Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1093/2025 01.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Masallı rayonu, Güllütəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Masallı rayonu, Güllütəpə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə 01 oktyabr 2025-ci il tarixli, MN 2031546/437 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə saat 12:53 radələrində Salyan rayon Kürsəngi kəndində 728 saylı postda Masallı rayon Güllütəpə kənd sakini Şəxs səs-küy salaraq ucadan ünvansız söyüşlər söyərək xırda xuliqanlıq hərəkəti etmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X3 protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil sol zolaqla hərəkət etdiyi üçün ona saxla işarəsi verilmişdir. Sürücünün sənədləri yoxlanılarkən inzibati xəta törətdiyi izah edilərək bu barədə protokol tərtib ediləcəyini bildirən zaman sərnişin qismində qabaqda əyləşən Şəxs onlarla mübahisə etməyə başlamış, daha sonra avtomobildən düşərək ucadan ünvansız küçə söyüşləri işlətməyə başlamışdır. O hisslərini cilovlaya bilmədiyini, əməlindən peşman olduğunu bildirmişdir. Şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, oğlunu əsgərlikdən evə gətirən zaman sağ zolaq üzrə yol yaxşı olmadığı üçün sol zolaqla hərəkət etmişdir. Bu zaman onu polis əməkdaşları saxlayaraq bunun inzibati xəta olduğunu izah edərək ona protokol yazacaqlarını bildirmişlər. O bildirmişdir ki, sağ zolaq yaxşı vəziyyətdə deyil, kasıb adamdır, başqa cərimələri var. Daha sonra hər kəs sol zolaqla hərəkət edir, onları niyə salxatdırmırsan, onları saxlamayan “belə belə olsun” demişdir. Lakin bunu söyüş mənasında deməmişdir. Polis əməkdaşı ilə sözləri düz gəlməmiş və aralarında mübahisə yaranmışdır. Aralarında itələşmə olmuş və onu ordan uzaqlaşdırmışlar. Əməlindən peşmandır. Məhkəmə iclasında iştirak etmiş şahid BDYPİ-nin YPA-10-cu tağımının YPX inspektoru, polis baş serjantı X4 izahatında bildirmişdir ki, avtomobil sol zolaqla hərəkət etdiyi üçün saxla işarəsi vermişlər. Sürücünün sənədləri yoxlanılarkən inzibati xəta törətdiyi izah edilərək bu barədə protokol tərtib ediləcəyini bildirən zaman sərnişin qismində qabaqda əyləşən Şəxs onlarla mübahisə etmiş, daha sonra avtomobildən düşərək “yazmayanı belə belə olsun” kimi nalayiq ifadələr işlətmişdir. Hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclas zalında iştirak etmiş şahid BDYPİ-nin YPA-10-cu tağımının YPX inspektoru X5 izahatında bildirmişdir ki, postun qarşısında xidmətdə olan zaman Şəxs polis əməkdaşı ilə ucadan danışdığını və ona müqavimət göstərdiyini gördüyü üçün ona yaxınlaşaraq içəri aparmışlar. Məhkəmə iclas zalında iştirak etmiş şahid X6 izahatında bildirmişdir ki, sol zolaqla avtomobili idarə etdiyi üçün polis əməkdaşları onu saxlayaraq özlərini təqdim etmişlər. Sağ zolağın yaxşı vəziyyətdə olmadığını bildirərək, ona cərimə yazmamalarını bildirmişdir. Atası ilə polis əməkdaşı arasında mübahisə yaranmış, bu səbəbdən atasını aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 01 oktyabr 2025-ci il tarixli, MN 2031546/437 saylı protokoldan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 12:53 radələrində Salyan rayon Kürsəngi kəndində 728 saylı postda Masallı rayon Güllütəpə kənd sakini Şəxs səs-küy salaraq ucadan ünvansız söyüşlər söymüşdür. Salyan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X3 tərəfindən məhkəmə iclasında təqdim olunmuş hadisənin baş verdiyi görüntülərinin əks olunduğu “CD” diskdəki görüntülərlə müəyyən olunur ki, yol hərəkəti iştirakçısı olan X6 BDYPİ-nin YPA-10-cu tağımının YPX inspektoru, polis baş serjantı X4 tərəfindən saxlanılarkən sərnişin qismində nəqliyyat vasitəsində olan Şəxs yol patrul xidmətinin əməkdaşına əsassız olaraq irad bildirmiş, daha sonra nəqliyyat vasitəsindən enərək, əsassız iradlarına davam edərək, yekunda səs-küy salaraq ucadan ünvansız söyüşlər söymüşdür. Daha sonra yol patrul xidmətinin digər əməkdaşları tərəfindən tərəflər arasında olan mübaisəinin kəskinləşməsinin qarşısı alınmış və barəsində icraat aparılan şəxs Şəxs mübahisə yerindən kənarlaşdırılmışdır. Şəxs iş materiallarında olan yazılı izahatından görünür ki, Masallı rayonu, Güllütəpə kəndində ailəsi ilə birlikdə yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2025-ci il tarixdə etibarnamə ilə idarə etdiyi ona məxsus 77-718 dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobili ilə yolun sağ hissəsi nahamar olduğu üçün sol zolaqla hərəkət edərkən Salyan postunda Yol Patrul əməkdaşı saxla işarəsi verdiyi üçün saxlamışdır. Ona bildirmişdir ki, sol zolaqla gəlməsinin səbəbi sağ zolağın nahamar olması olmuşdur. Qeyd etmişdir ki, onun oğlu X6 avtomobili sürmüşdür. Yol Patrul əməkdaşları bildirmişlər ki, sürücüyə cərimə yazacaqlar. O etirazını bildirərək onlarla yüksək tonla mübahisə etməyə başlamışdır. O söyüşlə danışmamışdır. Polis əməkdaşları dediyi sözü söyüş kimi qəbul etmişlər. Dediyi söz sadəcə “yazmayan belə belə olsun” olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatı, şahidlərin izahatları, məhkəməyə təqdim edilmiş videodiskdə olan görüntülər və inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsindən görünür ki, xırda xuliqanlıq xətasının tərkibinin mövcud olması ictimai qaydanı pozan hərəkətlərin törədilməsi zəruridir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Həmin qaydaların pozulması nümayişkaranə şəkildə olmalı, yəni subyekt ictimai qaydanı pozmaqla yanaşı bunu cəmiyyətdə və açıq nümayiş etdirməli, əhalinin dincliyi pozulmalıdır. Məhkəməyə təqdim edilmiş kamera görüntüləri və şahid ifadələri ilə Şəxs oğulunun əsəbi və aqressiv formada mübahisə etməsi, hadisə yerində başqa şəxslərin olması, onun ucadan danışması müəyyən olunmuşdur ki, bu da Şəxs tərəfindən ictimai qaydanın pozulması ilə nəticələnən hərəkətlər etməsinə dəlalət edir. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs müharibə iştirakçısı olması və müharibədə travmalar almasını, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edilir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin verilmiş suallarına cavabında Şəxs bildirmişdir ki, hadisənin baş verən zaman əsəsblərinə hakim ola bilməmiş, eyni zamanda “Birinci Qarabağ” müharibəsi zamanı ağır travma aldığından və hadisə zamanı etdiklərini tam olaraq xatırlamadığını bildirmişdir. Baş vermiş hadisələrə münasibətdə peşman olduğunu məhkəmə iclasında ifadə etmiş və BDYPİ-nin YPA-10-cu tağımının YPX inspektoru, polis baş serjantı X2 üzrxahlıq etmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(057)-1093/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1093/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver