Məhkəmə qərarları › İş №3(057)-117/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-117/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-117/2023 03.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin direktoru X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında material baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Ülvi Rzayev tərəfindən Şəxs MMC barəsində № 00100-00065/23 saylı 12 yanvar 2023-cü il tarixli inzibati xəta protokol tərtib olunmuşdur. Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483cü maddəsində (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə) nəzərdə tutulmuş inzibati xətanı törədilməsi müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin direktoru X2 izahatında bildirmişdir ki, Şəxs MMC-nin direktorudur. Şirkətin 18 işçisi var. Türkiyyə Respublikasında fəaliyyət göstərən “Ökmen Kardeşlər su ürünləri tarim turizm” şirkətinə tır vasitəsi ilə qurbağa apardığı zaman Türkiyə Respublikasının gömrük keçid məntəqəsində günlərlə gözlədiyindən qurbağalar məhv olmuşdur. Bu səbəbdən “Ökmen Kardeşlər su ürünləri tarim turizm” şirkəti Şəxs MMC-yə ödəniş etməmişdir. Ona görədə ona maddi ziyan dəymişdir. Odur ki, barəsində tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmə işdə iştirak edən Şəxs MMC-nin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb işdə olan sübutlara qiymət verərək belə qənaətə gəlir ki, "xxxx" MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Belə ki, iş materiallarının 19-22-ci vərəqələrində olan Şəxs MMC-nin direktoru X1 11 yanvar 2023-cü il tarixli izahatından görünür ki, Şəxs MMC 2018-ci ilin dekabr ayında Türkiyə Respublikasında fəaliyyət göstərən “Ökmen Kardeşler su ürünleri tarım turizm” şirkətinə canlı qurbağa göndərmişdir. Həmin mallar xx.xx.2018-ci il tarixli **********1281 saylı gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Şəxs MMC Türkiyə Respublikasında fəaliyyət göstərən şirkətə dəfələrlə canlı qurbağa göndərmiş və hər dəfə də ödəniş qayıtmışdır. Bu dəfə qurbağaların canlı olaraq ünvana çatmadığında, yəni qurbağalar məhv olduğundan malın dəyəri ödənilməmişdir. Malları göndərildiyi nəqliyyat vasitəsi +5 dərəcədə temparaturlu avtomobillər olmuşdur. Nəqliyyat vasitəsi Türkiyə gömürüyündə 1 həftəyə yaxın saxlanılması səbəbindən canlı qurbağalar tələf olmuşdur. İş materiallarının 23-cü vərəqində olan “Ökmen Kardeşler su ürünleri tarım turizm” şirkətinin məktubundan görünür ki, AZE00756 nömrəli xx.xx.2018-ci ildə idxal edilmiş 3480 kq canlı qurbağalar işə yarayacaq vəziyyətdə və canlılıqda olmamışdır. İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli, № 00100-00065/23 saylı protokoldan görünür ki Salyan rayonunun, Şorsulu kəndində qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) ilə Turkiyə Respubkasında fəaliyyət göstərən “Ökmen Kardeşler su ürünleri tarım turizm” şirkəti arasında bağlanmış AZ 701-012 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə istinad etməklə Bakı Baş Gömrük idarəsində 24 dekabr 2018-ci il tarixdə **********1281 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 4757.2 ABŞ dolları dəyərində mallar Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarıcı iqtisadı fəaliyyətlər nəticəsində 4757.2 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir.Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmişdir. Məhkəmə daxil olmuş materialla bağlı aşağıdakı hüquq normalarını istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İXM-nın 483-cü maddəsində qeyd olunmuşdur ki, Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli qərarında İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddə ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. Cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli qərarında göstərilmişdir ki, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqa zidd davranışı nətiçəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsiriniun törəməsidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 383-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli olması sübuta yetirilmir. Belə ki, işdən görünür ki, Şəxs MMC 2016-cı ildə təsis edilmiş, fəaliyyəti canlı qurbağaların xaricə satışından ibarət olmuşdur. Qurbağalar əsasən, Türkiyə Respublikasına və Albaniyaya göndərilmişdir. İxrac edilmiş malların dəyəri ödənilmişdir. İstisna olaraq 2018-ci ilin dekabr ayında Türkiyə Respublikasında fəaliyyət göstərən “Ökmen Kardeşler su ürünleri tarım turizm” şirkətinə göndərilmiş canlı qurbağaların tələf olması səbəbindən dəyəri ödənilməmişdir. Bundan başqa, məhkəmə, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 383-cü maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli olmuş olsa belə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, idxal hadisəsi 2018-ci ilin dekabr ayında olmuşdur. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 12.1 və 12.2-ci bəndinə əsasən, konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İşin faktiki hallarından görünür ki, Şəxs MMC 24 dekabr 2018-ci il tarixdə malı idxal etmiş və bu barədə Bakı Baş Gömrük İdarəsi tərəfindən 24 dekabr 2018-ci il tarixdə **********1281 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparılsa da, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Ülvi Rzayev tərəfindən Şəxs MMC barəsində № 00100-00065/23 saylı 12 yanvar 2023-cü il tarixli inzibati xəta protokol tərtib olunmuş, tərtib olunmuş inzibati xəta haqqında müvafiq materiallar 06 fevral 2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olsa belə, inzibati xətanın törədildiyi gündən bir ildən artıq müddət keçdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən başlanmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar