Məhkəmə qərarları › İş №3(057)-1188/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1188/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1188/2024 13.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, X5 Sistemlərinin İstismari İdarəsində Nasos qurğularının maşinisti vəzifəsində işləyən, Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş 06 dekabr 2024-cü il tarixli, MN № 1954156/1070 nömrəli inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 06 dekabr 2024-cü il tarixli, MN № 1954156/1070 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisində Şəxs qoşalüləli ov silahını saxlama qaydasını pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, məhkəmə işə inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun vəfat etmiş atası X1 ona yadigar “Ј” markalı, 16 kalibrli, qoşa lüləli, K 104920-56 nömrəli ov tüfəngi qalmışdır. Ov tüfəngini həmin vaxtdan yaşadığı evdə əkin sahəsinə hücum edən vəhşi heyvanları qorxuzmaq üçün saxlamışdır. Arabir tüfəngi ilə əkin sahəsinə getmişdir. 07 noyabr 2024-cü il tarixdə kənd ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşıb yaşadığı evdə sənədsiz ov tüfənginin olduğunu demişdir. O da səmimi etiraf edib evində mərhum atasından yadigar qalan ov tüfənginin olduğunu bildirmişdir. Ondan sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı evə gedib ov tüfəngini polis əməkdaşlarına təhvil vermişdir. Sonra onlar birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlmişdirlər. Əlavə olaraq bildirmişdir ki, mərhum atasından yadigar qalan ov tüfəngini yalnız əkin sahəsinə hücum edən vəhşi heyvanları qorxuzmaq üçün istifadə etmişdir, onunla heç bir ov etməmişdir. Özünü təqsirli bilir. Barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 03 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Təbriz Xudaverdiyevin 07 noyabr 2024-cü il tarixli raportu əsasında toplanmış material üzrə Şəxs əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməsi, xx.xx.1966-cı ildə Salyan rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası, deməsinə görə əvvəllər məhkum olunmamış, X3 İdarəsində baş maşinist işləyən, Salyan rayonu Çadırlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X2 verilməsi, Şəxs təqdim etdiyi 1 (bir) ədəd silah 16 kalibrli olmaqla, “B” modelli, K 104920 nömrəli, xarici çaxmaqlı, hamar-yivsiz qoşalüləli odlu ov tüfəngi DİN-in Maddi Texniki-Təminat Baş İdarəsinə bilavasitə tabe olan Mərkəzi Silah Anbarına təhvil verilməsi üçün Salyan Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilməsi qərarına alınmışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 27.1-ci maddəsinə əsasən, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbehin, inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, Salyan RPŞ-də saxlanılan inzibati xətanın törədilməsində alət olmuş 1 (bir) ədəd silah 16 kalibrli olmaqla, “B” modelli, K 104920 nömrəli, xarici çaxmaqlı, hamar-yivsiz qoşalüləli odlu ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Müsadirə edilmiş əmlak Azərbaycan Respublikası DİN-nın Təchizat İdarəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar