Məhkəmə qərarları › İş №3(056)-968/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-968/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-968/2024 02.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN1981756№-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli MN 1981756№-li inzibati xəta haqqında protokola və əlavə olunmuş sənədlərə görə Şəxs xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs Oqtay oğluna məxsus 6 ədəd «Palma» ağaclarını torpaqdan çıxarması nəticəsində, həmin ağaclar məhv olmuş və nəticədə Zərərçəkmiş şəxs 360 manat dəyərində ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata etiraz edib izahatında göstərmişdir ki, tərəfindən çıxarılması istinad edilən 6 ədəd «Palma» ağacları, istifadə etdiyi torpaq sahəsində onun razılığı olmadan Zərərçəkmiş şəxs Oqtay oğlu tərəfindən əkildiyi üçün, həmin ağaclar çıxarılaraq Zərərçəkmiş şəxs evinin yaxınlığında əkilmişdir. Zərərçəkmiş şəxs Oqtay oğlu ilə aralarında torpaq mübahisəsi olduğu səbəbindən, o, yanlış olaraq məlumat vermişdir ki, güya ağaclar məhv edilib. Hesab edir ki, onun əməllərində inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarında olan “cinyət işi başlanmasının rədd edilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli qərara əsasən görünür ki, X2 və Zərərçəkmiş şəxs Oqtay oğlunun müraciətləri əsasında aparılan araşdırma nəticəsində Şəxs və X1 əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə barələrində cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-nın 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-yə verilməsi, Qərarın surətinin R.Nifdaliyev və Zərərçəkmiş şəxs göndərilməklə, qərardan narazı qaldıqları halda şikayət etmək hüquqlarının izah edilməsi qərara alınmışdır. Həmin “cinyət işi başlanmasının rədd edilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli qərarın məzmununda aşağıdakılar göstərilmişdir: Sabirabad şəhəri, Şəhriyar küçəsi, ev 36-da yaşayan Zərərçəkmiş şəxs Oqtay oğlu xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng edərək, qonşuları tərəfindən 72 ədəd ağaclarının oğurlanmasını bildirmişdir. Həmin tarixdə Zərərçəkmiş şəxs rayon polis şöbəsinə ərizə yazaraq, qonşusu Mirağa və Mirnur Mustafayevlərin, küçədə əkdikləri 72 ədəd yaşıllıq ağaclarını icazəsiz çıxarıb kənara yığmalarını və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məlumatı ilə əlaqədar xx.xx.2023-cü il tarixdə hadisə yerinə keçirilmiş baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixə keçən gecə qonşuları Mirağa və Mirnur tərəfindən 72 ədəd dekorativ ağaclar çıxarılıb sıra ilə kənara düzülmüş, ağaclar qurumasın deyə dərhal öz yerlərinə əkmişlər. Baxış zamanı Zərərçəkmiş şəxs 8 ədəd «palma» ağaclarını göstərib bildirmişdir ki, bunları Mirağa və Mirnurun xx.xx.2023-cü il tarixdə çıxarıb atdıqdan sonra kötükləri qırıldığı üçün qurumağa başlamış, inkişaf etməmiş, yararsız hala düşmüş, ona görə də setka hasarın kənarına yığmışlar. Zərərçəkmiş şəxs göstərdiyi həmin ağaclara baxış keçirilərkən müəyyən olunmuşdur ki, bunlar «palma» növlü ağaclar olmaqla, 3 ədədinin uzunluğu 2 metr, 2 ədədinin uzunluğu 1,5 metr, digər 3 ədədinin uzunluğu isə 50-60 sm. uzunluqdadır, həmin 8 ədəd «palma» növlü ağaclarının rənginin saralması və quruması müşahidə olunmuşdur. Zərərçəkmiş şəxs Oqtay oğlu izahatında göstərmişdir ki, yaşadığı Şəhriyar küçəsində yolun kənarında təxminən 20x12 metr ölçülü boş yerin arxa tərəfində qonşuları Mirağa və Mirnur Mustafayevlərə məxsus yarımçıq tikilmiş ev və həyətləri yerləşir. Onlar həmin yeri həyətlərinə əlavə etməyə çalışsalar da, buna aidiyyəti qurumlar onlara icazə verməmişdir. Yaşıllıq salınması məqsədi ilə təxminən 20 qonşunun təşəbbüsü ilə həmin ərazini setka hasara alınmış və oraya şam, palma, kivi, zeytun və digər dekorativ ağaclar əkilmişdir. Bir neçə gün əvvəl, xx.xx.2023-cü il tarixə keçən gecə onlar əvvəlcə 64 ədəd ağacları çıxarıb kənara atmışlar. Buna görə qonşusu Ramiz Niftaliyev 102 xidmətinə şikayət vermişdir. Bundan sonra onlar çıxarılan ağacları və əlavə olaraq bir neçə ağac alıb yenə yaşıllıq sahəsinə əkmişlər. xx.xx.2023-cü il tarixdə səhər durub küçəyə çıxarkən, Mirağagilin yenə ağacları çıxarıb kənara yığmasını görmüş, bu dəfə 72 ədəd müxtəlif növ ağacları çıxarmışlar. Buna görə o, 102 xidmətinə zəng edib şikayət vermişdir. 09 oktyabr tarixində çıxarılan palma ağacları quruyub məhv olmuş, inkişaf etməmişdir. Qalan ağaclar isə tez bir zamanda yenidən torpağa basdırıldığı üçün inkişaf edəcəkdir. Həmin ağaclara atası ilə birlikdə xərc çəkmiş, öz şəxsi pulları ilə alıb gətirmişlər. Palma ağaclarının böyük olanlarının birini 60 manata, kiçik olanlar isə 20 manata almış, çıxarılan ağaclar arasında onun 8 ədəd palma ağacları məhv olmuş, bunlardan 2 ədədi təxminən 2 metr, 3 ədədi 1,5 metr, digər 3 ədədi isə 50-60 sm-lik hündürlükdədir. Bununla da ona 360 manat ziyan dəyməsini və buna görə Mirağa və Mirnurun məsuliyyətə cəlb olunmasını və ziyanının ödənilməsini xahiş etmişdir. X4 izahatında göstərmişdir ki, qonşuları Mirağa və Mirnur Mustafayevlərlə bir müddətdir ki aralarında narazılıq davam edir. Mirağagil küçədə boş ərazidə ev tikmiş, aidiyyəti qurumlar tərəfindən onlara davaza açmaq üçün çəpərinin sol hissəsindən icazə versə də, onlar evlərinin qarşı tərəfi ilə yol arasındakı 20x12 ölçülü yaşıllıq ərazini ləğv edib həmin yerdən həyətlərinə yol çəkmək istəyirlər. Qonşular həmin yerə ağaclar əkirlər, onlar isə gecə durub ağacları çıxarıb atırlar, yaşıllığa mane olurlar. Son günlər, əvvəlcə xx.xx.2023-cü il tarixə keçən gecə 64 ədəd ağacları çıxarıb kənara atmışlar. Qonşular çaxıralıan ağacları yenidən sahəyə əkmişlər, lakin 8-9 ədəd palma ağacları məhv olub qurumuş, inkişaf etməmişdir. xx.xx.2023-cü il tarixdə isə gecə vaxtı onlar təkrarən 72 ədəd ağacları çıxarıb atmışlar. Buna görə qonşusı Zərərçəkmiş şəxs 102 xidmətinə şikayət vermişdir. Ağaclar məhv olmasın deyə yenidən çıxarıldığı yerlərə əkilmişdir. Mirağagilin həmin ağacları çıxarmasına dair videogörüntülər onun evinin kamerasına düşmüşdür. E.Nifdaliyev və Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş, hadisənin görüntüləri qeydə alınmış SD-yə baxış keçirilərkən, xx.xx.2023-cü il tarixdə saat 03-40 radələrindən başlayaraq, saat 04-20 radələrinədək Şəxs hasara alınmış ərazidə ağacları çıxarıb kənara qoyması və sonra qardaşı Mirnur ilə birlikdə daşıyıb Eldəniz Niftəliyevin daş çəpərinin kənarına torpağa basdırmaları, eləcə də saat 04-20 radələrində Şəxs asfalt yolu ilə hasara alınmış yerin arasında əkilmiş 2 ədəd hündür palma ağaclarını çıxarıb aşırması müşahidə olunur. Sabirabad Bələdiyyəsinin sədri Kamran Mirzəyevin xx.xx.2023-cü il tarixli, 209 nömrəli məktubundan görünür ki, Sabirabad şəhəri, Şəhriyar küçəsində yaşayan Şəxs həyətyanı torpaq sahəsinin hasarının qarşısında yerləşən yaşıllıq zolağı salınması üçün küçə sakinlərinə bələdiyyə tərəfindən rəsmi icazə verilməmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, aparılan araşdırma zərurəti ilə əlaqədar olaraq ünvan 2 ünvanında yaşayan Şəxs, izahatının alınması üçün RPŞ-yə dəvət edilmiş, söhbət zamanı, şifahi olaraq bildirmişdir ki, çəpərinin qarşı tərəfindəki qonşuları tərəfindən əkilmiş ağacları özü çıxarıb səliqə ilə kənar yerə basdırmış, nə qədər həmin yerə ağaclar əkiləcəksə hər dəfə də çıxaracaqdır, buna görə izahat vermək istəmir, ona və qardaşı Mirnura rəsmi çağırış məktubu verildiyi halda gəlib izahat verəcəkdir. Vətəndaşın xahişinə əsasən xx.xx.2023-cü il tarixdə, Şəxs, onu və qardaşı Mirnur Mustafayevi xx.xx.2023-cü il tarixdə, saat 10-00-da, şəxsiyyəti təsdiq edən sənədlə birlikdə təhqiqat bölməsinə gəlməsi üçün 2933 nömrəli, xx.xx.2023-cü il tarixli çağırış məktubları şəxsən təqdim edilmişdir. Bundan sonra Şəxs, zəng edərək çağırış məktubunun məzmunu onu qane etmədiyini bildirib, müxtəlif bəhanələr gətirərək izahat verməkdən imtina etmiş, həmçinin qardaşı Mirnurun da onunla eyni mövqedə olduğunu və izahat verməkdən imtina etdiyini bildirmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq ünvan 2 ünvanında yaşayan X3 izahatının alınması üçün RPŞ-yə dəvət edilmiş, xx.xx.2023-cü il tarixdə saat 17-də Mirnur Mustafayev qəbul edilib barəsində olan şikayətlərlə bağlı izahat verməsi təklif edilsə də, bununla əlaqədar ona qardaşı Mirağa vasitəsi ilə rəsmi çağırış məktubu göndərildiyini, hər hansı bir əsaslı səbəb gətirmədən rəsmi şəkildə izahat vermək istəmədiyini və imtina etdiyini bildirmişdir. Şifahi olaraq bildirmişdir ki, qardaşı Mirağanın evinin qarşısında qonşuları Oqtay, İlkin, Ramiz və Eldəniz Nifdaliyevlər tərəfindən qanunsuz yaşıllıq salınaraq yolunu kəsirlər və gələcəkdə bu ağaclar böyüyüb qardaşının çəpərinə ziyan vuracaqdır. Buna görə 09 və xx.xx.2023-cü il tarixlərdə gecə vaxtı ağaclarının çıxarılmasını qardaşı Mirağa edib və ağacları səliqə ilə kənar yerə basdırmışlar. Ağacların çıxarılması qardaşı Mirağaya aiddir, o ağac çıxarmamışdır və buna görə Mirağa özü cavab verəcəkdir. Beləliklə toplanmış materiallardan görünür ki, Sabirabad şəhəri, Şəhriyar küçəsində, bir qrup küçə sakinlərinin fərdi qaydada yaşıllıq yaratmaq məqsədi ilə 13x20 metr ölçüdə ərazini məftil torla əhatəyə alaraq həmin sahədə dekorativ bitkilər əkmişlər. Həmin yer Şəxs evinin qarşı tərəfi olduğundan yaşıllıq salınmasına etiraz etmiş və tərəflər arasında münaqişəli vəziyyət yaranmışdır. xx.xx.2023-cü il tarixdə Şəxs gecə saat 04 radələrində həmin sahədən 24 ədəd «Şam», 12 ədəd «Zeytun», 22 ədəd «Palma» və 6 ədəd digər növlü dekorativ ağacları çıxarıb bir qismini digər yerə basdırmış, bununla əlaqədar X6 DİN-nin 102 xidmətinə və rayon polis şöbəsinə şikayət müraciəti etmişdir. Həmin ağacların bir qismi sakinlər tərəfindən yenidən çıxarıldığı yerlərə əkilmişdir. Bundan bir neçə gün sonra, xx.xx.2023-cü il tarixdə, gecə vaxtı Şəxs tərəfindən həmin yerdən yenidən 72 ədəd dekorativ ağaclar çıxarılaraq ətrafa yığılmış və bununla bağlı Zərərçəkmiş şəxs Oqtay oğlu DİN-nin 102 xidmətinə və rayon polis şöbəsinə müraciətlər etmişdir. Şikayətçi Zərərçəkmiş şəxs Oqtay oğlunun müraciəti və izahatına, eləcə də toplanmış digər sənədlərə əsasən, Şəxs tərəfindən çıxarılmış ağaclar sırasında 8 ədəd «Palma» növlu ağaclar məhv edilərək yararsız vəziyyətə düşmüşdür. Belə ki, Zərərçəkmiş şəxs 1 metrdən 2 metrədək uzunluğu olan həmin «Palma» ağacının birini 60 manata, 50-60 sm. uzunluğu olanın isə 20 manata alıb həmin yerə əkdiyini, Şəxs ağacları çıxarması nəticəsində 2 ədəd 3 metrlik, 3 ədəd 1,5 metrlik və 3 ədəd 50-60 sm.lik «Palma» ağaclarının məhv olub yararsız vəziyyətə düşməsi, nəticədə ona 360 manat maddi ziyan vurulmasını iddia etmişdir. Göründüyü kimi, bu vəziyyətdə artıq vətəndaşın şəxsi əmlakının qəsdən məhv edilməsi ortaya çıxır. Araşdırmadan göründüyü kimi, Şəxs şikayətçi Zərərçəkmiş şəxs Oqtay oğluna məxsus 6 ədəd «Palma» ağaclarını torpaqdan çıxarması nəticəsində həmin ağaclar məhv olmuş, nəticədə Zərərçəkmiş şəxs 360 manat dəyərində ziyan dəymiş və buna görə Şəxs əməlində özgəsinin əmlakını qəsdən məhv etməyə görə İXM-nin 232-1-ci maddəsinin tərkibi yaranır. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin İTB-yə göndərilməlidir. Məhkəmə “cinyət işi başlanmasının rədd edilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli qərarı ilə müəyyən olumuş işin araşdırılmış hallarına və tədqiq edilmiş sübutlara obyektiv və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə gecə saatlarında Zərərçəkmiş şəxs Oqtay oğluna məxsus 6 ədəd «Palma» ağaclarını torpaqdan çıxararaq məhv etməsi nəticəsində Zərərçəkmiş şəxs 360 manat dəyərində ziyan vurmaqla, bununla da İXM-nın 232-1-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətmişdir. İXM-nın 232-1-ci maddəsinə görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsirli olması “cinyət işi başlanmasının rədd edilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli qərarı ilə müəyyən olumuş işin araşdırılmış halları və inzibati icraatın digər materialları ilə tam sübuta yetirilir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində göstərilən ağırlaşdıran hallar müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-nın 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzbati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN1981756№-li inzibati xəta haqqında protokola əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və onun barəsində vurduğu ziyanın bir misli həcmində, yəni 360 (üç yüz altmış) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar