Məhkəmə qərarları › İş №3(056)-966/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-966/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-966/2025 01.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Allahverdiyevin sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi ilə, xx.xx.1983-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu, Yuxarı Axtaçı kəndində qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası İXM-nın 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28160816 nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28160816 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikasının İXM-nın 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. X4 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28160816 nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 28160816 nömrəli Qərarının ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, «Merecedes Benz AXOR 1843 LS» yük markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomaşın X6 məxsusdur. O, xx.xx.2025-ci il tarixdə 16:34 radələrində etibarnamə ilə idarə etdiyi «Merecedes Benz AXOR 1843 LS» yük markalı, **-UV- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində quraşdırılmış elektron tərəzi vasitəsi ilə icazə verilmiş maksimum kütlə 40 ton olduğu halda yük 39830 kq ola-ola əsassız olaraq ona 1200 (bir min iki yüz) manat məbləğində cərimə yazılmışdır. Halbuki, yük maşınını çəkdirən zaman girişdə xx.xx.2025-ci il tarixdə saat 16:34 radələrində 39830 kq çəki müəyyən edilmişdir. Bu qərara istinadən maksimum 40 tonu keçməmək şərti ilə yükdaşıma fəaliyyəti ilə daim məşğul olmuşdur. Amma buna baxmayaraq ona 39830 kq çəkiyə görə əsassız cərimə yazılmışdır. Necə olur ki, ora quraşdırılmış tərəzini o, görə-görə belə bir təkrar inzibati xəta törətsin. Bundan başqa haqədalət pozulmuş və ona qərarın tərtib edilməsi əsassız olmuşdur. Odur ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən X1 bildirdi ki, ümumiyyətlə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində quraşdırılmış elektron tərəzi düzgün işləmir. Belə ki, onunla birgə Bakı şəhərinə yük aparan yük avtomobillərinin hər birinə müntəzəm olaraq bu qaydada cərimə tətbiq edilir. Lakin nəzərə almaq lazımdır ki, sürücüyə hər ton yükə görə cəmi 18 manat pul qalır. 3 ton yükə görə də qazanc 54 manat təşkil edir. Heç bir sürücü də 54 manat əlavə qazanca görə qayda pozub 1200 manat cərimə edilməsini arzulmaz və belə bir hala yol verməz. Bundan əvvəl 600 manat cərimə olunarkən o, qərardan şikayət vermə qaydası və proseduru barədə məlumatlı olmadığı üçün məcbur qalıb həmin cəriməni ödəmişdir. Onun sürücü olaraq aylıq qazancı nə qədər təşkil edir ki, bu qədər məbləğdə cərimə ödəsin. Sadəcə olaraq işindən ayrılmaması üçün məcbur olub ailəsinin dolanacağından kəsərək həmin cəriməni ödəmişdir. İndi ona tətbiq olunmuş cəriməyə münasibətdə isə, hərəkətə başlamadan yükünü çəkdirmiş olduğu tərəzinin də müvafiq sertifikatı vardır. Onların idarə etdikləri avtomobilllərə CPRS quraşdırılmışdır ki, bu da onlar hərəkətdə olarkən yolda dayanmamalarına nəzarət etmək üçündür. O, Səngəçal qəsəbəsində tərəzidən keçdikdən Qeyd etdiyi kimi Səngəçal qəsəbəsində quraşdırılmış tərəzi düzgün işləmədiyindən və o, müəyyən olunmuş limitdən artıq yük daşımadığından ilk öncə cərimənin tətbiq edildiyi yer üzrə səlahiyyətli orqana müraciət edib etirazını bildirmiş, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də o, məhkəməyə müraciət etmişdir və hazırda şikayətinin təmin edilməsini xahiş edir. DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbi və mümkünsüzlüyünü bildirilməmiş, şikayətə etiraz və ya mülahizələrini təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X3 dinləyib, onun şikayətinin dəlillərini və əlavə etdiyi sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, X2 İXM-nın 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli EQ 28160816 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş tərəzi qəbzdən görünür ki, şikayətçinin idarə etdiyi **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yükü müvafiq olaraq xx.xx.2025-ci il tarixində saat 17:05 radələrində 40100 kq təşkil etmişdir. Məhkəmə iclası sübutların təqdim edilməsi baxımından təxirə salınmış olsa da, qərarından şikayət edilmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, qəbul edilmiş qərarın əsaslılığı barədə hər hansı sübutu (şikayət olunan tərəziyə münasibətdə sertifikat və s.) məhkəməyə ünvanlamamışdır. Beləliklə, şikayətçinin məhkəməyə təqdim etdiyi tərəzi qəbzində müəyyən edilmiş vaxt zamanı ilə ona cərimənin tətbiq olunduğu tərəzi göstəricisinin qeydə alındığı zaman göstəricisi arasında müddət fərqi yoxlanılarkən müəyyən edilmişdir ki, iki tərəzi göstəricisinin qeydə alınma zamanları arasında 31 dəqiqə vaxt vardır. Həmçinin o da qeyd edilməlidir ki, şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş tərəzi qəbzi üzrə müvafiq tərəzinin sertifikatı da şikayətə əlavə edilmişdir ki, cərimənin tətbiq edildiyi müvafiq tərəzi üzrə sertifikat məhkəməyə təqdim edilmədiyindən sertifikatların qarşılıqlı tədqiqatı mümkün olmamışdır. Göründüyü kimi, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam araşdırılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati iş yenidən baxılması, qanunauyğun tədbir görülməsi üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXMnın 353.5-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 28160816 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş yenidən baxılması üçün səlahiyyətli orqana (DİN Baş Dövlət Yol Polisi İdarəsinə) göndərilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar