Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-752/2024 10.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, X1 iştirakı ilə, xx.xx.1960-cı ildə Sabirabad rayonu, Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, işləməyən, evli, Sabirabad rayonu, Qalaqayın kəndində qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası İXM-nın 327.1 və 353.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin İmişli RPŞ-nin DYPB-nin inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP6407891 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin İmişli RPŞ-nin DYPB-nin inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP6407891 inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İXM-nın 327.1 və 353.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli bilinmişdir. X6 barəsində qəbul edilmiş yuxarıda istinad olunan inzibati tənbeh vermə haqqında protokoldan məhkəməyə şikayət verərək, protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında protokoltərtib edilmiş (şikayətçi) X6 şikayətini onunla əsaslandırmışdır ki, ailəsinin dolanışığını təmin etmək üçün özünə məxsus olan MERCEDES BENZ AXOR 1840 LS Yük markalı **-BK-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə həmişə olduğu kimi 10 aprel 2024-cü il tarixdə təxminən saat 22.20 radələrində İmişli rayonunun Çaxırlı kəndi ərazisində fəaliyyət göstərən «Qum karxanasından» qum götürüb həmin ərazidən 3 kilometr kənarda yerləşən yük maşınlarının yük və kütləsini çəkən TƏRƏZİ məntəqəsinə gələn zaman İmişli şəhəri ətraf yolunda İmişli RPŞ-nin YPB-nin inspektoru, polis serjantı X3 ona «saxla» işarəsi ilə maşını saxlama əmri vermişdir. O, dərhal maşını saxlamışdır. Hardan gəldiyini, maşında nə olduğunu, hara getdiyi soruşmuşdur. Bildirmişdir ki, Qum karxanasından gəlir, maşındakı yük qumdur, Tərəzi məntəqəsinə gedir ki, maşındakı yükü çəkdirib qanunla müəyyən edilmiş parametrlərə, normalara uyğun çəki ilə yola çıxsın. YPX-nin inspektoru polis serjantı Əzizalı Əliyev virtual baxışla maşında yükün artıq olduğunu bildirmiş və buna görə ona cərimə yazacağını demişdir. Yol polisi əməkdaşının nəzərinə çatdırmağa çalışmışdır ki, heç bir ağlı başında olan sürücü qanunla müəyyən edilmiş yük normativlərindən artıq yükü maşına vurmaz. O, indicə karxanadan çıxmış və karxanadan kənarda yerləşən TƏRƏZİ məntəqəsinə gedir. Bu günə kimi o, maşınına əlavə və artıq yük vurmamışdır ki, cərimə ödəsin. Lakin onun dediklərini yol polisi inspektoru nəzərə almamış, öz gündəlik planı üzrə qanunsuz əsaslarla işini icra edərək heç bir hüquqi əsas olmadan virtual görüntü ilə ona məqsədli şəkildə 600 manat cərimə yazmışdır. Yəni İmişli RPŞ-nin DYPB-nin əməkdaşı qüvvədə olan mövcud qanunvericiliyin tələblərinə riayət etmədən və qanunun tələblərini saymadan məqsədli şəkildə ona xx.xx.2024-cü il tarixdi İXP ******* saylı protokol tərtib etmiş və həmin protokola əsasən AR İXM-nin 327.1-ci və 353.2-ci maddələrinə əsasən ona 600 manat cərimə yazmışdır. Hal-hazırda həmin protokol üzrə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. DYPB-nin barəsində tərtib etdiyi qərarı əsassız və qanunsuz, ən başlıcası ədalətsiz hesab edir. Heç bir TƏRƏZİ olmadan özlərinin mikroskopik nəzəriyyələri və analoqu olmayan vizual ehtimalları ilə maşında artıq yükün olduğunu müəyyən etmişlər və ona Azərbaycan Respublikasının Qanunlarının tələblərini kobudcasına pozmaqa qanunsuz cərimə protokolu yazıb sərbəst buraxmışlar. Yol polisinin son sözü ona bu olmuşdur ki, onlar plan verməlidirlər, onlardan tələb edirlər, istər qanuni olsun, istər qanunsuz, o,da hamı kimi gedib ödəsin. Lakin o, heç bir inzibati xəta törətməmişdir. Qərarın yazılışına nəzər saldıqda görünür ki, yükün normadan artıq olmasını müəyyən edən tərəzi və onu sertfıkat nömrəsi qeyd olunmayıb. Həmin qərarda onun maşınında olan yükü çəkən tərəzinin sertifikat nömrəsi belə qeyd olunmayıb. Yol polisinin başlıca məqsədi müxtəlif variantlarla onu cərimə etmək və onun gündəlik üzərinə qoyulmuş «planı» doldurmaq idi. Ona görə də o, həmin qanunsuz qərarın ləğvi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İnanır ki, məhkəmə ədalətli qərar çıxarıb şikayətini təmin edəcəkdir. Qeyd olunanlara əsaslanaraq barəsində olan İnzibati xəta Haqqında Protokolun ləğv olunması xahiş olunur. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin İmişli RPŞ-nin DYPB-nin inspektoru polis serjantı X3ə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbi və mümkünsüzlüyünü bildirilməmiş, şikayətə etiraz və ya mülahizələrini təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X4 dinləyib, onun şikayətinin dəlillərini və əlavə etdiyi sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməli, X2 İXM-nın 327.1 və 353.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli TP6407891 inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP6407891 inzibati tənbeh vermə haqqında qərarda İXM-nın 327.1 və 353.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin əlamətləri formal olaraq sadalanmış, lakin inzibati xətanın aşkar edilməsini təsdiq edən sübutlar və şahidlər, habelə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan məlumatlar qeyd olunmamış, avtomaşının hansı xüsusi texniki vasitələrdən istifadə olunmaqla çəkilməsi, yükün hansı çəkidə olması və oxa düşən kütlə parametrlərini hansı həddə aşması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, işin düzgün həlli üçün əhəmiyyətli məlumatlara malik olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin İmişli RPŞ-nin DYPB-nin inspektoru polis serjantı X3 xx.xx.2024-cü il tarixdə inzibati xəta hadisəsini araşdırarkən, X2 hazırda məhkəməyə təqdim etdiyi şikayətinin dəlillərini nəzərə almadan, yəni inzibati xətanın olmamasına və qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən sübutları obyektiv surətdə qiymətləndirmək və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarmaq əvəzinə, hər hansı bir əsas olmadan, şəxsin konkret xətanı törətməkdə təqsirinin müəyyən edilmədiyi halda X2 barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya əməldə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Hesab edirəm ki, X2 əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində, Azərbaycan Respublikası İXM-nın 327.1 və 353.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin İmişli RPŞnin DYPB-nin inspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP6407891 inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6407891 inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. xx.xx.2024-cü il tarixli TP6407891 inzibati tənbeh vermə haqqında qərar əsasında İXM-nın 327.1 və 353.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-752/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-752/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver