Məhkəmə qərarları › İş №3(057)-1144/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1144/2024

29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1144/2024 29.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1989-cu il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Salyan şəhəri, İ.Quliyev küçəsi, ev 17,mənzil 19-da qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 25 noyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 25 noyabr 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 25 noyabr 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 681/2022 saylı, 22 aprel 2022-ci il tarixli icra sənədi üzrə Şəxs öhdəsində olan 6627 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, ikinci dəfə ailə həyatı qurmuşdur. İkinci nikahından 2 azyaşlı uşaqları var. İşsizdir, ailənin yeganə qazanc gətirənidir. Hazırda səhhəti ilə bağlı işləyə bilmir. Onun əl barmaqlarında “qanqrena” diaqnozu qoyulmuşdur. Həkim müayinəsindən sonra barmaqlarının amputasiyası mümkün olacaqdır. Alimenti ödəməkdən imtina etmir. İmkanı olan kimi alimenti ödəyəcəkdir. Sonuncu dəfə 2024-cü ilin sentyabr ayında borcundan ödəmişdir. Göstərilənləri nəzərə alaraq onun barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 inzibati xəta haqqında protokolu müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Aliment uzun müddət ödənilmədiyi üçün tələbkar şikayətçidir və aliment borcunu tam tələb edir. Məhkəmə aparatının işçiləri tərəfindən tələbkar Zərərçəkmiş şəxs ilə əlaqə saxlanılarkən o, bildirmişdir ki, borclunun xəstə olmasını bilsə də , aliment borcunu tələb edir. Məhkəməyə dəftərxana vasitəsi ilə ərizə ilə müraciət edən tələbkar Zərərçəkmiş şəxs göstərmişdir ki, borclu ilə üz-üzə gəlmək istəmir. İki övladının göz xəstəliyindən əziyyət çəkdiyini, əməliyyat olunduğunu və davamlı olaraq müalicəyə ehtiyyaclarının olduğunu, özünün hazırda heç bir yerdə işləmədiyini qeyd edərək, alimentin ödənilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-681/2022 saylı, 22 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən, iddia qismən təmin edilərək, Salyan Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(057)-225/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək cavabdeh Şəxs qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq 20 may 2009-cu ildə anadan olmuş Kənan və xx.xx.2011-ci ildə anadan olmuş Əzizə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş tərtib edilmişdir. İş materiallarında olan Şəxs izahatının ksero surətindən görünür ki, icra sənədi barədə xəbərdardır. Adına rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlakı yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanətləri yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Tibbi Xidmətə Göndəriş Vərəqəsindən görünür ki, Şəxs həmin göndərişlə tibbi müayinəyə gödəriş verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Ambulator, stasionar, xəstənin tibbi kartasından çıxarışın ksero surətindən görünür ki, Şəxs əlinin 4-cü və 5-ci barmaqlarının qanqrenası diaqnozu ilə xəstədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə borclunun himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İcra sənədinin icra olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə inzibati cərimə tənbehi tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, borclu barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar