Məhkəmə qərarları › İş №3(057)-113/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-113/2024

14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-113/2024 14.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Salyan rayonu, Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 14 fevral 2024-cü il tarixli, MN 1654787/37 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir Təqdim edilmiş xx.xx.2024-cü il tarixli, MN 1654787/37 saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Salyan rayonu, Noxudlu kənd ərazisində yerləşən heyvan bazarında Zərərçəkmiş şəxs məxsus 85 manat pulu dələduzluq yolu ilə əldə etmişdir. Həmin faktla bağlı Salyan RPŞ-nin TB tərəfindən araşdırma aparılmış və Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in “102” Xidməti- X2 müraciət edərək Salyan rayon heyvan bazarında heyvanların oğurlandığı ilə bağlı məlumat vermişdir. Tərtər rayonu Buruc kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024 cü il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 4 baş xırdabuynuzlu heyvanının oğurlanmadığını, onların nəzarətsiz qaldığı üçün bazarın içərisində itdiyini, hazırda heyvanlarını tapdığını, lakin naməlum şəxsin onu aldadaraq uduş olmayan kuponu 85 manat pul qarşılığında satmasını, sonradan həmin kuponun uduşlu olmadığını aşkar etməsini barədə məlumatı əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Salyan RPŞnin İTB-nə verilmişdir. Məhkəmə iclasında Salyan rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X3 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etmiş, əməlindən səmimi peşman olduğunu göstərərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün tərtib olnmuş xx.xx.2024-cü il tarixli, MN 1654787/37 saylı inzibati xəta haqqında protokollar və digər materiallar baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli Salyan RPŞ-nin qərardadından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və inzibati araşdırma aparılmışdır. xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd olunmuşdur. xx.xx.2024-cü il tarixli, MN 1654787/37 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Salyan rayonu, Noxudlu kənd ərazisində yerləşən heyvan bazarında Zərərçəkmiş şəxs məxsus 85 manat pulu dələduzluq yolu ilə əldə etmişdir. Elektron-məhkəmə informasiya sisteminə verilmiş sorğuya əsasən alınan məlumatdan görünür ki, Şəxs 2-ci qrup əlllik verilmiş və 220 manat sosial müavinət təyin edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbehin tətbiq olunması isə ona görə məqsədəmüvafiq deyil ki, İXM-nin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından da göründüyü kimi, Şəxs 2-ci dərəcə əlilliyi (orqanizmin funksiyalarının 61-80 faizi) müəyyən olunduğundan qanunvericiliyin tələbinə görə ona inzibati həbs növündə inzibati tənbeh tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, ictimai işlər növündə cəzanın müddəti, bir qayda olaraq, həftə ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər növündə cəzanın müddəti istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri, ümumxalq hüzn günü və məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş günlərində isə iki saatdan, məhkumun razılığı ilə isə dörd saatdan çox ola bilməz. Bu cəza növünün icra müddəti on beş yaşınadək məhkumlar üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək məhkumlar üçün isə üç saatdan çox ola bilməz. Üzrlü səbəblər olduqda icra məmuru məhkuma həftə ərzində müəyyən olunmuş vaxtdan az işləməyə icazə verə bilər. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 240 (iki yüz qırx) saat ictimai işlər tətbiq olunmalı, qərarın icrası Salyan rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 240 (iki yüz qırx) saat ictimai işlər tətbiq olunsun. Qərarın icrası Salyan rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar