Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-940/2025 03.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1980-ci ildə Sabirabad rayonunun Zalqarağac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, İİİ qrup əlil, Sabirabad rayonunun Zalqarağac kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivində nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Teymurov X4 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-2078/2024 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)- 2078/2024 saylı icra sənədi üzrə borclu Şəxs 7000 manat borc pul vəsaiti və 90 manat ödənilmiş dövlət rüsumu tutularaq X3 ödənilməlidir. Borclu yaşadığı yerdə aşkar edilməmiş, buna görə onun barəsində axtarış qərarı qəbul edilərək Sabirabad RPŞ-yə göndərilmişdir. Bu gün o, axtarış nəticəsində tutularaq İcra və Probasiya şöbəsinə təqdim edilmişdir. İzahatı alınarkən müəyyən edilmişdir ki, Borclu hissə-hissə borcundan ödənişlər etmiş, nəticədə bu günə 3175 manat borcu yaranmışdır. Ondan borcun tam ödənilməsi tələb edildikdə o, imkanı olmadığını bildirmişdir. Borclu axtarışa verilənədək onunla dəfələrlə telefon əlaqəsi saxlanılmış, şöbəyə dəvət edilmiş, lakin o, bəhanələrlə şöbəyə gəlməkdən imtina etmişdir. Hazırda borclu onun tələbini yerinə yetirmədiyi üçün o, müvafiq protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, o, ödəməli olduğu borcunu ödəməkdən yayınmaq və icra məmurunun qanuni tələbi yerinə yetirməmək niyyətində deyildir. Belə ki, o, icra məmurunun qeyd etdiyi kimi bu günə qədər borcundan ödənişlər həyata keçirmişdir. O, İİİ qrup gözdən əlil olmaqla fəhləlik edərək qazancından toplayıb tələbkara ödənişlər edir. Hətta onun pensiyasından da tutularaq tələbkara ödənilir. Ailə tərkibi genişdir və ailəsinə yeganə qazanc gətirən şəxs odur. Həm astma, həm də şəkər xəstəsidir. Özü Bakı şəhərində kirayədə yaşayır. Hər ay tələbkara ödənişlər edir. Hazırda o, özünü təqsirli bilir. İlk dəfədir ki, inzibati xəta törədir. Əgər həbs edilərsə ailəsinin maddi vəziyyəti də ağırlaşacaqdır. Ona görə də o, barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə izahatı dinləyib, inzibati xəta haqqında MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, tələb üzrə borcun yarısından çox məbləğdə ödəniş həyata keçirməklə icra sənədinin icrasında maraqlı olmasını nümayiş etdirməsini, ailə və sağlamlıq vəziyyətini İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, əgər o, inzibati qaydada həbs edilərsə təsərrüfatı nəzarətsiz qalacaqdır ki, bu fonda o, əldə edəcəyi gəlirdən məhrum olacaq, həmçinin gəlir əldə edə bilmədiyinə görə yaranmış borcunu ödəməkdə də çətinliklər yaranacaqdır. Odur ki, onun barəsində ona istinad olan maddənin sanksiyasında həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Cərimə məbləğinin həddi isə borclunun əmlak və ailə vəziyyəti nəzərə alınmaqla minimum həddə müəyyən edilməlidir. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2025-ci il tarixdə saat 20:30 radələrində tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 11:00-da azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə növündə tənbeh tədbiri tətbiq edilərkən onun təxminən 1 günə yaxın müddətdə inzibati qaydada həbsdə saxlanıldığı zaman nəzərə alınmalı, ona təyin edilmiş cərimə tənbehi inzibati həbsdə saxlanıldığı müddətə uyğun kompensasiya edilməklə 50 manat məbləğində azaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Şəxs inzibati qaydada həbsdə saxladıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 450 (dörd yüz əlli) manat məbləğində cərimə tənbehi saxlanılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-940/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-940/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver