Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1094/2024 11.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan rayon Polis Şöbəsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Salyan rayon PŞ-nin sahə rəisi polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş 14 noyabr 2024cü il tarixli MN № 1954083/629 saylı inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə baxılması üçün 14 noyabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs 20 sentyabr 2024-cü il tarixdə, saat 12 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının arxa hissəsindən Zərərçəkmiş şəxs əl çantasını oğurlamaqla ona 80 manat ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, əməlindən peşmandır. Əvvəlki məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə bağlı verdiyi izahatı məsuliyyətdən yayınmaq üçün vermişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi qardaşının xəstəxanada müalicə alması ilə bağlı olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan Rayon Polis Şöbəsinin sahə rəisi X3 bildirmişdir ki, zərər çəkmiş şəxs şikayətçidir. Qonşu olduqlarına və himayəsində azyaşlı uşağı olduğu üçün məhkəmə iclasında iştirak edə bilmir. Belə ki, Şəxs mobil telefon vasitəsindən istifadə etmədiyi üçün onun yerini qardaşı və atasının köməkliyi ilə müəyyən etmişlər. Səlimin qardaşı xəstəxanada müalicə almamış və o da, xəstəxanada onun yanında qalmamışdır. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o ünvan 1 ünvanında yaşayır. 20 sentyabr 2024-cü il tarixdə, saat 12 radələrində Salyan rayon Mərkəzi Xəstəxanasının arxa tərəfindən piyada keçərkən bir nəfər qadının az yaşlı uşağını tualet etdirdiyini və yerdə daşın üzərində əl çantası olduğunu görmüşdür. Həmin vaxt çantanı yerdə olan daşın üzərindən götürərək geri istiqamətdə piyada hərəkət edərək oradan uzaqlaşmışdır. Sonradan çantanın içərisinə baxmış və içində 80 manat pul olduğunu görmüşdür. Pulu götürərək çantanı oradan keçən Şor Kollektorun içərsinə tullamışdır. Sonradan polislər onu Salyan şəhərində saxlayaraq polis şəbəsinə aparmışlar. Polis şöbəsində törətdiyi əməli etiraf etdiyini, əməlindən peşman olduğunu və bir daha qanun pozuntusuna yol verməyəcəyinə söz vermişdir. Həmin izahat onun sözləri ilə müstəntiq tərəfindən kompüter vasitəsi ilə yazılmış və doğruluğunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi barədə” 01 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, naməlum şəxs və ya şəxslərin əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-1094/2024 saylı, 15 noyabr 2024-cü il tarixli qərarından görünür ki, xx xxxxxxxx 1984-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Salyan Rayon Məhkəməsinə gətirilməsi və Şəxs şəxsiyyəti məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılması qərara alınmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-1094/2024 saylı, 11 dekabr 2024-cü tarixli qərarından görünür ki, Şəxs barəsində İXM-in 227-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.4-ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması, zərər çəkmiş şəxsə vurduğu zərəri qismən ödənilməsi İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs 20 sentyabr 2024-cü il tarixdə, saat 12 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının arxa hissəsindən Zərərçəkmiş şəxs əl çantasını oğurlayaraq çantadan 80 manat pul götürmüş, götürdüyü 80 manat məbləğində pul zərər çəkmiş şəxsə qaytarılsa da, çanta qaytarılmamış, o, Şəxs ilə barışıq əldə etməmiş və şikayətçidir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs xırda talama inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 11 dekabr 2024-cü il tarixdən saat 12:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxsnin inzibati həbs müddətinin başlanğıcı 11 dekabr 2024-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə və bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-1094/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1094/2024
11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver