Məhkəmə qərarları › İş №3(056)-951/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-951/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-951/2025 05.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi X1 iştirakları ilə, xx xxx 1989-cu ildə Sabirabad rayonunun Sarxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabirabad rayonunun Sarxanbəyli kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində Zərərçəkmiş şəxs ilə mübahisə edərək onu döymüş və nəticədə onun sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Nuranə onun keçmiş arvadıdır. O, xx.xx.2025-ci ildə Nuranənin işlədiyi iş yerinə ona vermiş olduğu bank kartını geri almaq üçün getmiş, Nuranə kartı qırıb atdığını bildirmiş, buna görə aralarında mübahisə olmuş və o, Nuranəni təhqir etmişdir. Nuranə də onu təhqir etmiş, mübahisə zamanı o, Nuranəni özündən ayırmaq üçün əlindən tutub itələmişdir. Hazırda özünü təqsirli bilir. İlk dəfədir ki, inzibati xəta törədir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Cabbar onun keçmiş əridir. Onlar xeyli müddətdir ki, ayrılmışlar və o, uşaqları ilə birgə atası evində yaşayır. Özü şəhid bacısıdır. Birgə yaşadıqları zaman da Cabbar onu daim incitmiş, onun şəhid qardaşının adından istifadə edərək oğözünü şəhid ailəsi kimi təqdim etmişdir. Sonuncu dəfə Cabbar onun iş yerinə gəlmiş, ondan bank kartını istəmiş, o, kartı qırıb atdığını bildirdikdə Cabbar onu təhqir etmiş, o, telefonunu götürüb 102 Xidmətinə zəng etmək istəyəndə Cabbar onun əlindən bərk sıxıb telefonu almağa çalışmış və onu itələmişdir. Hazırda da o, şikayətçidir və tənbeh məsələsini məhkəmənin mülahizəsinə buraxır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi X2 izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Cavanşir Zülfüqarov tərəfindən qəbul edilmiş 22 may 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarı əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmış, işin icrası ona həvalə edilmiş və o, müvafiq protokolu tərtib etmişdir. Bundan başqa, Şəxs digər bir şəxsi də döymüş, buna görə əlavə olaraq onun barəsində İXM-nin 157-ci maddəsi ilə hazırlanmış inzibati xəta haqqında iş materialları bu gün baxılması üçün məhkəməyə təqdim edilmişdir. Şəxs yaşayış yeri üzrə də mənfi xarakterizə olunur. Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Cavanşir Zülfüqarov tərəfindən qəbul edilmiş 22 may 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. 22 may 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarda əksini tapmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ saidin 1/3-də iç səthdə, sağ əlin üst hissəsində qançırlar küt əşyanın(ların) əmələ gəlmiş, müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə izahatları dinləyib, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyüb sağlamlığına zərər vurmayan xəsarət yetirərək Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması 22 may 2025-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» Qərarı, bunu tamamlayan ekspert rəyi, inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən maddə ilə müəyyən olunmuş əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nın 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs il əməlində həmin Məcəllənin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır. Ona görə də məhkəmə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə inzibati həbs tənbeh tədbirinin həddini müəyyən edərkən Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinin tələblərini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmə müddətinin əvvəli 05 iyun 2025-ci il tarixdən saat 14:29-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar