Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-836/2024 22.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1984-cü ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Sabirabad rayonu Qaralar kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Vəliyev X3 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(032)- 504/2011 saylı icra vərəqəsi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı müdafiə edərək bildirdi ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(032)-504/2011 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs hər ay bir uşağa 50 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Borclunun bu günə ödənilməmiş 1500 manat aliment borcu yaranmışdır. Borclu mütəmadi ödəniş etmədiyi üçün hazırki borc məbləği yaranmışdır. Tələbkar isə borcun ödənilməməsindən narazıdır. Borclu İcra şöbəsinə dəvət edilmiş, o, izahat verərək bildirmişdir ki, yaranmış borcunu hissə-hissə ödəyəcəkdir. Hazırda borclu icra məmurunun qanuni tələbini, yəni məhkəmə qərarlarının tam icrası ilə bağlı tələbini yerinə yetirmir. Beləliklə, Şəxs icra sənədlərinin icrasını vaxtında və tam təmin etmək barədə icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, o, yaranmış aliment borcunu birdəfəyə ödəmək imkanında deyildir. Özü kənddə fəhləliklə məşğul olur. Əslində o, tələbkarın ondan tələbi yoxdur. Yaranmış borcu keçmiş qaynatası tələb edir. Hər il yaz-yay aylarında keçmiş qaynatası kurorta getmək üçün onu sıxır və ondan şikayətlərə başlayır. Özü hazırda ailəlidir və 3 övladı vardır. Hazırki uşaqlarının da tələbatlarını qarşılamaqda çətinlik çəkir. Kənd əhalisi ona dolanması üçün maddi yardım edir. O, yaranmış borcunu hissə-hissə ödəyə bilər. Məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 3 azyaşlı övladının olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXMnin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, hazırki məhkəmə icraatı üzrə zərərçəkmiş şəxslə barışıq əldə edə bilməməsini, yaranmış borc məbləğini nəzərə alaraq, həmçinin onun maddi vəziyyətini daha da ağırlaşdırmamaq, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tədbirini tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilərsə, o, ödəməli olduğu aliment məbləğindən də əlavə, dövlət nəfinə də vəsait ödəməli olacaqdır ki, bu da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Odur ki, məhkəmə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 14:30-dan hesablansın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-836/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-836/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver