Məhkəmə qərarları › İş №3(057)-1209/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1209/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1209/2025 14.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi İsmayılov Şirin Elton oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 31375785 saylı elektron qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx.xx.2025-ci il tarixli, EQ 31375785 saylı elektron qərar qəbul edilmişdir. Qərardan görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 məhkəməyə şikayətlə müraciət edərək, xx.xx.2025-ci il tarixli, EQ 31375785 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində mülkiyyətində olan 52BJ713 dövlət qeydiyyat nişanlı Hyundai Tucson markalı avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yolun kənarında parklanma üçün ayrılmış ərazidə park etmişdir. xx.xx.2025-ci il tarixində mobil telefonuna E-Polis tətbiqindən daxil olan bildirişlə barəsində EQ31375785 protokol tərtib olunduğu barədə məlumatlandırılmışdır. E-Polis tətbiqinə daxil olaraq, burada DİN BDYPİ tərəfindən xx.xx.2025-ci il tarixli EQ31375785 nömrəli elektron qərarın yerləşdirildiyini və həmin protokolla onun İXM-nın 346.9. maddəsinə əsasən, Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə 60 manat məbləğində cərimələndiyini görmüşdür. Nəqliyyat vasitəsini səkidə yox, məhz parklanma üçün nəzərdə tutulan yerdə park etdiyindən, həmçinin illərdir avtomobili həmin yerdə park etdiyindən, həmin ərazidə başqa avtomobillərin də park edildiyindən, avtomobili faktiki olaraq Mirəli Qaşqay küçəsində park etsə də, pozuntunun edildiyi yer kimi Mikayil Rəfili 29a ünvanı qeyd olunduğundan həmçinin barəsində cərimə protokolun tərtib olunması deyil, birbaşa qərarın çıxarıldığı onda böyük təəccüb doğurdu. Bunlardan başqa, yolun kənarında parklanmanı qadağan edən yol nışanlanmasından da istifadə olunmamışdır. Pozuntu ilə razılaşmadığı üçün ərazi üzrə Nəsimi rapon YPİ-yə müraciət edərək protokolun surətin götürmək istəyərkən artıq elə xx.xx.2025-cı il tarixində barəsində qərarın çıxarıldığını müəyyən etmişdir. Faktla bağiı bütün sənədlər, ərazının fotoşəkil qoşmada əlavə olunur. Həmçinin, məhkəmə zəruri bilərsə, şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin və avtomobilin qeydiyyat şəhadətnaməsinin əsli də təqdim oluna bilər. Odur ki, DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ31375785 nömrəli protokol və eyni tarix və nömrəli İnzibati Xəta haqqında iş üzrə qərarının ləğv olunması və həmin qərar əsasında Mərkəzi İnformasiya sistemində yerləsdirilmiş, inzibati cərimənin və balın silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X2 şikayətdə qeyd olunanları bir daha təsdiq edərək qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31375785 saylı “inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin orqana Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli, EQ 31375785 saylı qərardan görünür ki, Bakı şəhəri, Mikayıl Rəfili, 29 a ünvanında, xx.xx.2025-ci il tarixdə, saat 10:19:55-də istifadəsində olan “Hyundai Tucson minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 nizamlama Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, nəqliyyat vasitəsi səkidən ayrıca ayrılmış ə faktiki olaraq avtomobillərin dayanması üçün istifadədə olan genişləndirilmiş meydançada dayanıb, ərazidə dayanma və durmanı qadağan edən hər hansı yol nişanı və ya xüsusi nişanlanma yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən, bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. İş materiallarında olan sübutlar isə X2 tərəfindən İXMnin 346.9-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsini sübut etmək üçün kifayət etmir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Həmin Məcəllənin 346.9-ci maddəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə – altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, təqdim olunan fotoşəkillərdən və iş materiallarından aydın şəkildə görünür ki, nəqliyyat vasitəsinin dayanma yeri protokolda göstərilən ünvana uyğun deyil, dayanmanın qadağan olunduğunu təsdiqləyən hər hansı yol nişanı və ya xüsusi nişanlanma mövcud deyil, həmçinin İXM-nin 100.5-ci maddəsinin tələb etdiyi maddi sübutlar – dayanmanın nə ilə pozuntu yaratdığını göstərən sxem, nişan şəkilləri, obyektiv araşdırma materialları toplanmamışdır. Bu isə İXM-nin 135.1.6-cı maddəsində nəzərdə tutulan “halların hərtərəfli, tam və obyektiv araşdırılmaması” pozuntusunu yaradır. Buna görə də məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, EQ 31375785 saylı qərar inzibati xəta haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, X1 Azərbaycan Respublikası İXM-in 346.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X2 barəsində xx.xx.2025-ci il tarixli, EQ 31375785 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar