Məhkəmə qərarları › İş №3(057)-10/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-10/2024

07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-10/2024 07.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük İcra məmuru X1, Tələbkar-Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Neftçala rayonu, Mirqurbanlı (İİ Filtr) kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, Salyan şəhəri, Y.Qasımov küçəsi, ev 4, mənzil 34-də qeydiyyatda olmaqla, Salyan şəhəri, 20 Yanvar küçəsində kirayədə yaşayan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 07 yanvar 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 07 yanvar 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1683/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1780 manat borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, Salyan rayon İcra və Probasiya şöbəsinə hər ay 100 manat olmaqla tələbkara borcundan ödəməsi barədə iltizam təqdim etmişdir. 11 dekabr 2023-cü il tarixdə 110 manat pul tələbkara məxsus plastik karta köçürmüşdür. Hazırda Laçın rayonu ərazisində əmək müqaviləsi olmadan işləyir. 30 dekabr 2023-cü il tarixdə Laçın rayonuna gedərkən, Füzuli rayonu, Əhmədbəyli kəndində olan zaman ona məlum olmuşdur ki, barəsində axtarış verilmişdir. Ona görə də, məcbur qalaraq geri qayıtmışdır. Hər ay 110 manat əmək haqqından və 40 manat isə aldığı təqaüddən ödəməyə razıdır. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 göstərmişdir ki, protokolu müdafiə edir. Borclu söz verməsinə baxmayaraq borcunu ödəmir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, borcludan şikayətçidir. Ona inanmır. Borcunu tələb edir. Barəsində həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs müdafiəçisi Vəkil göstərdi ki, borclunun hərəkətlərində icra məmurunun qanuni göstərişlərini icra etməməsi ilə bağlı hər hansı sübut yoxdur. Plastik kartın seriyasının borcluda olması onu göstərir ki, tələbkar da borcun hissə-hissə ödənilməsinə etiraz etməmişdir. Borculunun öhdəsində olan borcunu ödəməsi üçün məhkəmədən ona vaxt verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Salyan Rayon Məhkəməsinin 2(057)-1683/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1850 manat məbləğində pul və 40 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. - İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə xx.xx.2023-cü il tarixdə borcluya təqdim edilmişdir. - Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ona 1890 manat pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Bugün Salyan rayon İcra və Probasiya şöbəsində öhdəsində olan borcun tam qaydada Zərərçəkmiş şəxs ödəməsi tələb olunmuşdur. Əks halda barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq məhkəməyə veriləcəyi barədə məlumat verilmişdir. Öhdəsində olan borcunu ödəyə bilmir. Ödəyə bilməməsinin səbəbi maddi vəziyyətinin çətin olmasıdır. Öhdəsində olan borcunu qərəzli olaraq ödəməkdən boyun qaçırdığı halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. - Şəxs tərəfindən Salyan rayon İcra və Probasiya şöbəsinə verilmiş xx.xx.2023-cü il tarixli iltizamın surətindən görünür ki, o, məhkəmə qərarı üzrə borcunu hər ay 100 manat olmaqla Zərərçəkmiş şəxs kartına ödəyəcəyinə söz vermişdir. - Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Coşqun İsmayılovun 06 dekabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, borclu xx.xx.1983-cü ildə Neftçala rayonu, İİ Filtr kəndində doğulmuş və Salyan şəhəri, Y.Qasımov küçəsi, ev 4, mənzil 34-də qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. - Salyan Rayon Məhkəməsinin 3(057)-966/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. - Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ona 1890 manat pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Bu gün Salyan rayon İcra və Probasiya şöbəsində öhdəsində olan borc tələb olunmuşdur. Əks halda barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq məhkəməyə veriləcəyi barədə məlumat verilmişdir. Öhdəsində olan borcundan xx.xx.2023-cü il tarixdə 110 manat Zərərçəkmiş şəxs ödəmişdir. Ödəniş qəbzini təqdim etmişdir. 1780 manat borcunu ödəməkdən imtina etmir. Hər ay 110 manat Zərərçəkmiş şəxs ödəyə bilər. Hər ayın 30-u ödəyəcəkdir. - “mpay” ödəniş sistemi vasitəsilə xx.xx.2023-cü il tarixli, 24656 saylı qəbzdən görünür ki, borclu tərəfindən 110 manat ödəniş edilmişdir. - Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə qətnaməsinin uzun müddətdir ki, icra olunmamasını və tələbkarın şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbayan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İcra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə borclu İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi 12 yanvar 2023-cü il tarixdə İXM-nə əlavə edilmişdir və 13 yanvar 2023-cü il tarixdən qüvvəyə minmişdir. İşdən görünür ki, Şəxs ilk dəfə İXM-nin 528.1-ci maddəsi ilə Salyan Rayon Məhkəməsinin 2(057)-966/2023 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, borclu məhkəmə qətnaməsinin icrası ilə bağlı heç bir təşəbbüs göstərməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunduqdan və məhkəmə tərəfindən müvafiq qərar qəbul edilərək inzibati xətanın törədilməsində təqsirliliyi müəyyən edildikdən sonra 110 manat pul borcundan ödəmişdir. Ona görə də Şəxs barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tədbiq edilməlidir. Azərbaycan Respublikası 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 03 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 07 yanvar 2024-cü il tarixdən, saat 11:00-dan hesablanmaqla, inzibati həbsin sonu 22 yanvar 2024-cü il tarix, saat 11:00-dan hesab edilsin. Ağayev X3 RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 18 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ**********62149822321, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesablarına köçürülməlidir. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar