Məhkəmə qərarları › İş №3(057)-1112/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1112/2024

20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1112/2024 20.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Salyan şəhəri, N.Nərimanov küçəsi, ev 68 ünvanında yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 20 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, 1) Salyan Rayon Məhkəməsinin 2(057)-1542/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi İrşad Electronicsə 3307.48 manat pulu; 2) Salyan Rayon Məhkəməsinin 2(057)-1201/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Azər-Türk Banka 9860.13 manat borcu; 3) Salyan Rayon Məhkəməsinin 2(057)-2008/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Zərərçəkmiş şəxs1 MMC-yə 5594 manat borcunu ödəməmişdir. 4) Salyan Rayon Məhkəməsinin 2(057)-1406/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 3950.86 manat borcu Embafinans QSC-yə borcunu ödəməmişdir. 5) Salyan Rayon Məhkəməsinin 2(057)-259/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 5320.13 manat borcu Bank of Baku ASC-yə borcunu ödəməmişdir. 6) Salyan Notariusunun 8i-2690 saylı, xx.xx.2024-cü il icra sənədi üzrə ABB banka 17153.89 manat borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs barəsində ümumilikdə 6 icra vərəqəsi əsasında protokol tərtib olunmuşdur. Sistem üzrə yoxlama zamanı onun 2022-ci ilin dekabr ayında ölkə hüdudlarını tərk etdiyi müəyyən olunmuş, odur ki, onun barəsində axtarış işi açılmışdır. Sədrlik edənin sualına cavab olaraq icra məmuru Şəxs ilk dəfə bu gün icra şöbəsinə gəldiyini, işləmədiyini və rəsmi iş yerinin olmadığını, adına hər hansı əmlak aşkar edilmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək, 2 il bundan əvvəl 2022-ci ilin dekabr ayında ailəsi və 2 azyaşlı uşaqları ilə birlikdə həyat yoldaşının xəstəliyi ilə əlaqədar olaraq Almaniyaya getdiyini, dünən qayıtdığını bildirmişdir. O, icra məmurunun çağırışlarından buna görə məlumatı olmadığını, ilk dəfə olaraq bu gün icra şöbəsində olduğunu və icra məmurunun tələbi üzrə borclarını ödəməkdən boyun qaçırmadığını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq işləmədiyini və rəsmi iş yerinin olmadığını, adına hər hansı əmlak aşkar edilmədiyini bildirmişdir. Göstərilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin e-2(057)-2008/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei kod **********32830 İPHONE 13 PRO MAX markalı telefon, APPLE 20 W USB-C ADAPTER üçün 5500,98 manat əsas borc, 20 manat cərimə və iddia tələbinin təmin olunmuş hissəsinə mütansib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 72,40 manat tutulub iddiaçı "xxxx" MMC-nin hesabına köçürülməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin e-2(057)-2008/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-1201/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, Şəxs 9061,94 manat əsas, 680,38 manat faiz və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 117,81 manat tutulub Zərərçəkmiş şəxs2 ASC-nin hesabına köçürülməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1201/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8i-2690 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinin surətindən görünür ki, Şəxs müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 17128.89 manat pul və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 17153.89 manat məbləğində pul tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 8i-2690 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-1542/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci tarixli, № ********* saylı “Müddətli (nisyə) Alqı-satqı” müqaviləsi üzrə 3249.4 manat əsas, 10 manat cərimə, ümumilikdə 3259.4 manat əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 48 manat məbləğində pul tutulub Zərərçəkmiş şəxs3 MMC-nin hesabına ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1542/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan Rayon Məhkəməsinin 8(057)-52/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadın surətindən görünür ki, borclu - xx.xx.1986-cı ildə Salyan şəhərində anadan olmuş, ünvan 1-də yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, № 183023/3 saylı məktubunun surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan iş üzrə borclu Şəxs axtarılması haqqında qərar qəbul edilərək Salyan rayon Polis Şöbəsinə göndərilmiş və axtarış işi açılmışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-1406/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 2922 manat məbləğində əsas borc, 531,24 manat faiz borc, 438,30 manat cərimə borcun və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 59,32 manat tutularaq BOKT "xxxx" QSC-nin hesabına köçürülməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1406/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-259/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər X1 və Şəxs müştərək qaydada 4514.85 (dörd min beş yüz on dörd manat səksən beş qəpik) manat əsas, 712.78 (yeddi yüz on iki manat yetmiş səkkiz qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə borcu, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 72.50 (yetmiş iki manat əlli qəpik) manat olmaqla, cəmi 5320.13 (beş min üç yüz iyirmi manat on üç qəpik) manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs5 ASC-nə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-259/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan ( vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin əldə etdiyi vəsait və ya mülkiyyətində olan əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qərardadını məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun bu günədək icra sənədindən xəbərinin olmaması və ilk dəfə olaraq bu gün icra şöbəsinə gəlməsi, icra məmurunun bu gün ilk dəfə ona öz qanuni tələbini bildirdiyi müəyyən edilmişdir ki, belə olan halda, onun bu günədək icra məmurunun ona qarşı irəli sürülməyən qanuni tələbini icra etməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, məhkəmə qeyd edir ki, məhkəmə iclasında icra məmuru tərəfindən də təsdiq edilmişdir ki, Şəxs işləmir. Belə olan halda, rəsmi iş yeri və qazancı olmayan şəxsdən bu gün ilk dəfə icra şöbəsinə dəvət olunaraq icra sənədinin icra edilməsinin tələb edilməsi, şəxsin hazırda tələb olunan məbləğdə pul vəsaitinin olmamasını bildirməsinə və bu halın şəxsin işləməməsi nəzərə alınaraq real olmasına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun məhkəmə aktını icra etməməsinin üzrsüz hal kimi qiymətləndirilməsi qanuni olmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə yuxarıda göstərilənlərə əsasən borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 , 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar