Məhkəmə qərarları › İş №3(057)-1012/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1012/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1012/2024 11.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1980-ci il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, şəxsi sürücü fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Pambıqkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 11 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 11 oktyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 11 oktyabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 2256/2017 saylı, 06 iyun 2017-ci il tarixli icra sənədi üzrə Şəxs öhdəsində olan 6568 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, ikinci dəfə ailə həyatı qurmuşdur. İkinci nikahından 7 və 11 yaşlı iki övladı var. Bakı şəhərində şəxsi sürücü işləyir. Bugün borcundan 350 manat ödəniş etmişdir. Borcundan 1000 manat ödəməsi üçün məhkəmədən ona 1 həftə vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, tələbkar bugün mobil telefon vasitəsi ilə əlaqə saxlamış, o aliment borcunu tam tələb edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-2256/2017 saylı, 06 iyun 2017-ci il tarixli icra vərəqəsinə əsasən, Şəxs 30 oktyabr 2007-ci il təvəllüdlü X2 və 03 sentyabr 2010-cu il təvəllüdlü X1 atası olması müəyyən edilməsi, 30 oktyabr 2007-ci il təvəllüdlü X2 və 03 sentyabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan xx.xx.2017-ci il tarixdən başlayaraq, hər ay cavabdehdən hər uşaq üçün 105 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş tərtib edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, icra sənədi barədə xəbərdardır. Üç aydır ki, mədə xəstəliyindən əziyyət çəkir. İcra sənədi üzrə bu günədək 10000 manata yaxın ödəniş etmişdir. Gələn ay aliment borcundan 1000 manat, hər ay isə aylıq 350 manat az olmayaraq ödəniş edəcəkdir. Adına rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlakı yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanətləri yoxdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə borclunun himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İcra sənədinin icra olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə inzibati həbs tənbeh tətbiq etməklə Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Borclu məhkəmə iclasında bugün aliment borcundan 350 manat ödədiyini qeyd etsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin əvvəlki aylarda aliment borcunun ödənilməsinə dair ödənişləri sübut edən qəbzləri məhkəməyə təqdim etməsi, bugünə olan aliment borcundan müəyyən hissəni ödəməsi təklif olunsa da, o, bir həftə müddətində 1000 manat ödəyə biləcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, borclu aliment borcunu tam olaraq ödəmir. Onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi səmərəsiz olacaqdır. Ona görə də, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 11 oktyabr 2024-cü il tarixdə, saat 16:00-dan hesablansın, inzibati həbsin sonu 21 oktyabr 2024-cü il, saat 16:00-a hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar