Məhkəmə qərarları › İş №3(056)-506/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-506/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-506/2025 02.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati qərardan şikayət verən şəxs X2 nümayəndəsi Nümayəndə iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Ekologiya Yol patrul Xidməti baş inspektoru, polis baş leytenantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X5 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Ekologiya Yol patrul Xidməti baş inspektoru, polis baş leytenantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə gecə saat 01:00 radələrində idarə etdiyi WOLKSVAGEN JETTA markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqlyyat vasitəsilə Bakı- Qazax istiqamətində Sədərək yolu ilə hərəkətdə olarkən hava şəraitinin pis olması səbəbindən ondan qarşıdan baş vermis yol-nəqliyyat hadisəsi səbəbindən o, digər sürücülər kimi nəqliyyat vasitəsini yolun kənarına çəkib saxlamalı olmuş, qarşıdakı sıxlığın seyrəlməsini gözləmişdir. Bu zaman ondan arxa tərəfdə yüksək sürətlə idarə olunan Hyundai markalı nəqliyyat vasitəsi bir anda idarəetməni itirərək birbaşa onun dayanmış nəqliyyat vasitəsinə zərblə çırpılmış və maşının arxa hissəsi tamamilə əzilərək yararsız vəziyyətə düşmüşdür. O, DİN 102 xidmətinə zəng etmiş və baş vermis yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Saat 04:00-da YPX-nin ekipajı qəza yerinə gəlmiş, hadisə yerində fotoşəkillər çəkilmiş, müvafiq protocol tərtib etmişlər. Səhəri günü Baş Dövlət Yol Polisi İdarəsinə getmiş, BDYPİ-nin əməkdaşları nəqliyyat vasitəsinə dəymiş ziyanın qiymətləndirilməsinə və sığorta hadisəsi ilə bağlı ödənişin ona verilməsinə dair tərtib olunmuş sənədləri "xxxx" ASC-yə göndərdilər. BDYPİ tərəfindən ona 049280 saylı arayış təqdim olunduğ ki, nəqliyyat vasitəsi yolda hərəkətdə olan zaman Yol polisi əməkdaşları saxlamasınlar. Lakin xx.xx.2025-ci il tarixdə saat 09:30 radələrində o, idarə etdiyi nəqliyyat vasitəsi ilə təmir sexinə gedərkən Ekologiya Yol patrul Xidməti baş inspektoru, polis baş leytenantı X1 onu saxlatdırmış və Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə və 342.1-ci maddəsinə əsasən 50 manat cərimə yazmışdır. O, YPX əməkdaşına bildirmişdir ki, maşınınınarxası tamamilə yararsız vəziyyətdədir və bununla bağlı ona BDYPİ tərəfindən müvafiq arayış təqdim olunmuşdur. X8 patrul Xidməti baş inspektoru onun dediklərinə və təqdim etdiyi sənədlərə məhəl qoymamış, 50 manat cərimə yazıb qərar qəbul etmiş və ərazidən uzaqlaşmışdır. Həmin qərarı o, qanunsuz və əsassız hesab edir. Təqdim etdiyi sənədlər həmin qərarın qanunsuz olduğunu sübut edir. Məhkəmə iclasında iştirak edən inzibati qərardan şikayət verən şəxs X5 inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş polis əməkdaşının əsassız qərar qəbul etməklə yanaşı, Azərbaycan Respublikasının İXM-nin 96.1.2-ci maddəsinin də tələblərini pozduğunu, əgər həqiqətən də şikayətçi olan oğlu tərəfindən göstərilmiş qanun nörması pozulmuş idisə, oğlunun idarə etmədən kənarlaşdırılmalı olduğunu və avtomobili dayanacağa yerləşdirməli olduğunu, bunu bilən polis əməkdaşının əsassız qərar qəbul etdiyini bildiyi üçün göstərilən normanın tələbinə riayət etmədiyini bildirib şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Ekologiya Yol patrul Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN Ekologiya Yol patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət verən şəxsin izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş arayışdan da görünür ki, X3 idarə etdiyi **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə, saat 01:20-də X2 idarə etdiyi Wolksvagen markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuş, sonuncunun avtomobilinin arxa hissəsi zədələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsinə əsasən, dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına və ya mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə 40 manat cərimə edilir. Həmin Məcəllənin 342.5-ci maddəsinə əsasən, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 96.1.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. İşdən də göründüyü kimi, X5 idarə etdiyi Wolksvagen markalı ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə etməsindən kənarlaşdırılmamış və bu barədə protokol tərtib edilməmişdir. X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 342.5-ci maddəsi ilə qəbul edilmiş qərara münasibətdə isə qeyd edilməlidir ki, maddənin dispozisiyasından göründüyü kimi, həmin xətanın baş vermiş hesab edilməsi üçün sadalanmış hallar mövcud olmalıdır. Şikayətçinin avtomobilinə münasibətdə nisbətən uyğun gələn hal “konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı” olduğu halda, işdən də görünür ki, şikayətçinin idarə etdiyi avtomobildə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində nasazlıq yaranmışdır ki, həmin nasazlığın aradan qaldırılmasının mümkün olmamasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilən xüsusatları ümumiləşdirərək hesab edir ki, X2 mübahisələndirilən qərara münasibətdə əməlində inzibati xəta tərkibinin olması sübuta yetmədiyindən və inzibati xəta hadisəsi mövcud olmadığından həmin qərar əsassız hesab edilərək ləğv edilməli və başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 122, 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 342.1 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Ekologiya Yol patrul Xidməti baş inspektoru, polis baş leytenantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar ləğv edilsin, X4 əsassız yazılmış 50 manat inzibati cərimə silinsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sabirabad rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar