Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-1211/2025 06.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, Salyan rayon Yol patrul xidməti baş inspektor polis baş leytenantı X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1997-ci il təvəllüdlü, Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Salyan şəhəri, 20 May küçəsi, ev 19-da qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Republikası DİN-nin Salyan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 01 noyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:00 radələrində “Vaz 21063 minik” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon Yol patrul xidməti baş inspektor polis baş leytenantı X2 protokolu müdafiə edərək qanuni qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özünü təqsirli bilir, maşının əyləci tutmadığı üçün qəza törətmişdir. Dəymiş ziyanı ödəməmiş və sığortasının vaxtı bitmişdir. Sürücülük vəsiqəsi məhdudlaşdırılmışdır. Həmin hadisə zamanı avtomobilə maddi ziyan dəysə də, heç bir bədən xəsarəti almamışlar. Müharibə veteranı olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə aralarında barışıq olmayıb. Hadisə zamanı avtomobillərə ziyan dəysə də, heç bir bədən xəsarəti almamışlar. Ona dəymiş 2000 manat ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; 01 noyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:00 radələrində “Vaz 21063 minik” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs Salyan rayon Polis Şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 22:00 radələrində atasına məxsus olan Vaz 2106 markalı, **-BT-*** avtomobillə Ələt-Astara yolunun 59-cu klometrində qarşısında gedən Cangan Uni-Z markalı **-QV-*** nömrəli avtomobilin sürücüsü dəmir yolun keçmək üçün sürətini azaldan zaman həmin avtomobilin arxa şüşəsi ilə toqquşacağını görüb sağa qaçırmış, lakin həmin avtomobilin qabaq buferinin sağ hissəsi ilə toqquşmuşdur. Sonradan onlar aşağı düşərək bir-birilə söhbət edib öz aralarında razılığa gəlmiş və polisə məlumat vermədən hadisə yerindən uzaqlaşmışlar. Sonradan YPX əməkdaşları onun yerini müəyyən edərək yaşadığı ünvana gəlmişlər. Hadisə yerindən uzaqlaşdığını bildirmiş və o da özü səmimi etiraf etmişdir. Bildirmişdir ki, həmin hadisə zamanı avtomobilə maddi ziyan dəysə də, heç bir bədən xəsarəti almamışlar. Zərərçəkmiş şəxs Salyan rayon Polis Şöbəsində verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 23:00 radələrində özünə məxsus Changan Uni-Z markalı avtomobil ** QV *** nömrəli avtomobililə Ələt-Astara yolunun 59 km Salyan şəhər istiqamətində hərəkətdə olarkən dəmiryoluna çatan zaman surətini azaltmışdır. Bu zaman arxadan gələn Vaz 2106 nömrəli avtomobilin sürücüsü avtomobili ilə toqquşacağını görüb sağa manevr etmişlər. Bu zaman onun avtomobilinin sağ hissəsindən keçərək avtomobilinin sağ hissəsinə toqquşdu. Hadisə zamanı avtomobillərə ziyan dəysə də, heç bir bədən xəsarəti almamışlar. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2715 nömrəli Sərənəcamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə, 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərənəcamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 332.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsi məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq məhkəmə onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinsin, barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-1211/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-1211/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver