Məhkəmə qərarları › İş №3(057)-1176/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1176/2023

01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1176/2023 01.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4, Borclu Şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Salyan rayonu, Qaraçala kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 01 dekabr 2023-cü il tarixli, MN ******* inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında 01 dekabr 2023-cü il tarixli MN № ******* protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, borclu Şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1700/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs4 MMC-yə 1304,40 manat əsas borc, 33 manat dövlət rüsumu, Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinin 8İ-10133 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs1 cəmi 9025 manat, Salyan Rayon Məhkəməsinin 2(057)-2110/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs8 cəmi 10020,46 manat, Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinin 8İ-729 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs6 cəmi 3425 manat, Salyan Rayon Məhkəməsinin 2(057)- 190/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs2 Mübạriz oğluna cəmi 9665 manat, Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinin 8İ-2486 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs7 cəmi 8325 manat, Salyan regional "ASAN xidmət" notariat ofisinin 8İ-2977 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs3 cəmi 4025 manat, Salyan regional "ASAN xidmət'" notariat ofisinin 8İ-5057 nömrəli, xx.xx.2023-cü il tarixli tələbkar Zərərçəkmiş şəxs5 cəmi 10025 manat borcu yaranmışdır. Borclu ümumi borcunu tam qaydada ödəməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, Şəxs 8 icra sənədi üzrə ümumilikdə 55814 manat borcu vardır. O, dəfələrlə icra şöbəsinə dəvət edilsə də, icra şöbəsinə gəlməmiş və nəticədə axtarış barədə qərar qəbul edilmiş, həmin qərar əsasında bu gün icra şöbəsinə gətirilmişdir. O, icra sənədinin icrasından heç bir üzürlü səbəb göstərmədən yayınır. İzahatında maddi imkanı olmadığı üçün borclarını ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, borclarını etiraf edir. Ona məhkəmədən 3-4 ay vaxt verilməsini istəmiş, avtomobilləri 10-15 günə qaytaracağını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o, icra vərəqəsi üzrə müəyyən edilmiş borcun tam şəkildə ödənilməsini tələb edir. İcra vərəqəsinin verilməsindən xeyli müddət keçməsinə baxmayaraq, ona bu günədək hər hansı ödəniş edilməmiş, onunla razılığa gəlinməsi istiqamətində şəxs tərəfindən hər hansı addım atılmamışdır. Bu səbəbdən onun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1700/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədindən görünür ki, cavabdehlər Şəxs və X2 müştərək qaydada 1264,40 manat əsas və 40 manat cərimə borcu olmaqla, cəmi 1304,40 manat pul və ödənilmiş 33 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1700/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən rəsmi qaydada alınmışdır. Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinin 8İ-10133 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 9025 manat pulun alınaraq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinin 8İ-10133 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2022-ci il tarixdə Şəxs tərəfindən rəsmi qaydada alınmışdır. Borclu Şəxs Salyan rayon icra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, ona verilən suallara cavab olaraq bildirmişdir ki, Salyan rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 8İ-10133 №li xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən ondan cəmi 9025 manat pulun alınıb Zərərçəkmiş şəxs1 İsmixan oğluna verilməsi qərara alınmışdır. İcra sənədində göstərilən borcun könüllü qaydada ödənilməsi üçün icra məmuru tərəfindən ona rəsmi bildiriş göndərilmişdir. İcra sənədində qeyd olunan 9025 manat borcun Zərərçəkmiş şəxs1 İsmixan oğluna ödəməkdən imtina etmir. Lakin borcunu tam qaydada ödəyə bilmir, borcunu hər ay 1000 manat olmaqla hissə-hissə ödəyəcəyinə söz vermişdir. İlk ödənişi bu ayın sonu, yəni, 2022-ci ilin dekabrın sonu ödəyəcəyinə söz vermiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdardır. Salyan Rayon Məhkəməsinin 2(057)-2110/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 9800 manat əsas, vəkilə göstərdiyi hüquqi yardıma görə 100 manat və 120,46 manat dövlət rüsumunun alınaraq iddiaçı X5 xeyrinə ödənilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-2110/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə Şəxs göndərilmişdir. Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinin 8İ-729 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 3425 manat pulun alınaraq Zərərçəkmiş şəxs6 xeyrinə ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinin 8İ-729 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə Şəxs göndərilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-190/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9500 manat, hüquqi yardıma görə müdafiəçiyə ödənilən 50 manat və iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzinə ödənilmiş 115 manat pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-190/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə Şəxs göndərilmişdir. Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinin 8İ-2486 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 8325 manat pulun alınaraq Zərərçəkmiş şəxs7 xeyrinə ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinin 8İ-2486 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə Şəxs göndərilmişdir. Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinin 8İ-2977 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 4025 manat pulun alınaraq Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinin 8İ-2977 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə Şəxs göndərilmişdir. Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinin 8İ-5057 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 10025 manat pulun alınaraq Zərərçəkmiş şəxs5 xeyrinə ödənilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Salyan rayon 2 saylı Xüsusi Notariat Ofisinin 8İ-5057 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş həmin tarixdə Şəxs göndərilmişdir. Salyan rayon icra və probasiya şöbəsinin “icra sənədlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, yuxarıda qeyd olunan icra sənədləri ümumi icraatda birləşdirilmiş və qərarın surəti müvafiq məhkəmələrə və tərəflərə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin 8(057)-93/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “borclunun axtarılması barədə” qərarın surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Salyan Rayon Polis Şöbəsinin 2-36626/23 saylı, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Şəxs tutularaq müvafiq tədbirlərin görülməsi üçün Salyan rayon icra və probasiya şöbəsinə təhvil verilmişdir. Borclu Şəxs Salyan rayon icra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, barəsində olan icra sənədlərindən məlumatı vardır. İcra sənədlərindən 600 manat Zərərçəkmiş şəxs5 ödəmiş, 1000 manat Zərərçəkmiş şəxs1 İsmixan oğluna və 400 manat X7 ödəmiş, qalan borclarının ödənilməsi barədə məlumatı olmamışdır. Qəbzlər evdə olduğu üçün təqdim edə bilməmişdir. Ona icra məmurunun çağırışlarına gəlməməsinin səbəbi soruşulduqda, borclarını ödəmək üçün pulunun olmaması və şöbəyə gələn zaman ona cəza veriləcəyini bildiyi üçün gəlməməsini, hazırda pulu olmadığı üçün borclarını ödəyə bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, şəxs borc məbləğlərinin icra sənədlərində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə, öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Şəxs icra şöbəsində verdiyi izahatında maddi imkanının olmamasını əsas gətirərək borc məbləğini ödəyə bilmədiyini göstərsə də, məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin maddi imkanının olmamasını onun tərəfindən məhkəmə qətnamələrinin icra edilməməsinin üzürlü səbəbi kimi qiymətləndirilmədiyini nəzərə alır. Bununla yanaşı, barəsində inzibati qaydada icraat aparılan şəxs ötən illər ərzində məhkəmə qətnamələrinin qismən də olsa icra olunmasına cəhd etməmiş və bu günədək zərərçəkmiş şəxslərə hər hansı məbləğdə ödəniş etməmişdir və ya bunun əksini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında şəxs məhkəmə qətnaməsinin icra edilməsi üçün ona vaxt verilməsini xahiş etsə də, Dövlət adından çıxarılmış məhkəmə aktı ilə müəyyən edilmiş məbləğin hissə-hissə ödənilməsi borclunun şəxsi mülahizələri və özünün müəyyən etdiyi məbləği ödəməsi ilə deyil, müvafiq məhkəmə qərardadı ilə müəyyən edilməli olan haldır ki, hazırki halda belə bir məhkəmə qərardadı iş materiallarına əlavə edilməmiş, barəsində inzibati qaydada icraat aparılan şəxsin isə bununla bağlı hər hansı addım atması (məhkəmə hissə-hissə icra ilə bağlı müraciət etməsi) müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə hazırda məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin zərərin hissə-hissə ödənilməsi ilə razılaşmadığını, barəsində inzibati qaydada icraat aparılan şəxsin ötən illər ərzində heç bir ödəniş etmədiyini, onun zərərçəkmiş şəxsin mənafeyinə və məhkəmə aktına laqeyd münasibətini də nəzərə alır. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnamələrinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra sənədləri üzrə ödəməli olduğu borcu ödəməyərək icra vərəqələrini icra etməmiş, bundan boyun qaçırmış, bununla da o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən şəxsin törətdiyi əməli etiraf edərək əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsə inzibati cərimə növündə tənbehin tətbiq edilməsinin lüzumsuz olduğunu və bu tənbehin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş daha yüngül, yəni inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, yuxarıda göstərilən məsuliyyəti yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 01 dekabr 2023-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar