Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-797/2024 07.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliqismət oğlunun iştirakı ilə, xx xxxxxxxx 1993-cü ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Muğangəncəli kəndində yaşayan Şəxs Əliqismət oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs Əliqismət oğlu xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-nin inzibati binasında ucadan nalayiq söyüşlər söymüş, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliqismət oğlu məhkəməyə vermiş olduğu izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə gecə saatlarında o, Sabirabad RPŞ-yə kəndlərində olan quldurluq faktı ilə əlaqədar gətirilmiş, orada o, nə kimsəni söymüş, nə də tabesizlik etmişdir. Onun quldurluq hadisəsi ilə də əlaqəsi yoxdur. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixində Muğangəncəli kəndində baş vermiş quldurluq hadisəsini törətməkdə şübhəli olan kənd sakini Şəxs xx.xx.2024-cü il tarixində Qusar rayonu Samur keçid buraxılış məntəqəsində saxlanılaraq izahatının alınması üçün xx.xx.2024-cü ildə saat 00:50-də Sabirabad RPŞ-yə gətirilmişdir. O, əvvəlcə RPŞ-nin binasının qarşısında avtomobildən düşüb qaçmağa cəhd göstərmiş, lakin mane olub xidməti otağa apararaq hadisə ilə bağlı söhbət edərkən Sərvər yenidən heç bir səbəb olmadan uca səslə oğurluq olanın və oğurluq edənin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, Sərvərə inzibati binada olduğunu xatırlatmış, etdiyi əməlin qanun pozuntusu olduğunu bildirmiş, sakitləşməsini tələb etmişdir. Lakin Sərvər onun tələbinə məhəl qoymamış, otağı tərk etməyə çalışmışdır. O, Sərvərin sakitləmədiyini görüb onu növbətçi hissəyə təhvil verməklə raportla rəhbərliklərinə müraciət etmişdir. Məhkəmə iclasında Şəxs Əliqismət oğlunun Sabirabad RPŞ-yə ünvanladığı xx.xx.2024-cü il tarixli izahatı elan edildi və həmin izahatda Şəxs inzibati binada söyüş söyməsinin, polis əməkdaşının intizama dəvət etdiyi zaman tələbinə tabe olmadığının etiraf edildiyi müəyyən edildi. Məhkəmə izahatları dinləyib, tədqiq edilmiş sübutları qiymətləndirməklə belə nəticəyə gəlir ki, Şəxs Əliqismət oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Onun özünü hazırda təqsirli bilməməsinə gəldikdə isə məhkəmə onun izahatını özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd edilən normanın tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş Şəxs Əliqismət oğlu daha ciddi xətaya görə, yəni Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliqismət oğlunun əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal və həmin Məcəllənin 33-cü maddəsində müəyyən edilmiş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs Əliqismət oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır. Çünki şəxsin törətmiş olduğu inzibati xətalar ictimai qaydanın mühafizə qaydalarının pozulmasına yönəlmiş xətalardır ki, həmin xətaların törədilməsi birbaşa cəmiyyətin mənafeyi ilə bağlıdır. Ona görə də məhkəmə onun barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 06 may 2024-cü il tarixdə saat 01:00 radələrində tutulmuş, bu barədə həmin tarixdə tutma protokolu tərtib edilmiş və o, Sabirabad RPŞ-də saxlanılmış, hal-hazıradək azad edilməmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikasının İXM-nin 89.5-ci maddəsinin tələbinə istinad edərək (inzibati qaydada tutma müddəti inzibati xətanı törətmiş şəxsin protokol tərtib etmək üçün gətirdiyi vaxtdan, sərxoş halda olan şəxsin isə ayıldığı vaxtdan hesablanır.) hesab edir ki, ona həbs təyin edərkən həbsetmənin əvvəli göstərilən zamandan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Əliqismət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs Əliqismət oğlunun inzibati qaydada həbsetmə müddətinin əvvəli 06 may 2024-cü il tarixdən saat 01:00-dan hesablansın. Qərann icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-797/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-797/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver