Məhkəmə qərarları › İş №3(056)-66/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-66/2025

10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-66/2025 10.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1971-ci ildə Sabirabad rayonunun Qasımbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada şəxs evdə bağban işləyən, Sabirabad rayonu Əsgərbəyli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində ünvansız evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-782/2024 saylı icra vərəqəsi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı müdafiə edərək bildirdi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-782/2024 saylı icra vərəqəsi üzrə Şəxs 1 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. İcra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsinə dair borclu Şəxs edilmiş təkliflərə baxmayaraq, heç bir üzrlü səbəb gətirmədən icra məmurunun qanuni tələbini, yəni məhkəmə qərarının tam icrası ilə bağlı tələbini yerinə yetirməmişdir. Hazırda borclunun 1660 manat ödənilməmiş aliment borcu vardır. Borcludan borcun ödənilməsi tələb edildikdə o, borcunu tam ödəməyə hazırda imkanı olmadığını bildirmişdir. Beləliklə, Şəxs icra sənədinin icrasını vaxtında və tam təmin etmək barədə icra məmurunun qanuni tələbinə əməl etməmiş, ona görə də o, müvafiq protokol tərtib edib məhkəməyə təqdim etmişdir. Protokol məhkəməyə təqdim edildikdən sonra borclunun qardaşı gələrək borcdan 1000 manat ödənilməsi üçün pul gətirmişdir. Hazırda məhkəmə iclas zalında qeyd edilən pul vəsaiti ona təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, o, tələbkar ilə ayrılarkən yaşadığı evi tələbkara verib çıxmış, razılaşmaları belə olmuşdur ki, bunun qarşılığında tələbkar ondan aliment tələb etməsin. Lakin tələbkat sonradan ona qarşı məhkəməyə aliment tələbi ilə müraciət etmiş və müvafiq qətnamə qəbul edilmişdir. O, başqa şəxsə məxsus bağ evində işləyir və orada yaşayır. Aylıq əmək haqqı 380 manat təşkil edir. Buna görə onun borcu yaranmışdır. Qardaşının köməkliyi ilə hazırda 1000 manat pul icra məmuruna təqdim edilmişdir. Qalan borcu hazırda ödəmək imkanı yoxdur. Əgər barəsində həbs tənbehi tətbiq edilərsə işindən azad ediləcək və bundan sonra aliment ödəmək imkanından da məhrum olacaqdır. Odur ki, o, məhkəmədən barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin qeyd hissəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və iş yerinə malik olmasını, həbs edilərsə işindən azad olunma ehtimalını nəzərə almaqla, barəsində ona istinad olan maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Cərimə məbləğinin həddinin müəyyən edilməsinə gəldikdə isə məhkəmə, şəxsin maddi durumunu və aliment ödəmək öhdəliyi daşımasını nəzərə almaqla cərimənin maddənin sanksiyası daxilində müəyyənləşdirilmiş minumum həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar