Məhkəmə qərarları › İş №3(057)-1077/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1077/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1077/2024 06.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Salyan rayonu, Yolüstü kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 06 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-889/2016 saylı, 06 aprel 2016-cı il tarixli icra sənədi üzrə 14234 manat borc və 27.50 manat dövlət rüsumu alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Borclu tələbi icra etməmiş və qanuni çağırışlara gəlməmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, borclu tərəfindən 9006,50 manat pul iddiaçıya ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Salyan rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu tərəfindən ümumilikdə 5255 manat ödəniş edilmiş, hazırda onun iddiaçıya 9006,50 manat borcu qalmışdır. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, məhkəmə qətnaməsindən məlumatı vardır. Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, tələbkar Zərərçəkmiş şəxs borcu yaranmışdır. Borcun müəyyən hissəsini ödəmiş, bu barədə qəbzləri icra məmuruna təqdim etmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də, inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2(057)-889/2016 saylı, 06 aprel 2016-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs vurduğu maddi ziyanın əvəzi olaraq 14.234 (on dörd min iki yüz otuz dörd) manat pul alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və işdə olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilməsinə ödənilmiş 5 manat pulun 10 faizi iddiaçıya, 90 faizi cavabdehə aid edilməsi, cavabdehdən cəmi 27,50 manat pul alınaraq iddiaçıya verilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Salyan rayon Məhkəməsinin 2(057)-889/2016 saylı, 06 aprel 2016-cı il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Qərar borcluya rəsmi qaydada təqdim edilmişdir. Salyan Rayon Məhkəməsinin 8(057)-165/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadın surətindən görünür ki, ərizəçi Şəxs Salyan rayon Məhkəməsinin 06 aprel 2016cı il tarixli, 2(057)-889/2016 saylı icra sənədinin hissə-hissə icra olunmasına dair ərizəsi təmin edilməməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 3(057)-134/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 8(057)-734/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Salyan Rayon Məhkəməsinin 2(057)-889/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu Salyan rayonu, Yolüstü kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqqında təqdimatı rədd edilməsi qərara alınmışdır. “SMS bildirişin” göndərilməsi barədə çıxarışların surətindən görünür ki, borclu Şəxs məxsus nömrəyə çağırış barədə SMS bildiriş göndərilmişdir. Ödəniş qəbzlərinin surətindən görünür ki, borclu Şəxs tərəfindən Zərərçəkmiş şəxs ümumilikdə 5255 manat pul ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Əksinə, icra sənədi üzrə ödənişlərin olduğunu həm icra məmuru, həm də barəsində protokol tərtib olunmuş şəxs bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35- ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs borcunu ödəməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar