır. O, yaranmış borcu ödəməkdən imtina etmir. İcra məmuru icra sənədində hansı həddə aliment müəyyən edilmişdirsə, həmin məbləğdə alimentin ondan tutulması barədə iş yerinə sərəncam göndərmişdir. Onun əmək haqqının 70%-i üzrə tutulma həyata keçirilmir. Bu da icra məmurunun verdiyi sərəncama görədir. O, əmək haqqının 70%-nin tutulmasındansa, hər ay ondan tutulan alimentdən əlavə 50 manat da ödəniş etməklə borcunu bağlamaq istəyir. Ona görə də o, onun bildirdiklərinin nəzərə alınıb barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini və aylıq ödənişlərindən əlavə tələbkara 50 manat ödəniş etməklə borcunu bağlamağa şərait yaradılmasını məhkəmədən xahiş edir. İnzibati protokola əlavə olunmuş: Sabirabad Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsindən görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-1815/2024 saylı qətnaməsinin alimentin məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, xx.xx.2013-cü il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Şəxs tutulacaq alimentin miqdarıının hər ay qazancının 1/3 hissəsi məbləğində və əlavə olaraq hər ay hər uşaq üçün 70 manat olmaqla, ümumilikdə 140 manat sabit pul məbləğində müəyyən edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, göstərilən icra sənədi üzrə icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmişdir. Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" MMC-yə ünvanlamış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs aylıq əmək haqqından hər ay 1/3 hissəsi məbləğində və əlavə olaraq hər ay hər uşaq üçün 70 manat olmaqla, ümumilikdə 140 manat sabit pul məbləğində alimentin tutulub tələbkar X4 bank hesabına köçürülməsi və tutulma barədə Sabirabad rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsi, sərəncamın yerinə yetirilməməsinin məsuliyyətə səbəb olacağı qeyd olunmuşdur. Azərbaycan Respublikası Şirvan Regional Ədliyyə İdarəsi tərəfindən Sabirabad rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, tələbkar X7 icra sənədinin icrası icra edilməməsi ilə bağlı məsələnin araşdırılması və tədbir görülməsini xahiş etmiş, bununla əlaqədar müvafiq icra sənədinin icra vəziyyəti ilə bağlı məlumatları təsdiqedici sənədlərin surətlərinin Şirvan Regional Ədliyyə İdarəsinə göndərilməsi xahiş edilmişdir. Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Şirvan Regional Ədliyyə İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə tələb borclu Şəxs əmək haqqından 70%-in tutularaq tələbkarın hesabına köçürülməsi üçün iş yerinə göndərilmişdir. “Elektron məhkəmə” sistemindən edilmiş çıxarışdan görünür ki, Şəxs "xxxx" MMC-də auditor işləyir və aylıq əmək haqqı 565 manat təşkil edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında iş üzrə materialdan və materiala əlavə edilmiş sənədlərdən isə belə halın mövcud olması görünmür. Əksinə, müəyyən olunan hal ondan ibarətdir ki, icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası barədə 10 günlük müddət müəyyən edilməklə qərar və bildiriş ünvanlanmış, xx.xx.2024-cü il tarixində borclunun iş yeri olan "xxxx" MMC-yə təklif ünvalanaraq Şəxs aylıq əmək haqqından hər ay 1/3 hissəsi məbləğində və əlavə olaraq hər ay hər uşaq üçün 70 manat olmaqla, ümumilikdə 140 manat sabit pul məbləğində alimentin tutulub tələbkar X4 bank hesabına köçürülməsi tələb edilmiş, bundan sonra tələbkar X1 Regional Ədliyyə İdarəsinə alimentin icra edilməməsi ilə bağlı müraciət etmiş, Şirvan Regional Ədliyyə İdarəsi Sabirabad rayon İcra və Probasiya şöbəsindən icra sənədinin icra vəziyyəti ilə bağlı məlumatı tələb etmiş, Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Şirvan Regional Ədliyyə İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubu ilə xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə tələbin borclu Şəxs əmək haqqından 70%-in tutularaq tələbkarın hesabına köçürülməsi üçün iş yerinə göndərilməsi bildirimişdir. Halbuki, belə bir sərəncam mövcud olmamışdır. Yalnız məhkəmə qərarında göstərilmiş məbləğin borclunun əmək haqqında tutulması ilə bağlı sərəncam verilmişdir. Bundan başqa, xx.xx.2025-ci il tarixində borclu icra şöbəsinə dəvət edilərək izahatı alınmış, izahatı alınarkən o, rəsmi iş yeri olmasını, əmək haqqından tutulma getdiyini, borclunu hissə-hissə ödəyə biləcəyini bildirmiş, yaranmış borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə borclunun digər əmlak vəziyyəti kifayət qədər araşdırılmadan izahatı ilə kifayətlənilməklə həmin tarixdə də borclu barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi, icra məmuru “İcra haqqında” Qanununun 65-ci maddəsinin tələblərinə riayət etməyərək borclunun əmək haqqının 70%-nin tutulması ilə bağlı sərəncam qəbul etməmişdir. Halbuki, “İcra haqqında” Qanununun 65.1-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Bundan başqa, icra məmuru borclunun yaşayış evində olaraq evində tələbin yönəldilə biləcəyi əmlakının olub-olmadığını aydınlaşdırmamış, həmçinin “Elektron məhkəmə” İnformasiya sistemindən göründüyü kimi, borclunun "xxxx" KB ASC-nin “Biznes Mərkəzi” Filialında hesabı olduğu halda həmin hesaba inkasso sərəncamı verməmiş, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətinin yaranmasının əsaslarının nədə ifadə olunmasını nə protokolda, nə də məhkəmə iclasında əsaslandırmamış, əksinə, borclu barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda göstərilən işin hallarını nəzərə alaraq və sadalanan qanunvericilik müddəalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, “İcra haqqında” Qanunun 43.1.2, 44.1, 63.1.1-ci və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 12, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-490/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-490/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver