Məhkəmə qərarları › İş №3(056)-574/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-574/2025

07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-574/2025 07.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, xx.xx.1996-cı ildə Sabirabad rayonunun Bulduq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayonunun Bulduq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs Kür çayının mühafizə zonasında yonca əkini əkmiş, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 56 nömrəli qərarının 23-cü bəndinin tələblərini pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişlər və işə baxılmasını təxirə salmaq haqqında məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3 və 61.5-ci maddələrinə əsaslanaraq hesab edir ki, inzibati xəta haqqında işə tərəflərin iştirakı olmadan da baxıla bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Kür çayının mühafizə zonasında yonca əkini əkməklə Azərbaycan Respublikasının İXM-nin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsirli olması inzibati xəta haqqında protokol, və protokola əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati qaydada tənbeh edilməlidir. “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 56 nömrəli qərarının 23-cü bəndinə əsasən, 23. Bu Qaydaların 22-ci bəndində göstərilən məhdudiyyətlərə əlavə olaraq, sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması qadağan edilir: Azərbaycan Respublikasının İXM-nin 264.0.3-cü maddəsinə əsasən, su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması nəticəsində Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinin tələbinə uyğun olaraq onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat miqdarında cərimə edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar