Məhkəmə qərarları › İş №3(056)-501/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-501/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-501/2025 04.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1920-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(071)-56/2018 saylı icra vərəqəsi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı müdafiə edərək bildirdi ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(071)-56/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 200 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənillməlidir. Borclunun bu günə ödənilməmiş 15950 manat aliment borcu yaranmışdır. Aliment borcunun ödənilməməsinə görə borclu hətta bir dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İcra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi zamanı borclu İcra və Probasiya şöbəsinə dəvət edilmiş, SMS məlumat göndərilmiş, qeydiyyatda olduğu ünvanda yaşamadığına görə barəsində axtarış qərarı qəbul edilmiş, axtarış nəticəsində tutularaq İcra və Probasiya şöbəsinə gətirilmişdir. O, izahat verərək bildirmişdir ki, o, tələbkara indiyə kimi cəmi 260 manat aliment ödəmişdir. Tələbkar bu halı inkar etməmişdir. Hazırda borclu icra məmurunun qanuni tələbini, yəni məhkəmə qərarlarının tam icrası ilə bağlı tələbini yerinə yetirmir. Beləliklə, Şəxs icra sənədlərinin icrasını vaxtında və tam təmin etmək barədə icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, həqiqətən də o, 2023-cü ildə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinə əsasən aliment borcunu ödəyə bilmədiyinə görə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2024-cü ilin aprel ayında azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra o, yaranmış aliment borcundan cəmi 250 manat ödəmişdir. Borcunu ödəməkdən imtina etmir. Sadəcə olaraq işləmədiyi üçün ödəniş edə bilməmişdir. Hazırda Qarabağ zonasında fəhlə işi tapmışdır. Oraya işləməyə gedərkən polis əməkdaşları onu saxlayıb Sabirabad rayon İcra və Probasiya şöbəsinə gətirmişlər. İşləyib qazanc əldə etdikcə həm aylıq borcu, həm də yaranmış borcdan ödəniş edəcəkdir. Hazırda ödəniş etmək imkanında deyildir. Maddi imkanı olmadığı üçün cərimə ödəmək də imkanında deyildir. Ona görə də o, barəsində həbs növündə tənbeh tədbiri tətbiq edilməsinə etiraz etmir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXMnin 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, yaranmış borc məbləğini və izahatının məzmununu nəzərə alaraq, bir dəfə də azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasına baxmayaraq, əməlindən nəticə çıxarıb ödənişləri həyata keçirməməsini, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tədbirini tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilərsə, o, ödəməli olduğu aliment məbləğindən də əlavə, dövlət nəfinə də vəsait ödəməli olacaqdır ki, bu da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Odur ki, məhkəmə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 14 (on dörd) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 14:20-dən hesablansın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar