Məhkəmə qərarları › İş №3(057)-1158/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1158/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1158/2023 18.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, bir azyaşlı övladı olan, "xxxx" Şirkətində sürücü işləyən, Salyan rayonu, Təzəkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan 28 noyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 28 noyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 28 noyabr 2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1016/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs öhdəsində qalan 37590 manat borcunu Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 protokolu müdafiə edərək, borclu barədə hər hansı qərarın verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, ötən məhkəmə iclasından sonra tələbkara borcundan 4000 (dörd min) manat ödəniş etmişdir. Tələbkarla razılaşmışlar ki, əmək haqqından hər ay 400 (dörd yüz) manat ödəniş edəcəkdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs borclu ilə razılaşdıqlarını, borclunun ötən məhkəmə iclasından sonra ona 4000 (dörd min) manat ödəniş etdiyini, aylıq da 400 (dörd yüz) manat pul ödəyəcəyinə dair iltizam verdiyini bildirərək, hazırda borclu barədə heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1016/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı pul tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Şəxs 40000 (qırx min) manat məbləğində pulun alınaraq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1016/2021 saylı, 28 iyul 2021-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 40030 manat pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Salyan rayon İcra və Probasiya şöbəsində ondan borcun tam qaydada Zərərçəkmiş şəxs ödənilməsi tələb olunmuşdur. Əks halda barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq məhkəməyə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. Öhdəsində olan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. "xxxx" Şirkətində işlədiyini və ayda 500 manat əmək haqqı aldığını demişdir. Borcunun maaşına yönəldilməsini, maaşından tutulmasını xahiş etmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-890/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, öhdəsində olan 40030 manat borcunu 10 gün müddətində tam qaydada tələbkar Zərərçəkmiş şəxs ödəməsi tələb olunmuşdur. Əks halda barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət işinin başlanması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müvafiq təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, icra sənədində göstərilən tələbi 10 gün müddətində tam qaydada icra etməsi ondan tələb olunmuşdur. Əks halda barəsində Azərbaycan Respublikası İXMnin 306-cı maddəsinə əsasən barəsində cinayət işinin başlanacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1016/2021 saylı, 28 iyul 2021-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 40030 manat pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Bu gün Salyan rayon İcra və Probasiya şöbəsində öhdəsində olan borcun tam qaydada tələbkara qaytarmaq tələb olunmuş və bu barədə icra məmurunun xəbərdarlıq məktubunu almışdır. Öhdəsində olan borcu ödəməkdən imtina etmir. Bu günə kimi 09 ay müddətində əmək haqqının 50 faizi həcmində təxminən iki minə yaxın pul tutularaq Zərərçəkmiş şəxs bank hesabına köçürülmüşdür. Hal-hazırda bütün məbləği ödəməyə imkanı yoxdur, bu səbəbdəndə dədəsinin himayəsində yaşayır. Hazırda onun maşını tələbkardadır. O, Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Ali Məhkəmənin qərarını gözləyir. İş materiallarında olan Şəxs ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, barəsində olan Salyan Rayon Məhkəməsinin 2(057)-1016/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsini (borcunun ödənilməsini) və 20 oktyabr 2023-cü il tarixdə (ödəniş sənədlərini təqdim etməklə) Salyan rayon İcra və Probasiya şöbəsinə gəlməsi tələb olunmuşdur. Əks halda barəsində qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs tərəfindən Salyan rayon İcra və Probasiya şöbəsinə təqdim edilmiş ərizədən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1016/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 40030 manat pulun alınaraq ona verilməsi qət olunmuşdur. Şəxs indiyə kimi ona 2440 manat pul ödəmiş, 37590 manat borclu qalmışdır. Ödənilməmiş qalan 37590 manat borcun tam qaydada ona qaytarılmasını tələb etmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)- 641/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Salyan Rayon Məhkəməsinin 2(057)-187/2023 saylı, 13 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı iddiasının təmin olunması, Şəxs ilə Zərərçəkmiş şəxs arasında **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin alğı-satqısı barədə bağlanmış 16 fevral 2021-ci il tarixli, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Şəxs mülkiyyət hüquqlarının bərpa edilməsi, Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı Şəxs mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin, avtomobilin qaytarılması mümkün olmadıqda isə avtomobilin dəyəri olan 13000 manat və ödənilmiş 129 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3513/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-641/2023 nömrəli, 19 may 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən Salyan rayon İcra və Probasiya şöbəsinə verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “Şəxs ona olan borcundan bu gün nəğd qaydada 4000 (dörd min) manat pulu ödəmişdir”. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən Salyan rayon İcra və Probasiya Şöbəsinə verilmiş ərizədən görünür ki, 28 iyul 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs ona cəmi 40030 manat pul ödəməlidir. Bildirir ki, borclu Şəxs əmək haqqından bugünə kimi 2660 manat pul tutularaq ona ödənilmişdir. Nəzərə çatdırır ki, bundan başqa borclu Şəxs tərəfindən 4000 manat pul ona ödəmiş, qalan borcun ödənilməsi ilə bağlı aralarında razılığa gəlmişlər, həmin razılığa əsasən Şəxs hər ay əmək haqqından tutulan ona ödənilən 220 manatdan başqa əlavə olaraq 180 manat da, ödəməyi öhdəsinə götürmüşdür. Bu gün borclu ilə bağlı heç bir tələb və şikayəti yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə hesab edir ki, borclu Şəxs İcra məmurunun qanuni tələblərini vaxtında icra etmişdir. Borclu tələbkara 4000 manat pul ödəmiş və hər ay onun əmək haqqından tutulan 220 manatdan əlavə tələbkara 180 manat ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmədə tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, borclu tələbkara olan borclarını ödəyir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, borclunun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi yoxdur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Məhkəmə hesab edir ki, icra məmuru hazırki icra sənədinin icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bütün mümkün icra tədbirlərini yerinə yetirmədən, borclunun icra sənədinin icra edilməsi üçün tələbin üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmiş və əsassız olaraq onun inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə müəyyən etmişdir ki, borclu Şəxs borcunu ödəməkdən imtina etmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Salyan Rayon Məhkəməsinin 2(057)-1016/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar