Məhkəmə qərarları › İş №3(056)-874/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-874/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-874/2025 07.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Sabirabad rayonunun Şıxsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Şıxsalahlı kəndində qeydiyyatda olan və Şirvan şəhəri, H.Əliyev prospekti, 15 saylı evin 3 saylı mənzilində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Taqıyev X4 “Asan Xidmət” Mərkəzində Notariat kontoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8i-10606 saylı icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Sabirabad “Asan Xidmət” Mərkəzində Notariat kontoru tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 8i-10606 saylı icra sənədi üzrə borclu Şəxs cəmi 8025 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. Borclu icra sənədi onun icraatına daxil olanadək tələbkarın xeyrinə müəyyən ödənişlər etmiş, icra sənədi onun icraatına daxil olduqdan sonra keçən ilin oktyabr ayında tərəflər borclunun hər ay stabil 400-500 manat ödəməklə borcun bağlanması barədə razılıq əldə etmişlər. Lakin ödənişlər razılıaşdırılmış həddə deyil, az məbləğdə həyata keçirildiyi üçün tələbkar narazılığını ifadə etməyə və icra sənədinin icra edilməməsindən şikayət etməyə başlamışdır. Ona görə də o, müvafiq inzibati xəta haqqında protokol tərtib etmişdir. Bu günə kimi borclu tərəfindən 3325 manat məbləğində ödəniş həyata keçirilmiş, bu günə onun 4700 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, o, ödəməli olduğu borcunu ödəməkdən yayınmaq və icra məmurunun qanuni tələbi yerinə yetirməmək niyyətində deyildir. Belə ki, o, icra məmurunun qeyd etdiyi kimi bu günə qədər borcundan 3325 manat ödəniş həyata keçirmişdir. Tələbkar ilə razılaşdıqdan sonra onun razılaşdırılmış məbləğdə ödəniş həyata keçirə bilməməsinin səbəbi səhhəti ilə əlaqədar bir müddət işləyə bilməməsi olmuşdur. O, hazırda sahəsində ot əkmişdir. Yaxın müddətdə otu yığıb satmaqla borcunu tam ödəyəcəkdir. Özü ailəlidir və himayəsində iki azyaşlı övladı vardır. Əgər sahəsində işləməsə otu xarab olacaq və o, gözlədiyi qazancdan məhrum olmaqla yanaşı, borcunu ödəmək imkanından da məhrum olacaqdır. İlk dəfədir ki, inzibati xəta törədir. Göstərdiyi xüsusatların nəzərə alınaraq məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Məhkəmə izahatı dinləyib, inzibati xəta haqqında MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, tələb üzrə borcun yarısına yaxın məbləğdə ödəniş həyata keçirməklə icra sənədinin icrasında maraqlı olmasını nümayiş etdirməsini, ailə və təsərrüfat vəziyyətini İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İXMin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, əgər o, inzibati qaydada həbs edilərsə təsərrüfatı nəzarətsiz qalacaqdır ki, bu fonda o, əldə edəcəyi gəlirdən məhrum olacaq, həmçinin gəlir əldə edə bilmədiyinə görə yaranmış borcunu ödəməkdə də çətinliklər yaranacaqdır. Odur ki, onun barəsində ona istinad olan maddənin sanksiyasında həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Cərimə məbləğinin həddi isə borclunun əmlak və ailə vəziyyəti nəzərə alınmaqla minimum həddə müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar