Məhkəmə qərarları › İş №3(057)-1112/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1112/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1112/2025 07.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Salyan şəhəri S.Vurğun küçəsi ev 113-də qeydiyyatda olmaqla yaşayan, Salyan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə şəxsi istehlak miqdarında təmiz çəkisi 0,049 qram olan kustar üsulla hazrlanmış narkotik vasitə heroini əldə edib saxlayaraq daşımışdır. Həmin faktla bağlı Salyan RPŞ-nin sahə rəisi X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə MN 2031547/442 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün 07 oktyabr 2025-ci il tarixdə Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin sahə rəisi X7 izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə şəxsi istehlak miqdarında təmiz çəkisi 0,049 qram olan kustar üsulla hazrlanmış narkotik vasitə heroini əldə edib saxlayaraq daşımışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları qəbul etməmiş, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan müstəntiq Şəhriyar İbrahimov tərəfindən tərtib edilmiş 24 iyul 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Şəxs həmin tarixdə saat 12:55-də Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmasının əvvəli azadılğının məhdudlaşdırıldığı vaxtdan, yəni 24 iyul 2025-ci il tarixdə saat 10:48 dəqiqədən hesab edilmişdir. Tutma üçün əsaslar: xx.xx.2025-ci il tarixdə Salyan RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saat 10:48-də Salyan şəhəri S.Vurğun küçəsində taksi sürcüsü X2 məxsus “Vaz 2107” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşən zaman saxlanılaraq üzəri yoxlanılmış, baxış zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən 1 ədəd ağ rəngli qutunun içərisindən 1 ədəd kağız parçasına bükülmüş kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1 ədəd kağız bükümündə içərisində narkotik vasitə heroinə bənzər kütlə tərəflərindən aşkar edilərək götürülmüş və həmin kütlələr qablaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X8 Yoxlamanın nəticəsinə dair (məhkəmə-narkoloji ekspertizası) xx.xx.2025-ci il tarixli 430 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan ibtidai istintaq orqanının 01 sentyabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuş; qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs 2025-ci il sentyabrın 16-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş, ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ila ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş; onun Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surətinin Salyan RPŞ-nin X3 göndərilməsi; Şəxs üzərində saxladığı kustar üsulla hazırlanmış psixotrop maddə metamfetami heç bir etiraz etmədən polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdim etmək kimi qiymətləndirilməsi nəzərə alınmış; təqsirləndirilən şəxs onun törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmiş; onun üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,029 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq qalmış 0,319 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış; məhkəmə-kimyəvi ekspertizanın 4 iyul 2025-ci il tarixli 18/539 nömrəli məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2025-ci il tarixli, 430 No-li rəyləri, ifadələr və protokollar,əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair protokolu əks etdirən CD disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilmiş, ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmış, iş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-in X6 aparılmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,029 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qalıq qalmış 0,319 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 37.1-ci maddəsinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.4-cü maddəsinə əsasən, şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 115.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh tədbiri olaraq cərimə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir, belə ki, Şəxs Salyan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, buna görə də onun inzibati həbsinə zərurət yoxdur. Həmçinin, məhkəmə hesab edir ki, Salyan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan Şəxs üzərindən aşkar edilib götürülmüş 0,029 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin Salyan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsinin hökm edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs Salyan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə narkomaniyadan məcburi müalicə təyin edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan Şəxs üzərindən aşkar edilib götürülmüş 0,029 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin Salyan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsinin hökm edilməsi nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar