Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-932/2025 18.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X4 oğlunun katibliyi, X1 iştirakı ilə, X5 Azərbaycan Respublikası İXM-nın 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ28085028 nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ28085028 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikasının İXM-nın 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinmişdir. X7 barəsində qəbul edilmiş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, «Merecedes Benz AXOR 1840LS» yük markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomaşın X2 məxsusdur. Bu avtomaşını isə iki nəfər – o və X6 idarə edir. X6 xx.xx.2025-ci il tarixdə 21:56 radələrində etibarnamə ilə idarə etdiyi «Merecedes Benz AXOR 1840LS» yük markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində quraşdırılmış elektron tərəzi vasitəsi ilə icazə verilmiş maksimum kütlə 40 ton olduğu halda yük 39680 kq ola-ola əsassız olaraq ona 1200 (bir min iki yüz) manat məbləğində cərimə yazılmışdır. Halbuki, yük maşınını çəkdirən zaman girişdə xx.xx.2025-ci il tarixdə saat 18:58 radələrində və çıxış xx.xx.2025-ci il tarixdə, saat 19:03 radələrində 39680 kq çəki müəyyən edilmişdir. Yükü isə müvafiq qaydada xx.xx.2025-ci il tarixdə saat 23:24 radələrində yük maşınına çəkdirən zaman çəkisi 39700 kq müəyyən edilmişdir. Lakin buna baxmayaraq ona xx.xx.2025-ci il tarixdə 21:56 radələrində DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əsassız olaraq çəkisi limiti keçmiş kimi 43320 kq müəyyən edilmişdir. Əldə etdiyi müvafiq çəki sənədlərindən də görünür ki, çəki 40 tonu keçməmişdir. Bu qərara istinadən maksimum 40 tonu keçməmək şərti ilə yükdaşıma fəaliyyəti ilə daim məşğul olmuşdur. Amma buna baxmayaraq ona 39700 kq çəkiyə görə əsassız cərimə yazılmışdır. Bundan başqa haqq-ədalət pozulmuş və o, idarə etməyə-etməyə belə bir əsassız qərarın tərtib edilməsi əsassızdır. Odur ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 bildirdi ki, «Merecedes Benz AXOR 1840LS» yük markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı qeyd etdiyi kimi ona və X3 etibarnamə verilmişdir. Sonuncu etibarnamə onun adına olduğu üçün cərimə barədə qərar da onun barəsində qəbul edilmişdir. Yasin ona artıq çəkidə yük aparmadığını bildirmişdir. Şikayətində də göstərdiyi kimi, yük avtomobili hərəkətə başlamamışdan əvvəl yük çəkilmiş və qanunla müəyyən edilmiş çəki limitinin keçilmədiyi aşkar edilmiş, bundan sonra Yasin hərəkətdə olmuşdur. Hazırda o, məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbi və mümkünsüzlüyünü bildirilməmiş, şikayətə etiraz və ya mülahizələrini təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ28085028 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara və əlavə olunmuş materialları araşdıraraq hesab edir ki, şikayət əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, iş materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən çəkilmiş olan fotoşəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixində saat 21:56 radələrində **-FP-*** dövlət qeydiyyat nişanlı avtomaşında 43320 kq yük aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, saat 18:58 radələrinə dair 26660 nömrəli tərəzi qəbzindən görünür ki, göstərilən zamanda **-FP-*** dövlət qeydiyyat nişanlı avtomaşında 39680 kq yük olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, saat 23:24 radələrinə dair tərəzi qəbzindən görünür ki, göstərilən zamanda **-FP-*** dövlət qeydiyyat nişanlı avtomaşında 39700 kq yük olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, saat 00:50 radələrinə dair tərəzi qəbzindən görünür ki, göstərilən zamanda **-FP-*** dövlət qeydiyyat nişanlı avtomaşında 39970 kq yük olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin qaydanın 4.2-ci bəndinə əsasən iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin faktiki qabarit ölçüləri xüsusi ölçü alətləri və cihazları, hərəkətdə olan belə nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri isə yol örtüyünün altında yerləşdirilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texniki vasitələri (elektron tərəziləri) vasitəsilə, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarət məntəqələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılmaqla, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları ilə birlikdə yoxlanılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin 2 nömrəlinə əsasən nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır. Həmin cədvəlin 3.1-ci bəndin üçüncü abzasına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə nəqliyyat vasitələrində icazə verilən ümumi kütlə 40 tondur. İş materiallarını araşdırıb şikayətin dəlillərinə qiymət verərək hesab edirəm ki, işdə olan sübutlar iş üzrə icraata xitam verilməsinə əsas vermir. X5 əməlində İXM-nın 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş inzibati xəta faktını təsdiq edən elektron tərəzinin göstəricilərinin əks olunduğu fotoşəkil ilə öz təsdiqini tapır. Baxmayaraq ki, Elşad Miriyevin özünü müdafiə üçün məhkəməyə təqdim etdiyi qəbz və qaimələrdən onun əməlində inzibati xəta tərkibinin olmaması görünür, amma nəqliyyat vasitəsinin yüklənmiş vəziyyətdə yola çıxmamışdan yoxlatdırdığı çəkisi, yükü təhvil verdiyi yerdəki çəkisi, cərimənin tətbiq edildiyi texniki vasitə ilə və nəzarət postunda yenidən çəkilən çəkinin hər biri arasında fərqlərin olması iş materiallarına əlavə olunmuş sənədlərdən açıq görünür. Habelə məhkəməyə kserokopyası təqdim edilmiş digər çəki çekləri üzrə nəqliyyat vasitəsinin müxtəlif vaxtlarda hansı şəraitdə çəkilməsi bəlli deyildir. Həmçinin həmin kserokopya çeklər hər hansı blankda deyildir, habelə mötəbərliyini təsdiq edən möhür və digər rekvizitlər əks olunmamışdır. Həmçinin o da qeyd edilməlidir ki, işin araşdırması zaman şikayətçiyə barəsində qəbul edilmiş qərar zamanı aşkar edilmiş çəkidən sonrakı saatlara dair (saat 23:24 və saat 00:50. bu zaman kəsiyində çəki fərqi 270 kq artıq olmuşdur) özünün təqdim etmiş olduğu çəkilər arasındakı fərqlərin nədən qaynaqlanması barədə sual verilərkən şikayətçi bu sual üzrə tutarlı cavab verə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi əsasları müəyyən edilmədiyi üçün həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsaslaraq qərarın dəyişdirilmədən saxlanması haqqında qərar qəbul edilməsini məhkəmə əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134, 135, 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İXM-nın 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ28085028 nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada əlkdə edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-932/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-932/2025
18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver