Məhkəmə qərarları › İş №3(057)-1205/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1205/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1205/2025 03.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Salyan rayonu, Seyidsadıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də fəhlə işləyən, Salyan rayonu, Seyidsadıqlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş 03 noyabr 2025-ci il tarixli, MN № 2031575/470 nömrəli inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 03 noyabr 2025-ci il tarixli, MN № 2031575/470 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs Salyan rayonu, Seyidsadıqlı kəndi ərazisində heç bir sənədi olmayan ov silahını saxlayaraq inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X6 protokolu müdafiə edərək Şəxs barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Salyan rayonunda yerləşən "xxxx" MMCdə suçu işləyir. Onun özünə məxsus 16 kalibrli, tək lüləli, İJ markalı ov tüfəngi var. Həmin ov tüfəngi ona rəhmətlik babasından qalmışdır. Tüfəng heç bir yerdə qeydiyyata alınmamışdır. Onun özünə məxsus 80 baş xırdabuynuzlu heyvanı var. O, həmin heyvanları otlaq sahəsində saxladığı üçün tüfəngdən heyvanları qorumaq məqsədilə istifadə edir. 12 sentyabr 2025-ci il tarixdə təxminən saat 17 radələrində Salyan rayonu Seyidsadıqlı kənd ərazisində o, əkin sahəsində özünə məxsus ov tüfəngi ilə yabanı göyərçinləri ovlamışdır. Göyərçinlər əkin sahəsində böyürtkən kollarının yaxınlığında yerə qonmuşlar. Onunla quşların arasındakı məsafə 30-40 metr olmuşdur. Quşların arxasındakı böyürtkən kollarını ilə isə onun arasındakı məsafə 70-80 metr olmuşdur. O, göyərçinlərə bir qədər yaxınlaşıb onlara bir güllə atmışdır. Lakin, göyərçinləri ovlaya bilməmişdir. Bir neçə saniyədən sonra böyürtkən kollarının arxasından həmkəndlisi İsgəndər çıxmışdır. O, əlindəki tüfəngi dərhal gizlətmişdir. Sonra İsgəndərin yanına getmişdir. O, İsgəndərin yanına çatanda üzünün qanadığı görmüşdür. O, İsgəndərdən üzünə nə olduğunu soruşmuşdur. İsgəndər ona üzündən arı sancdığını demişdir. O, ilk öncə İsgəndəri ov tüfəngi ilə onun vurduğunu zənn etmişdir. İsgəndərin üzünə baxan zaman sadəcə gözünün altında kiçik bir yerin qanadığını və üst başının salamat olduğunu görmüşdür. Həmçinin İsgəndər ona üzünün arı sancdığını demişdir. O da fikirləşmişdir ki, yəqin İsgəndər kolların arasından sürətlə çıxdığı üçün kollar üzünü cırmışdır. O, İsgəndərin üzünün qanını silmiş və onu xəstəxanaya aparmaq istəmişdir. Lakin, İsgəndər onu xəstəxanaya aparmağını istəməmişdir. İsgəndər kolların arasından çıxan zaman köynəyi cırılmışdı. O, öz köynəyini İsgəndərə vermişdir. Sonra da İsgəndərin qardaşı oğlu Vüsalı çağırmışdır. Bir qədər sonra Vüsal avtomobillə gələrək İsgəndəri aparmışdır. Bir qədər sonra polis əməkdaşları gələrək onu rayon polis şöbəsinə dəvət etmişlər. Əlavə olaraq bildirmişdir ki, həmin vaxt İsgəndər ona onu tüfənglə vurmağı barədə heç bir söz deməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 03 noyabr 2025-ci il tarixli, MN № 2031575/470 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs Salyan rayonu, Seyidsadıqlı kəndi ərazisində heç bir sənədi olmayan ov silahını saxlayaraq inzibati xəta törətmişdir. Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X3 tərtib etdiyi 29 oktyabr 2025-ci il tarixli raportdan görünür ki, Salyan rayonu, Seyidsadıqlı kəndindən özünü təqdim etməyən şəxs 2025-ci il sentyabrın 12-də Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X9 məlumat verməklə göyərçinə atılan güllənin ehtiyatsızlıqdan əmisinə dəyməsini bildirmişdir. Daxil olmuş məlumat “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda qeydiyyata alınaraq icrası mənə həvalə olunmuşdur. Salyan rayonu, Seyidsadıqlı kəndində yaşayan X2 2025-ci il sentyabrın 12-də Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə saat 17 radələrində əkin sahəsi tərəfdə böyürtikan giləmeyvəsi yığarkən atılan güllənin ona dəyməsini və xəsarət almasını bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində İsgəndər Tağıyevin yaşadığı kəndin əkin sahəsində böyürtikən giləmeyvəsi yığarkən həmkəndlisi Şəxs özünə məxsus olan ov tüfəngi çöl quşları ovlayarkən ehtiyatsızlıqdan atılan güllənin ona dəyməsi və xəsarət alması faktı öz təsdiqini tapmışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXMin 590.2-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surətinin Salyan RPŞ-nin X1 göndərilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. 29 oktyabr 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilməsi, Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X1 göndərilməsi, Şəxs Adşirin oğlundan aşkar edilərək götürülmüş 01 ədəd E-10447 №-li silah, keçmiş “SSRİ” dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJ-18E modelli, çaxmaqsız, hamar tək lüləli, yivsiz, texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfənginin Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X1 göndərilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu səbəbdən də o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 27.1-ci maddəsinə əsasən, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbehin, inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, Salyan RPŞ-də saxlanılan inzibati xətanın törədilməsində alət olmuş silah E-10447 №-li silah, keçmiş “SSRİ” dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJ-18E modelli, çaxmaqsız, hamar tək lüləli, yivsiz, texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Müsadirə edilmiş əmlak Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar