Məhkəmə qərarları › İş №3(057)-1123/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1123/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1123/2025 13.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Republikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Republikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məhkəməyə daxil olmuş MN № ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, № 91088 saylı, xx.xx.2025-ci il tarixli Akta və əlavə olunan fotoşəkillərə əsasən Salyan rayonu, Çuxanlı kənd məktəbinin həyətində bioloji inkişafda olmaqda yaş köküstə, diametrləri 4,10, 12, 16, 4,10 sm olmaqla 12 ədəd müxtəlif cinsli ağac və kolları kök boğaz hissələrindən kəsilməsi faktı əsasında “X1” Azərbaycan Respublikası Qanunun 10 və 13-cü maddələrinin tələblərinin pozulması müəyyən edilmişdir. Azərbaycan Republikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi-müfəttiş X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi barəsində toplanmış inzibati xəta haqqında materialı baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 03 noyabr 2025-ci il tarixində keçirilən iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X4 izahatında bildirmişdir ki, 20-22 sentyabr tarixlərində Salyan rayon Çuxanlı kəndi ərazisində fəaliyyət göstərən Ziyad Həmidov adına Çuxanlı kənd tam orta məktəbində idarənin xx.xx.2025-ci il tarixli 0283 saylı sərəncamına və daxil olmuş məlumat əsasında Salyan rayonu ərazisində “Yaşıllıqların Mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun icra vəziyyəti ilə əlaqədar keçirilən nəzarət tədbirləri zamanı müəyyən edilmişdir ki, Çuxanlı kənd ərazisində fəaliyyət göstərən Ziyad Həmidov adına tam orta məktəbə məxsus ərazidə yaşıllıqların kəsilməsi məhv edilməsi faktı vardır. Bununla bağlı araşdırma zərurəti yarandığından əraziyə tərəfimizdən Çuxanlı kənd bələdiyyəsinin sədri X14 dəvət olunmuş və onunla birlikdə məktəbin inzibati ərazisinə daxil olunmuşdur. İnzibati əraziyə baxış zamanı məktəbin təsərrüfat işləri üzrə müdiri kimi təqdim edən X12 onları müşaiət etmişdir. Həmin zaman məktəbin ərazisində təmir-tikinti işləri aparıldığından hər iki şəxsin iştirakı ilə ərazidə kəsilərək, məhv edilmiş yaşıllıqlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, yaş kök üstdə bioloji inkişafda olan 12 ədəd müxtəlif diametrlərdə və növdə olan ağacların motorlu mişar vasitəsi ilə kök boğaz hissəsindən kəsilməsi müəyyən edilmişdir. Qeyd olunan faktla bağlı həmin məktəbin direktoru X6 bildirmişdir ki, həmin ağaclar onlar tərəfindən abadlıq məqsədilə kəsilmiş və ərazi onlara aid olduğundan həmin ağacların kəsilməsi ilə bağlı müvafiq səlahiyyətlərinin olduğunu bildirmişdir. Həmçinin həmin əraziyə baxış zamanı orada olan 01 ədə tut ağacının çətirinin tamlığının pozularaq sərt şəkildə budanması və zədələnməsi faktı müəyyən edilmişdir. Bununla da barəsində icraat aparılan qurum və onun vəzifəli şəxsi tərəfindən “X1” Azərbaycan Respublikası Qanunun 10 və 13-cü maddələrinin tələbləri pozulmuşdur. Qeyd olunan bu hallarla bağlı 91088 saylı, xx.xx.2025-ci il tarixdə müvafiq Akt tərtib olunmuş və müvafiq fotoşəkillər də həmin akta əlavə edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin müvafiq sorğu əsasında VÖEN-in mövcud olması müəyyən edilmiş və buna görə də müvafiq hüquqi şəxs barəsində inzibati xətaya dair materiallar baxılması üçün məhkəməyə ünvanlanmışdır. X9 çıxışının sonundan inzibati xəta haqqında protokola münasibətdə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb olunması barədə müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, müvafiq araşdırmanın nəticəsi olaraq, Ziyad Həmidov adına Çuxanlı kənd tam orta məktəbinin direktoru olan X6 da vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmuşdur. Həmçinin barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin ağacların daha əvvəlki tarixlərdə kəsilməsi ilə bağlı bildirmişdir ki, həmin məktəbi bitirmiş Mehman Məlikov adlı şəxsin “Facebook” sosial şəbəkəsində etdiyi cari ilin may ayında paylaşdığı şəkillərdən də görünür ki, həmin tarixdə kəsildiyi müvafiq aktda qeyd olunan ağaclar yaş kökü üstdə mövcud olmuşdur. Lakin cari ilin senyabr ayında aparılan araşdırma nəticəsində həmin ağacların kəsilməsi faktı aşkar edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixində keçirilən iclasında iştirak edən barəsində inzibati xətaya dair protokol tərtib olunmuş Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X8 bildirmişdir ki, işə mahiyyəti üzrə baxmamışdan əvvəl müəyyənləşdirilməlidir ki, Agentlik inzibati xətanın subyekti kimi çıxış edə bilərmi. Yəni, qeyd edirik ki, inzibati məsuliyyətin yaranması üçün zəruri olan dörd ünsürdən (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) ibarət inzibati xəta tərkibinin mövcudluğu imperativ tələbdir. Bu elementlərdən hər hansı birinin olmaması, inzibati xəta tərkibinin yoxluğu deməkdir və bu, inzibati məsuliyyəti istisna edən qeyd-şərtsiz haldır. Hazırkı işdə mübahisə predmeti inzibati xətanın subyektinin düzgün müəyyən edilib-edilməməsi məsələsidir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən protokol bilavasitə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi” barəsində tərtib edilmişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Agentliyə hüquqi şəxs kimi yanaşaraq onu məsuliyyətə cəlb etməyə çalışmışdır. Lakin qeyd etmək lazımdır ki, bu yanaşma həm Agentliyin hüquqi statusunun, həm də İXM-nin 539.3-cü maddəsinin məqsəd və məzmununun yanlış təfsirindən irəli gəlir. Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 1.1-ci bəndinə əsasən, Agentlik Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan, müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsində iştirak edən və dövlət nəzarətini həyata keçirən bir qurumdur. Bu, onun müstəqil hüquqi şəxs, o cümlədən publik hüquqi şəxs deyil, mərkəzi icra hakimiyyəti orqanının funksional tərkib hissəsi, yəni bir dövlət orqanı olduğunu təsdiq edir. Agentliyin VÖEN-ə (X2 Nömrəsinə) malik olması ona avtomatik olaraq İXM-nin 253.2-ci maddəsinin məqsədləri üçün məsuliyyətə cəlb edilə bilən "hüquqi şəxs" statusu vermir. VÖEN, qurumun maliyyə-təsərrüfat fəaliyyətinin uçotu, büdcə vəsaitlərinin hərəkəti və digər fiskal məqsədlər üçün zəruri olan texniki-uçot rekvizitidir və onun inzibati-hüquqi məsuliyyət subyektliyini müəyyən etmir. Bildiririk ki, bu mövqenin doğruluğunu təsdiq edən ən tutarlı arqumentlərdən biri də, məhz protokol tərtib etmiş orqanın özünün hüquqi statusudur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi də vergi orqanlarında "dövlət idarəetmə orqanı" kimi qeydiyyatdadır. Bu, hər iki qurumun hüquqi təbiətinin eyniyyət təşkil etdiyini göstərir. Əgər protokol tərtib edən orqanın məntiqi ilə yanaşsaq o zaman belə bir absurd nəticə ortaya çıxır ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi özü də misal üçün hər hansı bir məlumatı vaxtında təqdim etmədikdə başqa bir nəzarət orqanı tərəfindən "hüquqi şəxs" kimi cərimələnə bilər. Bu, dövlət idarəetməsinin mahiyyətinə və inzibati məsuliyyətin məqsədlərinə zidd olan bir hüquqi yanaşmadır. Beləliklə, qeyd edirik ki, inzibati xəta haqqında protokol İXM-nin 253.2-ci maddəsinin subyekti olmayan bir qurum dövlət orqanı barəsində barəsində tərtib edilmişdir. Bu isə barəsində icraat aparılan Agentliyin əməlində inzibati xəta tərkibinin mövcud olmadığını sübut edir və bu da İXM-nin 53.1.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi üçün təkzibedilməz hüquqi əsasdır. Yuxarıda qeyd olunan hallara əsaslanaraq "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi" barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X7-Salyan Regional Təhsil İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, inzibati orqan tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolun əsassız olduğunu və Agentliyin dövlət qurumu olduğunu qeyd edərək, protokol üzrə icraata xitam verilməsi barədə məhkəmə qərarının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş materiallar: - 91088 nömrəli, 22 sentyabr 2025-ci il tarixli aktdan görünür ki, 20-22 sentyabr tarixlərində Salyan rayon Çuxanlı kəndi ərazisində fəaliyyət göstərən Ziyad Həmidov adına Çuxanlı kənd tam orta məktəbində idarənin xx.xx.2025-ci il tarixli 0283 saylı sərəncamına və daxil olmuş məlumat əsasında Salyan rayonu ərazisində “Yaşıllıqların Mühafizəsi” haqqında Azərbaycan Respublikası Qanununun icra vəziyyəti ilə əlaqədar keçirilən nəzarət tədbirləri zamanı müəyyən edilmişdir ki, Çuxanlı kənd ərazisində fəaliyyət göstərən Ziyad Həmidov adına tam orta məktəbə məxsus ərazidə yaşıllıqların kəsilməsi məhv edilməsi faktı vardır. Bununla bağlı araşdırma zərurəti yarandığından əraziyə tərəfimizdən Çuxanlı kənd bələdiyyəsinin sədri X14 dəvət olunmuş və onunla birlikdə məktəbin inzibati ərazisinə daxil olunmuşdur. İnzibati əraziyə baxış zamanı məktəbin təsərrüfat işləri üzrə müdiri kimi təqdim edən X12 onları müşayiət etmişdir. Həmin zaman məktəbin ərazisində təmir-tikinti işləri aparıldığından hər iki şəxsin iştirakı ilə ərazidə kəsilərək, məhv edilmiş yaşıllıqlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, yaş kök üstdə bioloji inkişafda olan 12 ədəd müxtəlif diametrlərdə və növdə olan ağacların motorlu mişar vasitəsi ilə kök boğaz hissəsindən kəsilməsi müəyyən edilmişdir. Qeyd olunan faktla bağlı həmin məktəbin direktoru X6 bildirmişdir ki, həmin ağaclar onlar tərəfindən abadlıq məqsədilə kəsilmiş və ərazi onlara aid olduğundan həmin ağacların kəsilməsi ilə bağlı müvafiq səlahiyyətlərinin olduğunu bildirmişdir. Həmçinin həmin əraziyə baxış zamanı orada olan 01 ədə tut ağacının çətirinin tamlığının pozularaq sərt şəkildə budanması və zədələnməsi faktı müəyyən edilmişdir. Bununla da barəsində icraat aparılan qurum və onun vəzifəli şəxsi tərəfindən “X1” Azərbaycan Respublikası Qanunun 10 və 13-cü maddələrinin tələbləri pozulmuşdur. Akta araşdırmaya dair toplanmış materiallar və foto və video çəkilişlər əlavə olunmuşdur. Akt iki nüsxədə tərtib olundu. xx.xx.2025-ci il tarixli 91088 saylı akta əlavədən görünür ki, Salyan rayonu Çuxanılı kənd ərazisində fəaliyyət göstərən Ziyad Həmidov adına tam orta məktəbin ərazidə yaşıllıqların məhv edilməsi nəticəsində təbiətə dəymiş maddi ziyanın hesabatına dair cədvəllə ümumilikdə vurulmuş ziyanın miqdarı 8 ədəd Albalı ağacının, 2 ədəd Qarağacın, 2 ədəd nar kolunun kəsilməsinə münasibətdə 1270 (bir min iki yüz yetmiş) manat müəyyən edilmişdir. Təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı qərarına əsasən hesablanmışdır. Azərbaycan Republikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ünvanlanmış 3-14-42/2-557/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, idarənin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu Çuxanlı kənd Z.Həmidov adına tam orta məktəbinin ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar edilmişdir. Faktla bağlı inzibati araşdırma başlanılmışdır. Araşdırmada iştirak edilməsi üçün xx.xx.2025-cü il tarixində saat 12:00-da özünüzün və ya səlahiyyətli nümayəndənizin (nümayəndənin səlahiyyətini təsdiq edən sənədi ilə) 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə (Şirvan şəhəri, İ.Qayıbov küç 16) gəlməsi Sizdən xahiş olunur. Qeyd olunan tarixdə işin baxılmasında iştirak etmək üçün gəlmədikdə və ya işə baxılmasını təxirə salmaq haqqında vəsatət verilmədikdə Qanunvericiliyin tələbinə əsasən işə iştirakınız olmadan baxılacaqdır. Azərbaycan Republikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şirvan-Salyan Regional Təhsil İdarəsi direktoru Rəşad Musayevə ünvanlanmış 3-14-42/2-522/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İdarənin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Salyan rayonu Çuxanlı kənd Z.Həmidov adına tam orta məktəbin ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar edilmişdir. Faktla bağlı inzibati araşdırma başlanılmışdır. Araşdırmada iştirak edilməsi üçün xx.xx.2025-cü il tarixində saat 12:00-da özünüzün və ya səlahiyyətli nümayəndənizin (nümayəndənin səlahiyyətini təsdiq edən sənədi ilə) 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə (Şirvan şəh, 1.Qayıbov küç 16) gəlməsi Sizdən xahiş olunur. Qeyd olunan tarixdə işin baxılmasında iştirak etmək üçün gəlmədikdə və ya işə baxılmasını təxirə salmaq haqqında vəsatət verilmədikdə Qanunvericiliyin tələbinə əsasən işə iştirakınız olmadan baxılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin VÖEN – ********** saylı olmaqla, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi uçotuna təşkilati hüquqi forması “dövlət idarəetmə orqanı” kimi qeydiyyata alınmış və hüquqi ünvanı ünvan 2anov rayonu, Fətəlixan Xoyski prospektidir. Məhkəmə hesab edir ki, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati məsuliyyətin subyektləri inzibati xəta törədərkən on altı yaşı tamam olmuş anlaqlı fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslərdir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 12.1ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.1-ci maddəsinə əsasən, Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 99.4-cu maddəsinə əsasən, inzibati xata haqqında iş üzrə icraat aşağıda göstərilən vaxtdan başlanılmış hesab edilir: 99.4.3-cü maddəsinə əsasən, bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırılma tələb olunduğu hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad (qərar) qəbul edildikdə. 101.1-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2-cü maddəsinə əsasən, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 102.2-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, inzibati orqanı tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin AR İXMnin 253.2-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş xx.xx.2025-ci il tarixli aktın məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən AR İXM-nin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Lakin inzibati orqan tərəfindən törədildiyini bildirdikləri inzibati xətanın subyektinin məhz Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olması müəyyən edilməmişdir. Belə ki, müvafiq iş materiallarına inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan tərəfindən əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sistemindən əldə olunmuş çıxarışla müəyyən edilmişdir ki, hazırki barəsində inzibati icraat aparılan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin VÖEN – ********** saylı olmaqla, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi uçotuna təşkilati hüquqi forması “dövlət idarəetmə orqanı” kimi qeydiyyata alınmış və hüquqi ünvanı ünvan 2anov rayonu, Fətəlixan Xoyski prospektidir. Məhkəmə eyni zamanda o halı da nəzərə alır ki, sözügedən protokolda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi publik hüquqi şəxs kimi göstərilmişdir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş və həmin Əsasnamə ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X16 və Təhsil Nazirliyinin struktur qurumu kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43-cü maddəsində hüquqi şəxsin anlayışına əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən, Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 47-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. "Banklar haqqında" və "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. Lakin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərir. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi AR İXM-nin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın subyekti deyil. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar