Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-503/2025 04.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad şəhəri, Üzeyri Hacıbəyov küçəsi, 30 saylı evdə qeydiyyatda olan və Bakı şəhəri, Bakıxanov qəsəbəsində nömrəsiz evdə kirayənişin yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında 04 mart 2025-ci il tarixli protokola və ona əlavə olunmuş sənədlərə əsasən, Əhmədova X1 Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2(056)-2043/2024 saylı icra sənədini, Sabirabad Regional “Asan Xidmət” Mərkəzinin Notariat Kontorunun 8İ-7870 saylı, xx.xx.2024-cü il tarixli və 8İ-40 saylı, xx.xx.2025-ci il tarixli icra qeydlərini üzrlü səbəb olmadan icra etməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sabirabad rayon İcra şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2(056)-2043/2024 saylı icra sənədinin tələbinə əsasən Şəxs cəmi 3757 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 ödənilməli, 8İ-7870 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən 681,13 manat tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməli və 8İ-40 saylı, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən 703,99 manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədlərindən 8İ-7870 saylı, xx.xx.2024-cü il tarixli icra qeydi onun icraatındadır. Digər icra sənədləri icra məmurları Aydın İsmayılov və Xəqani Əzimovun icraatındadır. Borclu Sabirabad rayon İcra və Pronbasiya şöbəsinə könüllü gələrək icra sənədlərinin icrasını təmin etmədiyindən icra məmuru Aydın İsmayılov tərəfindən onbun yaşayış yerində olunmuş, lakin yaşayış yerində yaşamadığı müəyyən edilərək bu barədə xx.xx.2025-ci il tarixində müvafiq akt tərtib edilmiş, xx.xx.2025-ci il tarixində isə borclu barəsində icra məmuru Aydın İsmayılov tərəfindən axtarış qərarı qəbul edilərək icra olunması üçün Sabirabad RPŞ-yə göndərilmişdir. Borclu buu gün axtarış nəticəsində tutulub İcra şöbəsinə təqdim edilmiş, izahatı alınarkən o, Bakı şəhərində faktiki ailə qurub yaşadığını, icra sənədləri barədə məlumatı olmadığını yaranmış borcları birdəfəyə ödəmək imkanı olmadığını bildirmişdir. O, borc məbləğini ödəmədiyi üçün barəsində hazırki protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, icra məmurunun bildirdiyi icra sənədləri barədə məlumatlı olmamışdır. Belə ki, o, əvvəl ailəli olmuş, həmin nikahdan iki azyaşlı övladı vardır. Hazırda isə faktiki ailə qurmuş və ailəsi ilə birgə Bakı şəhərində yaşayır. Özü hamilədir. Buna görə heç yerdə işləyə bilmir. Sabirabad Rayon Məhkəməsinin qətnaməsi ilə isə razı deyildir. Həmin qətnaməni də rəsmi əldə etməmişdir. Qətnaməni əldə edib mübahisələndirmək niyyətindədir. Buna görə ona şərait yaradılmasını məhkəmədən xahiş edir. Hazırda o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İnzibati protokola əlavə olunmuş: Sabirabad Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2(056)-2043/2024 saylı icra sənədinin tələbinə əsasən Şəxs cəmi 3757 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X4 ödənilməlidir. 8İ-7870 saylı, xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, Şəxs 681,13 manat tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. 8İ-40 saylı, xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, Şəxs 703,99 manat tutularaq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. İcraata başlamaq haqqında qərarlardan görünür ki, göstərilən icra sənədləri üzrə icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmişdir. xx.xx.2025-ci il tarixdə borclunun axtarılması barədə qərardan görünür ki, Şəxs barəsində axtarış qərarı qəbul edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixli izahatının məzmunundan görünür ki, o, icra sənədləri barədə onun məlumatı olmamış, Sabirabad rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək istəyir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri, həmçinin icra işini araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında iş üzrə materialdan və materiala əlavə edilmiş sənədlərdən isə belə halın mövcud olması görünmür. Əksinə, müəyyən olunan hal ondan ibarətdir ki, icra sənədləri icra şöbəsinin icraatına daxil olandan sonra borclu İcra şöbəsində olmamış, ona İXM-nin 528.1-ci maddəsinin tələbləri izah edilməmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixində borclunun axtarılması barədə qərar qəbul edilmiş, borclu bu gün İcra və Probasiya şöbəsinə gətirilmiş, izahatı alıdıqdan dərhal sonra barəsində protokol tərtib edilib məhkəməyə təqdim edilmişdir. Halbuki, yenə də borclunun əmlak vəziyyəti yerində yoxlanılmamış, elektron İcra sistemi ilə əmlak vəziyyəti müfəssəl yoxlanılmaqla kifayətlənilmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, bu halların mövcudluğu vəziyyətində borclunun icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilməsinin əks göstəricisi kimi nəzərə alınmalıdır. Bundan başqa o da qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda göstərilən işin hallarını nəzərə alaraq və sadalanan qanunvericilik müddəalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 12, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-503/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-503/2025
04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver