Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-121/2025 14.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Əşrəf oğlunun iştirakı ilə, xx.xx.1974-cü ildə Salyan rayonunda anadan olmuş, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 16, mənzil 35-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs idarə etdiyi “X1” minik markalı 77PL399 dövlət nömrə nişanlı avtomobillə inzibati xəta törətdiyinə görə inzibati qaydada cərimə olunmuşdur. Barəsində tərtib olunmuş EQ/22703130 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir. Bununla əlaqədar Salyan Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu qəbul etmir. “X1” minik markalı 77PL399 dövlət nömrə nişanlı avtomaşını dostuna kömək etmək məqsədi ilə “X2” MMC-dən lizinqə götürmüşdür. Həmin nəqliyyat vasitəsini idarə etmək üçün ona 20 günlük etibarnamə verilmişdir. Yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək. Həmin nəqliyyat vasitəsini 10-15 gün idarə etmişdir. Sonradan həmin nəqliyyat vasitəsini dostuna təhvil vermişdir. Sonradan nəqliyyat vasitəsini idarə etməsə də, etibarnamənin müddəti bitsə də, onun adına cərimələr gəlməyə başlamışdır. Bununla bağlı aidiyyəti orqanlara müraciətlər etsə də, nəticəsi olmamışdır. Lakin Binəqədi RPİ-dən adına verilmiş xx.xx.2024-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, “X1” minik markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobil “X2” MMC tərəfindən verilmiş yol vərəqəsinə (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) idarə etmə ona həvalə edildiyindən həmin tarixlərdə törədilən inzibati xətalar DİN Baş DYPİ-nin MİS-də adına rəsmiləşdirildiyi bildirilmişdir. Ona xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətə etibarnamə verilməsindən xəbəri olmamış və bu qanunsuzdur. Bununla bağlı DYP tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolların ləğv edilməsi barədə məhkəməyə şikayət vermişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olmuş inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Şəxs izahatını dinləyib, inzibati xəta haqqında materialları nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şəxs “X1” minik markalı, **-PL-*** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 18:12 radələrində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar ilə Şəxs İXM-nin 328.1 və 332.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs inzibati xəta haqqında iş üzrə həmin qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İş materiallarında olan “X2” MMC-nin Şəxs “X1” minik markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobili ölkə daxilində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək idarə etmək səlahiyyətinin verilməsi barədə etibarnamə verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi RPİ tərəfindən Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, “X1” minik markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobil “X2” MMC tərəfindən verilmiş yol vərəqəsinə (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) idarə etmə ona həvalə edildiyindən həmin tarixlərdə törədilən inzibati xətalar DİN Baş DYPİ-nin MİS-də Şəxs adına rəsmiləşdirildiyi bildirilmişdir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur və o, həmin inzibati xətanın törədilməsində təqsirlidir. İş materiallarından görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə DİN-nin BDYPİ-nin hesabına ödənilməli olan borcu ümumilikdə 640 manatdır. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hazırkı halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, o cümlədən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etməməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsaslanaraq, İXM-in 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-121/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-121/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver