Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1141/2025 27.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi İsmayılov Şirin Elton oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Salyan rayon Polis Şöbəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı elektron qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası DİN Salyan rayon Polis Şöbəsi tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı elektron qərar qəbul edilmişdir. Qərardan görünür ki, Azərbaycan Respublikası DİN Salyan rayon Polis Şöbəsi tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 məhkəməyə şikayətlə müraciət edərək, xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Salyan rayonu Polis Şöbəsinin DYPB-nin əməkdaşı heç bir əsas olmadan onu İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə etmişdir. O, özünü bu maddə ilə təqsirli bilmir. O, inzibati xəta hadisəsini törətməmişdir. O, manevretmə qaydalarını pozmamışdır. Həmin yerə baxış keçirilsə müəyyən edilər ki, o heç bir qayda pozuntusuna yol verməmişdir. Barəsində olan Salyan RPŞ-nin DYP-nin xx.xx.2025-ci il tarixli qərarın icrasına əməlində inzibati xəta tərkibi olmadığına görə qərarı ləğv etməklə işin icrasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X2 izahatından bildirmişdir ki, o, özünü İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilmir. Belə ki, o, köməkçi yoldan əsas yola çıxarkən sola dönmə manevrini həyata keçirməzdən əvvəl soldan gələn nəqliyyat vasitəsini görmüş, bir qədər dayanmış, lakin həmin avtomobilin uzaqda olduğunu gördüyü üçün hərəkətə keçmişdir. O, törətdiyi əməli manevr etmə qaydalarının pozulması kimi qiymətləndirərək, özünü İXM-nin 327.1-ci maddəsi ilə təqsirli hesab etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Salyan rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Salyan rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin orqana - Azərbaycan Respublikası DİN Salyan rayon Polis Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Salyan rayonu Yol Patrul Xidməti Baş İnspektor polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 12:21də istifadəsində olan “VAZ 21723 minik” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 1 ədəd “DVD” diskdən görünür ki, sürücü köməkçi yoldan əsas yola çıxaraq sola dönmə manevrini yerinə yetirərkən soldan gələn nəqliyyat vasitəsini gördüyü halda, bir qədər dayanmış, sonra isə hərəkətinə davam etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, işdə olan videomaterial sürücünün köməkçi yoldan əsas yola çıxaraq sola dönməsi zamanı soldan gələn nəqliyyat vasitəsini gördüyünü, lakin məsafəni düzgün qiymətləndirməyərək hərəkətinə davam etdiyini təsdiq edir. Bu hal manevr etmə qaydalarının pozulması kimi qiymətləndirilməli, yəni İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun tövsif edilməlidir. Halbuki inzibati orqan tərəfindən əməl əsassız olaraq 327.2ci maddə ilə qiymətləndirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, iş düzgün hüquqi kvalifikasiyanın verilməsi üçün aidiyyəti üzrə polis orqanına geri qaytarılmalıdır. X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də, inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, Salyan rayonu Yol Patrul Xidməti Baş İnspektor polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar ləğv edilməli, X1 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Salyan rayon Polis Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X2 barəsində Salyan rayonu Yol Patrul Xidməti Baş İnspektor polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1141/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1141/2025
27.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver