Məhkəmə qərarları › İş №3(057)-1098/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1098/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1098/2025 06.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1982-ci il tarixdə Salyan rayonu, Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, deməsinə görə fərdi qaydada işləyən, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 06 oktyabr 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair MN № ******* saylı, 06 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-510/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 2718 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmiş və çağırışlara gəlməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, tələbkar Zərərçəkmiş şəxs bu ilin müvafiq olaraq mart aprel may və iyun aylarında ödənişlər etmişdir. Lakin son 3 ay ərzində səhhətində yaranmış problemlərlə əlaqədar olaraq işləyə bilməmiş və bunun nəticəsində aliment borcundan ödənişlər edə bilməmişdir. Zərərçəkmiş şəxslə nikahlarından 3 uşaqları var. Hazırda fərdi qaydada günəmuz şəklində əməklə məşğuldur. Həmçinin usta kimi də fəaliyyət göstərir. Yaxın müddət ərzində müəyyən ödənişlər edə biləcəyini məhkəmənin diqqətinə çatdıraraq, onun barəsində inzibati həbs növündə olmayan tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdimişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək izahatında göstərdi ki, məhkəmənin icra sənədinin könüllü icra edilməsi üçün dəfələrlə icra şöbəsinə çağırılsa da, borclu aliment borcunu ödəməmişdir. Hazırda 3529 (üç min beş yüz iyirmi doqquz) manat məbləğində Zərərçəkmiş şəxs aliment borcu vardır. Tələbkar borcunu tələb edir və şəxsin barəsində dəfələrlə şikayət məktubları ünvanlamışdır. Barəsində icraat aparılan şəxsə dəfələrlə aliment borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də, son 4 ay ərzində borclu tərəfindən hər hansı ödəniş edilməmişdir. Səbəbini soruşduqda isə səhhətində yaranmış problemlə əlaqədar olaraq işə gedə bilməməsini və bu səbəbdən ödənişlər edə bilmədiyini bildirmişdir.. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2(057)-510/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, 10 yanvar 2010-cu il təvəllüdlü X6, 05 sentyabr 2011-ci il təvəllüdlü X4 və 18 mart 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs xx.xx.2024-cü ildən başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-510/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının təmin etməsi və 23 may 2024-cü il tarixdə (ödəniş sənədlərini təqdim etməklə) Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. Əks halda barəsində qanuna müvafiq qaydada tədbir görüləcəyi barədə xəbərdar edilmişdir. Salyan Rayon Məhkəməsinin 8(057)-235/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, təqdimatın təmin edilərək, Salyan Rayon Məhkəməsinin 2(057)- 510/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan Şəxs Salyan rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 8(057)-287/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Təqdimat təmin edilərək, borclu xx.xx.1982-ci il təvəllüdlü, Salyan rayonu, Xalac kəndində anadan olmuş, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan və yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-510/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, 10 yanvar 2010-cu il təvəllüdlü X6, 05 sentyabr 2011-ci il təvəllüdlü X4 və 18 mart 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşağa görə hər ay 100 manat olmaqla, cəmi 300 manat miqdarında aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. xx.xx.2024-cü “İcraata başlamaq” haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. Salyan Rayon Məhkəməsinin 8(057)-919/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, Salyan Rayon Məhkəməsinin 2(057)- 510/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan və yaşayan Şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 3(057)-838/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 3(057)-295/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən il ərzində eyni icra sənədinə münasibətdə təkrarən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs aliment borcunun ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul ilə ifadə olunan aliment borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu, yuxarıda göstərilən məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Məhkəmə hesab edir ki, Şəxs uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması onun barəsində inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaradır. Digər tərəfdən, Şəxs Allhaverdi oğlunun icra sənədi üzrə borcu tam ödəmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Ona görə də, Şəxs törətdiyi inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, cəriməyə cəlb ediləcəyi təqdirdə bu tənbeh tədbirini də icra etməkdən boyun qaçıracağı ehtimalını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunmasını məqsədəuyğun hesab edir. İXM-in 33.1.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə qətnaməsinin uzun müddətdir ki, tam icra olunmamasını və tələbkarın şikayətçi olmalarını nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alınaraq Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan hesablanmalıdır. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 06 oktyabr 2025-ci il tarixdən, saat 13:00-dan hesablansın. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. İcra sənədi üzrə borclu Şəxs nəzərinə çatdırılsın ki, icra sənədi üzrə borcunu üzrsüz səbəblərdən tam ödəməyəcəyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar