Məhkəmə qərarları › İş №3(057)-1043/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1043/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1043/2024 07.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1973-cü ildə Salyan rayonunda doğulmuş, orta təhsilli, evli, "xxxx" MMC-də sahə aqranomu vəsifəsində işləyən, Azərbaycan Respublikası vətəndaşı, Salyan rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə barəsində Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Salyan Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 272.3-cü maddəsi ilə MN seryalı № 1988462/606 saylı, 30 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün 30 oktyabr 2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN seryalı № 1988462/606 saylı, 30 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə, Salyan rayonu, Qızılağac kəndinin ərazisində qanunsuz ov edərək 06 ədəd çöl göyərçinini vuraraq, ov qaydalarını pozmuşdur. Bununla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, X2 tərəfindən İXM-in 272.3-cü maddəsi ilə MN seryalı № 1988462/606 saylı, 30 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı Salyan rayonu, Qızılağac kəndinin ərazisində çöl sahəsində yerləşən özünə məxsus əkin sahəsində 06 ədəd çöl göyərçinlərini ovlamışdır. Əkin sahəsində olan zaman Salyan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Özü Salyan rayonu, Şorsulu kəndinin ərazisində yerləşən "xxxx" MMC-də sahə aqranomu vəsifəsində işləyir. Özü ovçuluq cəmiyyətinin üzvüdür. Bu barədə onun 6954 nömrəli ovçuluq bileti var. İstifadəsində “Ata Armıs” markalı, 12 kalibrli, tək lüləli, 12/D08819 nömrəli ov silahı var. Həmin ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün C-25 nömrəli, xx.xx.2017-ci il tarixli şəhadətnaməsi var. Lakin ov etmək üçün lisenzasiyası yoxdur. Ovçuluq onun peşəsi deyil və ovçuluqla ailəsini dolandırmır. Törətdiyi xətaya görə özünü təqsirli bilir. Əməlindən peşmandır. Ov hüququnun müəyyən müddətə məhdudlaşdırılmasına etirazı yoxdur. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. İXM-in 112.1.4-cü maddəsinə əsaslanaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 25 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə əməllərində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanmasını rədd edilməsi, toplanmış material üzrə Şəxs İXM-in 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6954 qeydiyyst nömrəli ovçuluq biletindən görünür ki, Şəxs ovçuluq hüququ var. İş materiallarında olan Salyan Rayon Polis Şöbəsi tərəfindən verilmiş C-25 nömrəli, xx.xx.2017-ci il tarixli şəhadətnamədən görünür ki, Şəxs “Ata Armıs” markalı, 12 kalibirli, tək lüləli, 12/D08819 nömrəli ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vermiş olduğu 6954 saylı ovçuluq biletindən görünür ki, X1 adına etibarlılıq müddəti 2023-cü ildək olan ovçuluq bileti verilmişdir. İş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi İXM-in 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan əsas inzibati tənbeh kimi xüsusi hüququn məhdudlaşdırılmasının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətinə ov hüququ məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar