Məhkəmə qərarları › İş №3(056)-9/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-9/2023

06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-9/2023 06.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxs Həşim qızının, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sabirabad rayonu, Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Sabirabad rayonu, Qəzli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs yaşadığı Sabirabad rayonu, Qəzli kəndində xx.xx.2022-ci il tarixdə qaynanası Zərərçəkmiş şəxs Həşim qızı ilə mübahisə edərək onu döymüş və nəticədə onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 2005-ci ildə Fariz Məmmədovla ailə qurmuş, əvvəllər ailə münasibətləri normal olsa da, bir müddət sonra Farizin anası Fatma onunla mehriban dolanmamış, evdə sözsöhbətlər yaratmışdır. Bu mübahisələr ard-arda davam etdiyindən 2020-ci ildə ailəsindən rəsmi qaydada boşanmışdır. Məhkəmə tərəfindən uşaqlara aliment verilməsi barədə qərar çıxarılmış, lakin buna baxmayaraq həmin vaxtdan yenə də ər evində qalmışdır. Bir neçə gün öncə qayınanası onu uşaqları ilə birgə evdən qovub çıxarmışdır. xx.xx.2022-ci il tarixdə o, inşaat malları alıb əri Farizgilin həyətinə getmişdir ki, öz qaldıqları otaqları ayırsınlar. Orada olarkən Fatma onu və qardaşı Hacını nalayiq söyüşlərlə söyüb saçını yolmağa başlamış, hətta sifətinə dırnağı ilə cırmaq atmışdır. Yanında olan Hacı onları sakitləşdirmişdir. Həmin hadisə zamanı o, heç kimi döyməmişdir. Göstərdiklərinə əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Həşim qızı izahat verərək bildirdi ki, Fariz oğlu, Könül isə keçmiş gəlinidir. Onlar 2005-ci ildə ailə qurmuş, iki övladları vardır. 2020-ci ildə onlar dolanmadığı üçün rəsmi qaydada ayrılmışlar. Farizin alimenti ödəməyə pulu olmadığından, bir neçə gün olar ki, Fariz məhkəmə qərarı ilə inzibati qaydada həbs edilmişdir. Bunun üçün də məhkəmə vasitəsi ilə Könülə 1500 manat aliment borcu ödəmişlər. Könül xx.xx.2022-ci İl tarixdə uşaqları götürüb atası evində qalmağa getmiş, bir söz deməmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında evdə olan zaman Könülün qardaşı Hacı və Hacının qaynatası ilə həyətə gəlib və qapını açıb həyətə tikinti materialların boşaltmasını görmüş, niyə tikinti materialları gətirməsini soruşduqda, Könül cavab vermişdir ki, evi ayırmağa gəlmişdir. O, bununla bağlı iradını «sən niyə məhkəmə qərarı olmadan gəlib evi ayırırsan» deyə bildirmiş, bunun üstündə Könül sözlə mübahisə yaratmış, nalayiq söyüşlər söyməyə başlamış, boğazından tutub sıxmış, orada olan gəlinin qardaşı Hacı onları aralamışdır. O, Könülün saçından tutub dartmamış, üzünə cırmaq atmamışdır. Könül onu döymüşdür. Hazırda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayətçidir və onun barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X3 izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu Sabirabad RPŞnin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis mayoru Möhlət Bayramov tərəfindən qəbul edilmiş 30 dekabr 2022-ci il tarixli «cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» Qərarı əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmışdır. İşin icrası ona həvalə edilmiş və o, müvafiq protokolu tərtib etmişdir. Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis mayoru Möhlət Bayramov tərəfindən qəbul edilmiş 30 dekabr 2022-ci il tarixli «cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» Qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X1 tərəfindən verilmiş «canlı şəxsin ekspertizası haqqında» xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-boyunun sol yan səthində, onurğa xətti üzrə 2-3-cü bel fəqərəsi səviyyəsində qançırlar küt əşya(lar)ın təsirindən əmələ gəlmiş, müddəti xx.xx.2022-cı il tarixə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə izahatları dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə qaynanası Zərərçəkmiş şəxs Həşim qızını döyüb sağlamlığına zərər vurmayan xəsarət yetirərək Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması 30 dekabr 2022-ci il tarixli «cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» Qərarı, bunu tamamlayan ekspert rəyi, inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən maddə ilə müəyyən olunmuş əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsunun əməlində Azərbaycan Respublikasının İXM-nın 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsi ilə göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxsi döyməməsi barədə ifadəsini özünü müdafiə xarakterli ifadə və inzibati məsuliyyətdən yayınmağa yönəlmiş hərəkət kimi qiymətləndirir. Belə ki, hadisə baş verdiyi zaman onlardan başqa hadisənin törədildiyi yerdə kimsə olmamışdır. Bu xüsusatdan da istifadə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxsi döymədiyini bildirməklə inzibati məsuliyyətdən yayınmağa çalışır. Lakin yuxarıda qeyd edildiyi kimi inzibati xətanın onun tərəfindən törədilməsi zərərçəkmiş şəxsin polis orqanına müraciət edərkən Şəxs şikayətçi olması, əldə edilmiş ekspert rəyinə əsasən xəsarətlərin zərərçəkmiş şəxsin göstərmiş olduğu şəraitdə (Şəxs tərəfindən döyülməsi) əmələ gələ bilməsi ilə sübuta yetirilmiş hesab edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin qadın olmasını, hər hansı gəlirə malik olmamasını, rəsmi qaydada boşanmaqla övladlarının onun himayəsində saxlanmasını nəzərə almaqla, barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar